MEDİA-nın dəstəyi tələb olunan xərcin maksimum 10 faizini təşkil edir
MEDİA-nın dəstəyi tələb olunan xərcin maksimum 10 faizini təşkil edir
25.01.2022 MEDİA Tərəfindən

“Dövlət heç bir media subyektinin yaradılmasını sifariş vermir”

"İstənilən informasiyanın 3 tərəfi var. Bu tərəflərdən birincisi informasiyanın mənbəyidir. Jurnalistlər üçün əsas informasiya mənbəyi funksiyasını oynayan qurumlardan biri dövlət strukturlarıdır. Dövləti təmsil edən qurumlar jurnalistləri vaxtı vaxtında informasiya ilə təmin etməlidir. Bu baxımdan informasiyanın mənbəyi kimi çıxış edən Dövlət Gömrük Komitəsinin fəaliyyəti təqdir olunur".

Bu sözləri Medianın İnkişafı Agentliyinin (MEDİA ) şöbə müdiri Natiq Məmmədli  Dövlət Gömrük Komitəsinin və MEDİA-nın birgə təşkilatçılığı ilə keçirilən "Gömrük sistemində islahatlar: nəticələr, perspektivlər" təliminin bağlanış mərasimində çıxışı zamanı deyib. 

Natiq Məmmədli eyni zamanda belə bir fəaliyyətin digər dövlət qurumları üçün nümunə olduğunu qeyd edib:

"Artıq beşinci tədbirdir ki, keçirilir. Bu tədbirlərdə bizim 150-dən çox həmkarımız iştirak edib. Bu o deməkdir ki, Azərbaycan jurnalistləri ilkin mənbədən məlumat əldə etmək imkanı qazanıblar".

Şöbə müdiri daha sonra Medianın İnkişafı Agentliyinin media subyektləri üçün keçirdiyi müsabiqədən və onun qaliblərinə veriləcək dəstəkdən bəhs edib:
"55 media subyekti MEDİA-nın bu ilin birinci yarısı üçün dəstəyinə layiq görüldü. Bir nüansı xüsusən qeyd etmək istəyirəm. Azərbaycn dövləti medianın sponsoru deyil. Çox təəssüflər olsun ki, bizim bəzi həmkarlarımız belə başa düşürlər ki, onlar hər hansısa bir sayt yaradıblar və dövlət birmənalı şəkildə bunu dəstəkləməlidir. Dovlet heç bir media subyektinin yaradılmasını sifariş vermir. Dövlət Azərbaycanın informasiya mühitinin sağlamlaşdırılması, onun rəqabətə davamlılığının artırılması istiqamətində ictimai və dövlət maraqlarından  irəli gələn layihələr həyata keçirir. Media subyektləri də bu layihələrdən faydalanmalıdırlar. Bizim göstərdiyimiz dəstək hər hansısa bir media qurumunun fəaliyyət göstərməsi üçün tələb olunan xərcin maksimum 10 faizini təşkil edir".

Rupor