24.010.2019
Axtar
Gündəlik
alt

“DOST süfrəsi” adlı yeni AKSİYA

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən YENİ aksiya

İslam dünyasının sevimli aylarından biri olan müqəddəs Ramazan ayının gəlişi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mayın 6-da “DOST süfrəsi” adlı yeni nəcib aksiyaya başlayır.

 Visiontv.az xəbər verir ki, Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən  verilən məlumata görə, aksiya çərçivəsində bu müqəddəs ayın hər günündə həssas qruplardan olan bir qrup şəxsə iftar süfrəsinin açılması və onlarla iftar süfrəsinin bölüşülməsi nəzərdə tutulur. Məqsəd Ramazan ayının yüksək dəyərlərindən biri kimi iftar süfrəsini bölüşməklə mənəvi birlik, həmrəylik duyğularının, qarşılıqlı hörmət və mehribanlıq hisslərinin güclənməsinə töhfə verməkdir.

İlk “DOST süfrəsi” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mayın 6-da əlilliyi olan bir qrup şəxs üçün təşkil ediləcək. Sonrakı günlər üçün isə nazirlik estafeti “DOST süfrəsi” aksiyasına qoşulmaq istəyində olanlara, onlar isə digərlərinə ötürəcək.

Aksiyanı davam etdirəcək qurumlar və ya şəxslər bu barədə Facebook səhifəsində postlarını #dostsüfrəsi “hashtag”ı altında paylaşacaqlar.

Bundan əvvəl nazirliyin Novruz bayramı ilə əlaqədar martda təşkil etdiyi və Novruzun bayramlaşmaq kimi nəcib bir adətini özündə ifadə edən “DOST xonçası” kampaniyası ilk gündən geniş miqyas aldı. Aksiyaya qoşulan 150-dən çox təşkilat və tanınmış şəxs tənha yaşayan insanları, xüsusilə ahıl vətəndaşları, həssas qruplardan olan digər vətəndaşları “DOST xonçası” ilə evlərində ziyarət edərək onları sevindirib./azertag.az

 

Şərh