"Dövlət qulluğuna qəbul imtahanında bacarıq modelinə keçirik"
06.03.2023

“Dövlət qulluğuna qəbul imtahanı hər ay keçirilir. Qanunda da yazılıb ki, hər ay belə sertifikat əldə etmək üçün imtahanlar keçirilməlidir”.

Visiontv.az xəbər verir ki, bunu APA-ya müsahibəsində Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, sertifikat əldə edən kimsə gedib müsahibədən keçməyə bilər, ancaq elə həmin müsahibədə iştirak edən bir başqası müsahibədən keçir axı:

“Bir yer elan olunur, hamı da ora sənəd verir. Amma hansısa bir rayonda bir yer elan edilir, heç kim sənəd vermir, o yer boş qalır. Hamı özü üçün konkret nəzərdə tutduğu bir yer istəyir, elə-belə iş yeri axtarmır. Belə baxsaq, iş yeri kifayət qədərdir, müsahibələrdə iştirak edib harasa qəbul olmaq mümkündür. Hansısa nazirliklər, agentliklər elan verəndə konkret tələbləri olur. Müsahibə ilə bağlı elan verəndə o tələbləri də qeyd edirik. Müsahibədə iştirak etmək istəyənlər əvvəlcədən şərtlərlə tanış olub hazırlaşmalıdırlar.

Bu yaxınlarda Dövlət İmtahan Mərkəzinin bölgə mərkəzləri ilə bağlı elan vermişdik. Kifayət qədər sənəd verən var idi. Müsahibələrin aparılmasında özüm də iştirak edirdim. Bir şəxs gəldi, anket göstəriciləri çox yaxşı idi. Ona sual verdik ki, nəyə görə bizim Mərkəzi seçmisiniz, bizim saytımıza baxmısınızmı, nə işlə məşğul olduğumuzu bilirsinizmi? Məlum oldu ki, maraqlanmayıb. Müsahibəyə gəlib, amma nə işlə məşğul olduğumuzu bilmir. Soruşdum ki, bəs nəyə görə bizi seçmisiniz? Dedi ki, özüm seçməmişəm, işsizəm, başqa birinə həvalə etmişdim, o da harada elan varsa, anketimi ora göndərib. Biz bu adamı nə üçün işə götürməliyik? Kimsə deyir ki, iş axtarıram, maaş yüksək olsun, iş yeri rahat olsun, saat 9:00-dan 18:00-dək iş rejimi olsun, hərdən sərbəst gəlib-getmək imkanı versinlər, çünki yaradıcı insanam. O adam çətin ki, özünə iş tapa bilsin. Harasa sənəd verirsinizsə, müsahibələrə gəlməzdən əvvəl o idarə ilə maraqlanın, müsahibə ilə əlaqədar olan tələbləri öyrənin. Deyə bilmərəm ki, hamı belədir, amma bu cür məsuliyyətsiz yanaşanlar da var. Düzdür, müəyyən təşkilatlar var ki, onlar qərəzli yanaşırlar. Onların öz maraqları olur ki, kənardan heç kimi götürməsinlər, özlərində müqavilə ilə işləyən insanları götürsünlər. Bu prosesin qarşısını bir gündə almaq mümkün deyil. Beş ildir ki, bununla məşğul oluruq və yavaş-yavaş bu sahədə durulanma gedir”.

DİM sədri qeyd edib ki, indi imtahanı verib sertifikatı alan adam, misal üçün, qanunvericiliyi bilir, İT sahəsində bilikləri var, məntiqi təfəkkürü inkişaf edib, amma bacarıqları yoxlanmır:

“Təşkilatlar isə konkret olaraq bacarıqlı insanları axtarır. Ona görə də biz kompetensiya, bacarıq modelinə keçirik. İmtahan verib, sertifikat alıb, bu işə səthi yanaşanlar var, amma artıq imtahanı keçməkdə də çətinlik yaranacaq. Bu imtahanların nə vaxt olacağını hələ dəqiq deyə bilmərəm, indi bu, pilot layihədir, təxminən 2-3 ildən sonra reallaşa bilər. Nazirliklərlə, müxtəlif təşkilatlarla, ekspertlərlə birgə işləyirik. Ümumi konsensus əldə olunandan sonra bunu yuxarı orqanlara təqdim edəcəyik, orada müzakirə olunacaq. Sonra bununla bağlı qanunvericiliyə dəyişiklik ediləcək. Qanun qəbul olunandan sonra, təbii ki, biz buna keçəcəyik. Bu istiqamətdə hazırlıqla bağlı Avropa İttifaqı da bizə texniki dəstək verir, işlərimizi aparırıq. Bunun məqsədi odur ki, dövlət qulluğunda daha professional kadrlar işləsin”.