Dövlət qulluqçularına qarşı tələbkarlıq yüksəlib-deputat Anar Məmmədov
23.06.2020

23 iyun - Azərbaycanda Dövlət Qulluqçularının peşə bayramı günüdür.

Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib. Bu əlamətdar tarix dövlət qulluqçularının cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi həyatındakı müstəsna roluna verilən ən yüksək qiymət olmaqla, məmurları dövlət quruculuğu prosesində daim fəal, əzmkar olmağa sövq edir.

Hazırda dövlət qulluqçularına qarşı tələbkarlıq yüksəlib, məmurların mənəvi saflığı, dövlətçiliyə sədaqəti, Vətənin mənafeyini hər şeydən üstün tutması əsas meyara çevrilib. Prezident İlham Əliyev dövlət qulluqçusunun vəzifəsinin nədən ibarət olduğunu dəqiq ifadə edərək deyib: “Mən xalq üçün işləyirəm, xalq üçün çalışıram, xalqa xidmət edirəm. Dəfələrlə demişəm ki, Prezident başda olmaqla, bütün məmurlar xalqın xidmətçiləridir. Bizim vəzifəmiz ondan ibarətdir ki, xalqa xidmət edək, xalqla birlikdə olaq, xalqın qayğıları ilə yaşayaq”.

Bu əlamətdar gün münasibətilə dövlət qulluğunda çalışan hər kəsi təbrik edir, ulu öndər Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan dövlətinin inkişafı naminə çətin və şərəfli fəaliyyətlərində uğurlar arzulayıram.

Visiontv.az