"Danışan "M-5" di"
"Danışan "M-5" di"
13.08.2022 MEDİA Tərəfindən

Dedektiv, casus oyunları mövzusunda çəkilmiş əksər filmlərin canında bir gizli mücrü, yaxud məxfi siqnal kodu var. Bu cür kodlaşdırılmış filmlər, adətən kəşfiyyat məktəblərində tədris proqramına salınır. Məzunlara verilmiş imtahan sualları da, adətən bu cür "tədris filmləri"ndən götürülür.

Azərbaycan kinomoroqrafının şah əsərindən biri-"Uzaq sahillərdə" filmi də, təbbii, belələrindən ancaq biridi.

Film, Heydər Əliyevin təkidi və birbaşa iştirakı ilə, Leninqraddakı 101 saylı Ali Kəşfiyyat məktəbinin tədris proqramına salınıb.

Filmin 43:35 dəqiqəsində xain Karantinin ağzından çıxan "Cənab Şults, "DANIŞAN "M-5"Dİ" parolu, bax bu cür məxfi informasiya yüklü, məzmunludu.

Əlaçı tələbə, bu kəlməni göydəcə tutub anındaca deşifrəməlidi.

Film nümayişindən sonra, öz qənaətlərini kağız üzərinə təxminən bax bu cür köçürtməliydi: "2-ci Dünya müharibəsi zamanı İtalyanın Triyest şəhəri, ərazisindəki nəhəng neftayırma müəssəsinə görə, strateji əhəmiyyətliydi. Əksər dünya kəşfiyyatları, burda özünə rezident mərkəzləri qurmuşdu. Filmin antiqəhrəmanı-xain Karanti, belələrindəndi. İkili cacusdu. Həm almanlara işləyir, həm də Britaniya kraliçasına. Dəqiq desək, ingilislərin M-5 kəşfiyyatına. Almanlardan öyrəndiiklərini qırmızı partizanlara ötütürür, kommunistlərdən bildiklərini isə hitlerçilərə. Yaranmış bulanıq suda öz qızıl balığını tutur. Mehdinin əsas tapşırığı bu ikili casusu tapıb o neftayırma müəssəsi ilə birgə havaya uçurtmaqdı. Filmin 43-35 dəqiqəsindəki “DANIŞAN M-5” kodunda, məhz bu informasiya şifrələnib”.

Düzü, mən, bu kodu deşifrələməklə kifayətlənməzdim. Vallah, mən, yekə bir hekayə yazardım bu mövzuda. Necə ki, yazmışam. Tanış olun bu hekayə ilə.

Süjetin tamı məhz bu hekayədədir.

MEHDİ

Bilmirəm ötən il idi, yoxsa inişil…

Köhnə televizorumun batıq, nasaz düyməsini var gücümlə irəli basdım- hə, bu yaxşı yadımdadı…Düymə nasazdı deyə ilk cəhdlərim uğursuz alıındı. Gərək düyməni bir də içəri basıb barmağımı bir müddət üzərində saxlayardım. Neynək. Bunu da təkrarladım. Xeyri yoxdu. Axır acıqlanıb lap cin atına mindim elə bil.

Dədə-baba yolunu seçib bir-iki yumruğ ilişdirdim televizorumuzun təpəsinə. Əclaf sanki, buna bəndmiş. Bir saniyə keçdi aradan…iki saniyə…Nəhayət ekranda bir Hollivud kinofilmi canlandı. Əvvəlcə təəccüblü heç nə yox idi izlədiyim bu filmdə…Sadə, adi kriminal film idi, vəssəlam. Belələrindən necə deyərlər itinətök çoxdu bizim indiki özəl telekanalların mavi, sapıq ekranlarında. Qəfildən içimdə nəysə oyandı… gözlərim hədəqəsindən çıxıb yapışdı ekrana…Ordakı hadisələr 74 saylı binada baş verirdi…Mənzilin nömrəsi 69 idi…

