Dövlət məktəbləri dövlət dilində olmalıdır-professor Səlahəddin Xəlil
21.09.2020

- Rus dilində məktəblərə münasibətiniz?

- Rusca da olar, istənilən başqa dildə də. Sadəcə dövlət məktəbləri dövlət dilində olmalıdır.

2001-ci ildə Milli Məclisdə bu məsələnin müzakirəsi gedirdi. Xalq şairi Bəxtiyar Vahabzadə məsələ qaldırmışıdı ki, qanuna düzəliş verək və rus məktəbləri bağlansın.

Mən fərqli təklif verdim. Bağlansın deyə bilmərik, - dedim. Bütün icmalara öz dilində özəl məktəb açmaq ixtiyarı saxlansın, sadəcə dövlət məktəbləri dövlət dilində olsun. Yəni başqa dillərdəki məktəblərə dövlət maliyyələşməsi olmasın.
Mənim bu təklifimə qarşı alovlu çıxış edənləri də xatırlayıram... Çıxışlardan birində bu sözlər də səsləndi: Bəxtiyar Vahabzadə

"Gülüstan" poemasını yazanda siz hələ doğulmamışdınız.

Sual hansı dildə isə "məktəb olsunmu, olmasınmı" şəklində qoyulmamalıdır.

Söhbət ondan getməlidir ki, başqa dillər arasında tərəfkeşlik edilməsin. Bütün xarici dillərə eyni münasibət olsun.

Hansı isə xarici dildəki məktəblər dövlət büdcəsindən maliyyələşirsə, - bax, suallar bu zaman ortaya çıxır.

O ki qaldı, yerli xalqların dilində tədris məsələsinə, - başqa etnik qrupların çoxluq təşkil etdiyi bölgələrdə könüllülük əsasında yerli dilin və etnik mədəniyyətin öyrənilməsi üçün proqrama əlavə fənlər daxil edilə bilər. Amma həmin dillərdə ibtidai məktəb açılırsa, bunun perspektivini də düşünmək lazım gəlir. Bu Vətən övladları təhsilini sonrakı mərhələdə hansı dildə davam etdirəcədir?! İbtidai məktəbdən sonra orta məktəb, daha sonra universitet - azsaylı xalqlar üçün belə bir təminat vermək imkanı varmı? Dünyanın hansı ölkəsində belə bir təminat var?

Bəs onda bu etnik qrupları hansı perspektiv gözləyir? Rusdilli məktəblər və Rusiya perspektivimi?

Bunlar xüsusi məsələlrdir: Dövlət Təhlükəsizliyi prizmasından da araşdırılması vacib olan məsələlər. Daha Fasebook çərçivəsində deyil...

Amma araşdırılırmı?!

Visiontv.az