29.03.2020
Axtar
Gündəlik
alt

DİQQƏT! Bakıda satılan bu məhsullar xərçəng xəstəliyi yaradır

Əsasən səhər saatlarında küçələri, məhəllələri gəzib süd və süd məhsulları satan insanlar, yəqin ki, hər birimizin qarşısına çıxıb.

Visiontv.az AzTV-yə istinadla xəbər verir ki, səyyar satıcılar məhsullarını bazar qiymətindən daha ucuz təklif etdiyindən alıcı qıtlığı da yaşamırlar. Maraqlı olan məsələnin bu tərəfi deyil.

Maraqlısı odur ki, bu kimi məhsulların bir sıra - bruselyoz, vərəm, eləcə də bəzi törədicilərin insan orqanizminə daxil olaraq patoloji xəstəliklər yaratma ehtimalı var.

Məhsulların qablaşdırılmasının da standartlara uyğun olub-olmadığı sual altınadır. Əksər hallarda birdəfəlik qablardan dəfələrlə istifadə edilir. Bu isə orqanizmdə bir çox xəstəliklərin yaranmasına səbəb olur.

Mütəxəssislər belə məhsulları insan orqanizmi üçün təhlükə törədən məhsul kimi qiymətləndirirlər. Xüsusən də həmin süd və süd məhsullarının daşınması və saxlanılması zamanı temperatur rejimi gözlənilməzsə, süd isə tam qaynadılmadan istifadə edilərsə, xoşagəlməz məqamlarla rastlaşmaq qaçılmazdır.

Plastik qablarda saxlanılan süd məhsulları müəyyən müddət saxlandıqda kimyəvi maddələr qidaya keçir. İnsanlar da bu süd məhsullarından istifadə etdikdə bu kanserogen maddələr müxtəlif xərçəng xəstəliklərinə səbəb olur.

Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi deyir ki, kustar formada hazırlanan süd və süd məhsullarının istehlakı məqsədəuyğun deyil. Əgər vətəndaşların qablaşdırılmış məhsullara əlçatanlığı aşağıdırsa, o zaman diqqət yetirilməli bir sıra məqamlar var.

Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi Çiçək Süleymanova həmin məqamları açıqlayıb:

“Satıcıdan baytarlıq sənədlərini istəyə bilərlər. Əgər süd çəndə saxlanılırsa, temperatura fikir versinlər. 6 dərəcədən aşağı olmalıdır. Arzuolunandır ki, 4 dərəcə olsun. Alındıqdan sonra mütləq tam qaynadılmalıdır. Yalnız bundan sonra istehlak edilə bilər”.

Qaynama prosesi həm də ona görə vacibdir ki, prosesə düzgün əməl olunmadıqda südün tərkibindəki faydalı maddələr də məhv olur. Mütəxəssisin sözlərinə görə, südün qaynama temperaturu suyun qaynama temperaturundan yüksəkdir: yəni 100 dərəcədən yuxarı. Qaynama müddətinin isə 10 dəqiqədən 20 dəqiqəyə kimi davam etməsi məsləhətdir.

Odur ki, özünüzü müxtəlif xəstəliklərə yoluxma ehtimalından xilas etmək üçün qablaşdırılmış süd və süd məhsullarından istifadə daha məqsədəuyğundur.

Şərh