Bu isə, vayvayvayyyy…gözlərimə inanmırdım… eynən bizim ev ünvanımız idi axı…

***

Okeanın o tayında, eyni ünvanda baş verən hadisələr mənə çox yad göründü, düzü. Bilinmirdi bu filmin qəhrəmanı kimdi-insanlardı, yoxsa ki, küçələrdə daim partlayan, hündür körpülərdən aşan yekə, heyvərə avtomobillər. Nəysə…peşman oldum televizorun başına qapaz vurmağıma. Bildim ki, Amerikadakı həyat- narkomafiya üzvləri arasında atışmalar, polis zorakarlığı, striptizçi qızcığazın muncuq-muncuq göz yaşları və s.i. və ilaxır qəti mənlik deyil. Xəyallarımda Amerika ilə xudafizləşib qayıtdım Bakıdakı doğma ünvanıma. Girdim nəm qoxulu qaranlıq yaşayış blokumuza. Amerikadakından fərqli olaraq burda səyyar narkotik, pitsa alverçiləri deyil, vaxtiylə SSRİ-yə sığınmış siyasi mühacir ailələri yaşayır. Üstümüzdəkilər, bizim kimi İrandan gəlmə Yusifkənan ailəsidir, altımızdakılar, ərdəbilli Gəncəmehr nəsli.

Yeddinci mərtəbədəki dəmir qapıya qızıl suyla yazılmış Yusifkənan soyadı, blokumuza əməlli-başlı bədii məzmun verib. Adama hərdən elə gəlir ki, bu doqquz mərtəbəli blok nağılların dərin Yusif quyusudur. Sakinləri isə, belə deyək, bu quyuda öz Yusif taleyini yaşayan qərib insanlar. O cür qərib Yusiflərdən biri də, uzaq İndoneziyadan SSRİ-yə pənah gətirmiş püstəgöz Albert Xandramortono idi. Vaxtiylə Neft Akademiyasında, AZİ-da müəllimlik edən zəmanəmizin bu Yusifi barəsində heç kim indiyədək dəqiq bir söz deyə bilmir. Yazığın, yadımdadı arvadı rus idi. İki balaca qızı vardı. Etibarlı adamdı. Sovet vaxtları, yadımdadı, poçt qutumuzdan həmişə abunə qəzetlər itərdi. İndoneziyalı Yusif bunu bilincə bizə müraciət etdi:

– Poçt qutunuzu mənə etibar edin. Köhnə yerindən çıxarın. Asın bizim qapı tərəfdə. Nəticəsini görəcəksiz.

Xandromortononun ağzı falmış. Poçt qutumuzun yerini dəyişincə, gözümüz aydın, itkilərimiz bitdi. Qiraət mədəniyyətimizi bərpa edib Xandramortononun atasına rəhmət oxuduq.

Yazığı deyəsən elə sovet hakimiyyətinin yeli, əli qoruyurmuş. Müstəqilliyimizin ilk günlərində, yaxşı yadımdadı, bu İndoneziya kommunistinin hər iki qızını Zağulba çimərliyində tutub vəhşicəsinə zorladılar. İndoneziyalı Yusif sonra day burda çox qalmadı. Qayıtdı uzaq doğma vətəninə. Bu dəfə orda özünə bizlərdən siyasi sığınacaq istədi.

Poçt qutumuzun təzədən qara günləri başladı. O vaxtan indiyədək həm poçt qutumuzdan, həm qəzetlərdən məhrumam.

***

Yusif quyusu, yadda saxlayın, nazlı-işvəli Züleyxasız olmur. Bizim Züleyxamız, düz sözümdü, bilirsiz kim idi, hə?- universitetlərin birində kimya müəlliməsi işləyən Ədilə xanım. Atam rəhmətlik, bilmirəm nədənsə bu ağmaya qadını kimyaçı yox…kimyagər adlandırardı. Çalışardı söhbət zamanı gözləri bu xanımın baxışlarıyla toqquşmasın. Kişi təcrübəliydi axı. Bilirdi, Adilənin gözləri dinamit fitilidi. Alışdımı, vəssəlam… bir göz qırpımında bütün ətrafını, içi biz qarışıq, partladıb göyə sovuracaq.

Yəqin hamı razılaşar- məhlənin Yusifi sözsüz ki, məndim. Firionu isə, qapı qonşumuz ağbaş Atayev Süleyman…Onun Dərnəgüldə çayxana saxlamağına, necə deyərlər “aidiyyatlı qurumlar” hələ sovet vaxtlarından həmişə göz yumardılar. Qısası, sudan həmişə quru çıxırdı bu növbəti firion. Pulunu balta kəsməzdi. Yekəbaşdı. Qarşısındakıları adam yerinə qoymazdı adətən.

Bir gün görəndə ki, bu varlı, nazlı-qozlu kişi, ailə üzvlərini də səfərbər edərək zibillikdə eşələnir, vallah gözlərimə inanmadım əvvəlcə. Müəmmanı qardaşım Əli anlatdı mənə:

– Süleyman kişi dünən kefliymiş. Pulunu götürüb qəzetə bükdüyünü unudub. Götürüb atıb zibilliyə.

