DTX-nin həbs etdiyi nazir müavini kimdir? - DOSYE
08.05.2020

Az əvvəl məlumat verərək bildirdik ki, Mədəniyyət naziri Əbülfəs Qarayevin müavini Rafiq Bayramov saxlanılıb.

Qeyd edək ki, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları az öncə nazirlikdə əməliyyat keçirib.

Visiontv.az həbs olunduğu deyilən Rafiq Bayramovun dosyesini təqdim edir:

Fəxri mədəniyyət işçisi, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Rafiq Yasin oğlu Bayramov 10 noyabr 1972-ci il tarixində anadan olub. 1989-cu ildə Bakı şəhərinin 10 saylı orta ümumtəhsil məktəbini Fərqlənmə Medalı ilə bitirib, 1990-1995-ci illər ərzində Bakı Dövlət Universitetində təhsil almış, 1995-ci ildə BDU-nun tarix fakültəsini Fərqlənmə Diplomu ilə bitirmişdir. Ali təhsil ocağında oxuduğu müddətdə, BDU-nun "Tarixi tədqiqatlarda kompüterin və riyazi üsulların tətbiqi" elmi-tədqiqat laboratoriyasında laborant vəzifəsində işləyib, tarixi-tətbiqi araşdırmalarda iştirak edib və bir sıra elmi məqalələrin müəllifi olub. 1995-1997-ci illər ərzində ordu sıralarında – Azərbaycan Respublikasının Milli Qvardiyasında müddətli hərbi xidmətdə olub.

1998-1999-cu illər ərzində Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin Gənclər və İdman İdarəsində, 1999-2001-ci illərdə Bakı şəhəri İcra Hakimiyyətinin Aparatın ictimai-siyasi şöbəsində məsul vəzifələrdə işləyib. 2001-2003-ci illərdə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyində baş təlimatçı, 2003-2006-ci illərdə Gənclər, İdman və Turizm Nazirliyində nazirin köməkçisi vəzifələrində çalışıb. 2006-2014-cü illər ərzində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində nazirin köməkçisi vəzifəsində işləyib. 2014-cü ilin iyul ayından təyinatadək Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb. 2015-ci ilin yanvar ayından Mədəniyyət və Turizm Nazirliyində "Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası"na uyğun olaraq yaradılmış Müsabiqə Komissiyasının sədridir. Azərbaycan Respublikası prezidenti İlham Əliyevin 27 iyun 2018-ci ildə imzaladığı sərəncamla Mədəniyyət nazirinin müavini təyin olunub.

Ailəlidir, 3 övladı var.

1993-1998-ci illər ərzində qeyri-hökumət gənclər təşkilatlarında, Gənclər Təşkilatlarının Milli Şurasında fəaliyyət göstərib, yerli və beynəlxalq tədbirlərin, ümumrespublika və regional layihələrin həyata keçirilməsində fəal iştirak edib, bir sıra fəxri fərman və diplomlarla təltif olunub. 2011-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən "Dövlət qulluğunda fərqlənməyə görə" medalı, 2018-ci ildə isə Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi" medalı ilə təltif olunub.