Çexiyada keçirilən parlament seçkilərinin nəticələri ölkənin siyasi mənzərəsində mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir. Seçkilərdə ANO hərəkatı 34,7 faiz səs toplayaraq birinci yerə çıxıb və parlamentdə 81 mandat əldə edib. İkinci yerdə Spolu koalisiyası (23,2 faiz, 52 mandat), üçüncü yerdə isə STAN partiyası (11,1 faiz, 22 mandat) qərarlaşıb. Liberal Piráti 8,85 faiz (17 mandat), sağ-populist SPD 7,82 faiz (15 mandat), yeni yaranmış Motoristé hərəkatı isə 6,79 faiz (13 mandat) səs qazanaraq parlamentə daxil olublar.
Seçici fəallığının 68,9 faizə çatması Çex cəmiyyətində siyasi aktivliyin və dəyişiklik gözləntilərinin hələ də yüksək olduğunu göstərir. Lakin bu dəyişikliklər yönlü deyil, parçalanmış şəkildə ifadə olunur. Nəticə etibarilə, bu seçlilərdən sonra Çexiya parlamentində çoxqütblü və ziddiyyətli bir struktur qazanıb — bu isə sabit hökumət qurmaq prosesini çətinləşdirir.
Bəs partiyalar hansı birlikləri yarada bilərlər?
ANO–SPD–Motoristé üçlüyü (109 mandat) görünür. Bu koalisiya ideoloji baxımdan sağ-populist xətti gücləndirə bilər. Lakin belə bir hökumət Avropa İttifaqı ilə münasibətlərdə gərginlik riskini də artıracaq.
Alternativ variant kimi ANO-nun azlıq hökuməti formalaşdırması mümkündür. Bu halda hökumət konkret qanun layihələrinə görə fərqli partiyaların dəstəyinə arxalanmalı olacaq. Çexiya siyasi təcrübəsində belə azlıq modelləri əvvəllər də tətbiq edilib, lakin bu, davamlı idarəetməni təmin etmir.
Spolu–STAN–Piráti bloku isə 91 mandatla çoxluğa çata bilmir. Onların ANO ilə böyük koalisiya yaratması riyazi baxımdan mümkün olsa da, siyasi ziddiyyətlər və seçici bazasının reaksiyası bu variantı az ehtimallı edir.
Çexiyada seçkilərin nəticələri göstərdi ki, cəmiyyət sabitlik istəsə də, bu sabitliyi təmin edə biləcək vahid siyasi platforma yoxdur. ANO liderliyindəki potensial hökumət ölkəni iqtisadi baxımdan idarə edə bilsə də, ideoloji parçalanma və koalisiya münaqişələri uzunmüddətli sabitliyə mane ola bilər.
Bu seçkilər, həmçinin Mərkəzi Avropada populizmin yeni mərhələsinə işarədir — seçicilər köhnə elitalardan uzaqlaşır, amma yeni alternativlərə tam etimad göstərmirlər. Nəticədə, Çexiyanın qarşısında duran əsas məsələ — populizm ilə institusional sabitlik arasında balansı tapmaqdır.
Çexiyada keçirilən 2025-ci il parlament seçkiləri Avropa siyasətində davam edən tendensiyanı – populizmin, siyasi parçalanmanın və institusional qeyri-sabitliyin yeni mərhələsini təsdiqlədi. Praqada formalaşacaq yeni hökumət Avropa İttifaqı ilə münasibətlərdə daha tənqidi, lakin iqtisadi baxımdan praqmatik kursa üstünlük verəcək. Bu proseslər təkcə Çexiya üçün deyil, bütövlükdə Mərkəzi Avropa siyasi dinamikası üçün də yönverici əhəmiyyət daşıyır.
Zaur Məmmədov
visiontv.az