– İndi də zibillikdən ayrıla bilmir. – anam da gəlib qoşuldu söhbətimizə. Üçümüz də pencərə önündə donub başladıq zibilliyə ilişmiş Atayev ailəsini güdməyə.

Mənzərə, Çarli Çaplin dövrünün lal kinomotoqrafını xatırladırdı. Adətən zibillikdə həmişə eşələnən peşəkar dilənçilər bu dəfə kənarda dayanıb susurdular. Süleyman kişi onları yaxına buraxmırdı.

– İşinizdə olun. Pulu özüm tapacam.

Varlı insanın taleyin hökmüylə bir göz qırpımında zibilçiyə çevrilməyi, day nə deyim, çox ibratəmiz bir hadisə idi mənimçün. Dilənçilər, hərdən sükutu pozub Süleymana öz məsləhətlərini verirdilər ki, zibili necə axtarsın, haralara fikir versin.

– Ay Süleyman…Bura bax bir… Zibillik bizlikdi, sənlik deyil. Çıx ordan. Pulunu biz taparıq. Bircə əlin cibində olsun.

Mənzərənin dramatikliyini, sirrini rəhmətlik atamın qəfil şərhi daha da artırdı:

– Süleyman kişi, Tehrandakı sovet səfirliyində vaxtiylə zibilçi işlədiyini deyəsən hələ də unuda bilmir…Allah köməyi olsun…Pulunu tapacaq…Tehranda bir dəfə zibilliyə səfirliyin gizli sənədləri atılmışdı…Süleyman o vaxt mərkəzi şəhər zibilliyində bir-iki gün eşələndi, vəssəlam. Sənədləri tapdı axır. Gətirdi geri. Təcrübəsi var…Darıxmayın. Pulunu tapacaq.

***

Süleyman kişi, gözlərimiz önündə bu qədər kiçilməyini özünə uzun müddət bağışlamadı. Əvvəlki yekəbaşlığı, qüruru qaldı keçmişdə. Qərara gəldi bizlərlə sız təmasa keçsin. Novruz günlərində qapımıza pay göndərməyi unutmadı. Sonra bir az da ürəklənib, ailə üzvlərimiz içindən söhbətçün əvvəlcə məni seçdi. Söhbətin mövzusunu seçmək isə… bəli, mən görürdüm, əvvəlcə xeyli çətin oldu bu yaşlı kişiyə. Futboldan danışdı mənlə… gördü fikrim başqa yerdədi. Ovçulardan danışmağa başladı…gördü milçək vızıltısı kimi baxıram bu mövzuya…Axırda naçar qalıb öz əsas sirrini açdı mənə. Bəlli oldu ki, müharibə vaxtı Süleyman kişi almanlara əsir düşüb. Bir müddət məşhur Mehdi Hüsenzadə ilə birlikdə faşistlərlə vuruşub. Kinotetr-filan partladıb uzaq sahillərdəki Triest şəhərində.

Həəə…bu dəfə başımı oxuduğum məcara kitabından təmbəl-təmbəl ayırdım. Bir başqa, tam fərqli nəzərlə Süleyman kişini altdan yuxarı yaxşı-yaxşı bir süzdüm özümçün. Sonra qapıya söykənmiş gözəl xanımına baxıb, xəfifcə gülümsədim.

Süleymanın arvadı Anjela xanım təmiz italyan gözəliydi. Qızı Ofelya, Dövlət arxivində nəysə məxfi bir işdə çalışırdı. İkisi də növbəti Züleyxa olmağa tam hazır idilər mənimçün. Gözləri \alovlanıb hədəqəsindən çıxmışdı hər ikisinin. Olmuşdu nəlbəki yekəlikdə.

– Kinoteatr partlatmağı mənə də öyrədin. Borclu qalmaram sizə.

Cümləmin əvvəlini Süleymana, axırını qızı Ofelyaya ünvanladım. Gördüm Ofelyanın gözəl çöhrəsi göz görə-görə necə qızarıb alovlandı.

Küçədə ayazlı, şaxtalı qış gecəsi. Ay nuruna qərq olmuş ağacların bir tərəfi qarlıdı, digər tərəfi quru. İçəridə isti sobanın xoş həniri. Özü də əvvəlcə bilmək olmur bu istinin, bu hərarətin mənbəyi içəridəki sobadır, yoxsa böyrümdəki gözəl xanımlar…

Nəysə…isti xanımlarla isti soba arasında axıracan elə bir fərq hiss etmədən durub gəldim qonşumuzgilə. Ağ süfrə, yelkən kimi açılıb masa üzərinə qondu. Bir mövzu digəriylə əvəzləndi. Süfrəni milli italyan mətbəxi bəzədi.

