"Deputatların fəaliyyətinə qiymət vermək üçün bir müddət gözləmək lazımdır"-Müsahibə
03.06.2020

Milli Məclis yaz sessiyası başa çatdı. Yeni seçilən millət vəkillərinin ilk fəaliyyəti heç də sakit dönəmə düşmədi.

Dünyada olduğu kimi Azərbaycanda da Koronovirus Pandemiyası bütün sahələrdə çalışanlarla yanaşı millət vəkillərinin fəaliyyətində də ciddi problemlər yaratdı. Bəs bu çətin dönəmdə millət vəkillər necə fəaliyyət göstərdilər? Yaz sessiyasını necə başa vurdular? Seçiciləri onlardan razı qaldımı? Bu və ya digər sullarla millət vəkillərinə müraciət etdik. İlk müsahibimiz Milli Məclisin deputatı Ceyhun Məmmədovdur.
 

Ceyhun müəllim Prezidentin 100 gününü müzakirə edib qiymət verirlər. Bəs deputatlar üçün neçə gün lazımdır ki, fəaliyyətlərinə qiymət verilsin?

-         Bildiyiniz kim VI çağırış Milli Məclis deputatlarının fəaliyyəti pandemiya dövrünə təsadüf etdi. Ona görə hesab edirəm ki, bir müddət gözləməliyik. Hazırda deputatlar pandemiya ilə əlaqədar olaraq fəaliyyətlərini tam qura bilmirlər. Karantin rejiminin tətbiqi ilə bağlı məhdudiyyətlər tam aradan qalxdıqdan sonra məncə daha obyektiv qiymət verə bilərik.

Milli Məclisin yaz sessiyasının fəaliyyəti size qane etdimi?

-         Bəli qane etdi. Prezident İlham Əliyev ilk iclasda iştirak etdi, öz tövsiyələrini bildirdi. Strateji yol xəritəsini müəyyənləşdirdi. Parlamentin bu dövrdəki fəaliyyəti çox səmərəli oldu. Bir sıra islahatlar həyata keçirildi. Müxalifət və bitərəflər Parlamentin rəhbərliyində təmsil olundular. Parlamentdə xeyli gənc deputat, demokratik mühit, bütün deputatlara eyni yanaşma var. Hər kəs öz fikrini sərbəst ifadə edə bilir. Baxmayaraq ki, pandemiya ilə əlaqədar fəaliyyətdə müəyyən çətinliklər var idi.

Siz bir millət vəkili kimi yaz sessiyasında öz seçicilərinizin maraqlarını təmin edən və Milli Məclis tərəfindən qəbul edilən hər hansı bir qanun layihəsini misal çəkə bilərsiniz.-         Hesab edirəm bu dövrdə qəbul edilən qanunlar bütün respublika əhalisinin, o cümlədən bizim bölgə əhalisinin marağına uyğundur. Onu da qeyd edim ki, bu dövrdə bir sıra vacib qanunlar qəbul edilmişdir. Həm iqtisadiyyat, həm də digər sahələrlə bağlı. Eyni zamanda bir sıra strukturların hesabatları dinlənildi.

Özünüzü aktiv deputat sayırsınızmı və seçiciləriniz sizdən razı qaldımı?

-         Bu qiymətləndirməni seçicilər aparmalıdırlar. Bu müddətdə maksimum aktiv olmağa, insanlarımıza dəstək olmağa, hamının yanında olmağa çalışdıq. Hazırda bir sıra yeni plan və layihələr üzərində işləyirik. Çlalışırıq göstərilən etimadı doğruldaq. Hər şeyin daha yaxşı olacağına inanıram.

Visiontv.az