DİM 18-19 iyunda imtahan verəcək şagirdlərə müraciət edib
16.06.2020

Dövlət İmtahan Mərkəzi 18 və ya 19 iyun 2020-ci il tarixlərində imtahan verəcək şagirdlərə (abituriyentlərə) müraciət edib.

DİM-dən Visiontv.az-a verilən məlumata görə, imtahanda iştirak etməli olan şəxslər Mərkəzin saytından “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər.

16 iyun saat 17:00-a olan məlumata əsasən qeyd olunan tarixlərdə 9 və 11-ci siniflər üzrə buraxılış imtahanı verənlərin 98.4%-i, Azərbaycan dili imtahanı verənlərin 88%-i, 9‑cu sinif təhsil bazasından kolleclərə qəbul olmaq istəyənlərin isə 83.8%-i Mərkəzin saytında yerləşdirilən “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı” haqqında bəyannaməni çap edib.

18 və ya 19 iyun tarixlərində imtahan verəcək şəxslər DİM-in saytında yerləşdirilmiş müvafiq keçidlər vasitəsilə “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannaməni” çap edə bilərlər:

– 9 və ya 11-ci sinif üzrə buraxılış imtahanları;

– Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları;

– Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu (cari və və əvvəlki illər) və 11-ci sinif (cari) məzunları üçün Azərbaycan dili (dövlət dili) imtahanları.

Xatırladaq ki, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Şagirdlər (abituriyentlər) imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

-Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).