– Yaxşı, yeməyiniz əladı. Bəs kinoteatr partlatmağı nə vaxt öyrədirsiz mənə?

Süleyman kişi iştahla yediyi paytaxt salatını yarımçıq buraxıb təəccüblə mənə baxdı. Sualıma sualla cavab qaytardı:

– Bir də bax Mehdi Hüseynzadə barədəki “Uzaq sahillərdə” filminə. Filmdə kimsənin tutmadığı incə bir məqam mövcuddu…Tapdınmı bu sirri, sözümüz sözdü, sənə öz sirrimi də açacam. Dünyada bircə kinotetr belə sağ-salamat qalmayacaq, görərsən. Hamısını partladacaqsan.

Süfrə arxasında əyləşənlərin gözü bir nöqtədə-mənim sifətimdə cəmləndi. Hamı başladı bir ağızdan gülməyə. Futbol şərhçilərinin diliylə danışsaq, top mənə ötürülmüşdü. Qalırdı indi bu topla rəqib meydançasına girmək. Sərrast bir zərbəylə topu qapıdan keçirmək.

***

Necə deyərlər “həmin dalğa…həmin koordionat…altı nəticəsiz əməliyyat, iyirmi itki”…Başladım AZTV-ni güdməyə. İstəyirdim biləm nə vaxt bu filmi yenidən mavi ekranlara buraxacaqlar. Yaxşı ki, köməyimə Sülüyman kişinin qızı Ofelya özü gəldi:

– Sabahları filmi göstərəcəklər. Kinoteatrların dünyada qalıb-qalmamaq taleyi bax haaa, indi səndən asılıdır.

Köhnə televizorumuzun batıq, nasaz düyməsini var gücümlə irəli basdım- hə, bu yaxşı yadımdadı…Düymə nasazdı deyə ilk cəhdlərim uğursuz alıındı. Gərək düyməni bir də içəri basıb barmağımı bir müddət üzərində saxlayardım. Neynək. Bunu da təkrarladım. Xeyri yoxdu. Bizdə, bütün qərb texnologiyaları çox qısa zaman kəsiyi ərzində öz standartını itirir. Milliləşib başlayır elə bizə oxşamağa, bizim dildə danışmağa. Axır acıqlanıb lap cin atına mindim elə bil. Dədə-baba yolunu seçib bir-iki yumruğ ilişdirdim televizorumuzun təpəsinə. Əclaf sanki, buna bəndmiş. Bir saniyə keçdi aradan…iki saniyə…Nəhayət ekranda “Uzaq sahillərdə” kinofilminin tanış kadrları canlandı. Əvvəlcə təəccüblü heç nə yox idi izlədiyim bu filmdə…Heç nə…Köhnə hamam, köhnə tas…

Ancaq, qəfildən rəngim-rufum ağardı elə bilginən. Filmin 43-cü dəqiqəsində xain Karantinin, telefon dəstəyini əlinə götürüb alman gərargahına zəngi diqqətimdən yayınmadı:

– Cənab Şults, danışan “M-5”-dir. Əmr verin Via Qeyqo məhəlləsi mühasirəyə alınsın…Mixaylo ordadır.

Hə…axtardığım kələfin ucu, eşitdiyim bu müəmmalı cümlələrdəydi yəqin ki. Uşaq olsam da, çox sayda qalın kitabları oxumuşdum. Bilirdim ki, “M-5” Britanya kəşfiyyatının adıdır…

Filmin ardına baxmağa artıq heç bir lüzum qalmamışdı mənimçün. Cəld bizim bu Yusif quyusuna atıldım. Qarşımda Atayevlərin meşin üzlü qapısıydı. Yoxladım…bəxtimə bir bax…qapı açıqdı. Dəstəyi aşağı əyərək qapını necə səssizcə aralayıb içəri daxil olmağımı indiyədək unuda bilmirəm.

Atayevlər ailəsi hamılıqla ekran ətrafında yığılıb “Uzaq sahillərdə” filminə tamaşa edirdilər. Sakitcə gəlib masa arxasında köhnə yerimdə əyləşdim. Atayevlər televizora baxırdılar, mən isə bu ailənin məişətinə. Bahalı çərçivələrdəki şəkillər, bir başqa filmin donmuş kadrlarını xatırlatdı mənə. Xəyallarımda o donuq kadrları canlandırdım elə bil. Başladım hadisələrin gərgin cərəyanını izləməyə. Şəklin süjeti orta əsr italyan həyatındanıydı. Diz çöküb tövbə edən bir qadın təsviri vardı orda.

Ekranda “Filmin sonu” yazısı görsəndi axır. Ancaq evdəkilər hələ də filmin təsiri altındaydılar. Süleyman, day bilmədim, özünü alçaq Mazelli sifətində görürdü, yaxud satqın Karanti simasında. Arvadı Anjela filmə baxarkən, sözsüz, Anjelika taleyini yaşayırdı…Ofelya, məncə biganə idi bütün bunlara. Mənim burdakı varlığımı da ilk olaraq elə o, duydu.

– Vay…Həmid gəlib…bizim də xəbərimiz yoxdu bayaqdan…

Təqdimatım əlaydı. Elə bil Mehdi özü gəlib girmişdi bura. Tapancasını Süleymanın gicgahına dirəmişdi.

– Filmin sirri, cənab Karanti, “Danışan M-5”-dir ifadəsindədir, biləsiz… Bu, ingilis kəşfiyyatının adıdır.

Evdəkilərin təəcübünü görüb keçdim məsələnin izahına:

– O vaxt Triyestdəki “M-5” Britaniya kəşfiyyatı görünür çox ağıllıydı. Partizanların sirrini faşistlərə ötürürdü, faşistlərin sirrini partizanlara. Beləcə düşmənlərini bir-birinə qırdırıb bulanıq suda balıq tuturdu. Mehdi bu oyuna son qoyur. Faşistlərlə kommunistlərin vahid qənimini cəhənnəmə vasil edir.

– Siz necə də cəldsiz, cənab zabit. – Anjela, filmdəki bu yaddaqalan ifadəni bir də təkrarlamağı özünə borc bildi bu vaxt. Sonra, gülə-gülə ərinə tərəf boylandı.

– Mehdinin özüdür elə bil, Anjela, həə? O da sakitcə evlərə daxil olmağı sevərdi…

– Hə…bunu mən də hiss etdim. Bayaqdan elə bilirəm ki, Mehdi aramızdadır.

Kəfkirli saatın zəngi də bu vaxt dirilib söhbətimizə qoşuldu bir ara. Nəysə…çox qəribə anlar yaşadım o zaman.

Süleyman kişi, ağlamsıyıb göz yaşlarını gizlətməyə çalışdı elə bil. Sonra səsini arıdıb dedi:

– Triyesdə məşhur nəhəng neftayırma zavodu var. Onu bir dəfə Mehdiylə partlatmışdıq…

***

Sonralar mən Atayevlərin qapısını həmişə bağlı gördüm. Dəfələrlə qapını taqqıldatdım, qulağımı qapıya sıxıb Ofelyanı çağırdım, noolsun? Evdə kimsə yox idi. Atayevlər bizim bu Yusif quyusundan yuxarı dırmanıb İtalyaya qayıtmışdılar. 1970-ci il idi deyəsən. O vaxt qəzetlərdən Triyestdəki bir təzə partlayış barəsində də növbəti xəbər eşitdim.

Partlayışın səbəkarı kimi məşhur Əlcazair terrorçusu Məhəmməd Budia göstərilirdi. Hədəf eyniydi-neftayırma zavodu. Əlcazair terrorçusu, yaxud bizim Süleyman kişi, zavodu 20 kilo dinamitin köməyi ilə havaya sovurmuş, 250 min ton yanar nefti küçərə tökmşüdülər. Ziyanın dəyəri 3 milyon dollardan çox sayılırdı. Çox-çox sonralar partlayışın səbəbi mənə aydın oldu. O vaxt bu zavod, İran şahıyla İsrailin birgə təsis etdiyi “Asian Petrol” şirkətinə tabeymiş. İran kommunistləri fələstinlilərlə birləşib onu havaya uçurdublarmış. Partlayış barədə xəbər alınca gözlərim qarşısında Süleyman kişinin tanış sifəti canlandı. 1944-cü ildə o, Mehdiylə birgə məhz bu ünvanda dünyanı silkələmişdi.

Sonra 1970-də bu qəhrəmanlığını yenidən təkrarlamışdı.

Həmid Herisçi

visiontv.az