Cazibə mərkəzi: “Turana qılıncdan daha kəskin, ulu qüvvət”...
Cazibə mərkəzi: “Turana qılıncdan daha kəskin, ulu qüvvət”...
22.06.2022 Əkbər Qoşalı Tərəfindən

Azərbaycan Prezidenti İlham Əliyev 21 iyundan etibarən Özbəkistana dövlət səfərindədir. Bundan öncə ölkəmizin inzibati-siyasi (Bakı) və mədəniyyət (Şuşa) paytaxtında IX Qlobal Bakı Forumu baş tutdu; Prezident həmin Forumun açılışında tarixi nitq söylədi, beynəlxalq ictimaiyyətə önəmli ismarıclar verdi.

Habelə, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisi və Parlamentlərarası İttifaqın (IPU) birgə təşkilatçılığı əsasında 20-21 iyunda İstanbulda keçirilən Qlobal Parlament Konfransında iştirak etdi. Rusiyanın Sankt-Peterburq şəhərində isə regional kommunikasiyaların açılması üzrə (Azərbaycan, Ermənistan, Rusiya) Üçtərəfli İşçi Qrupun iclası keçirildi. İyunun 21-nə aid olan başqa bir görüş də Dövlət Gömrük Komitəsində İranın Hüquq Mühafizə Qüvvələri Komandanlığının Narkotiklərlə Mübarizə Polisinin nümayəndələri ilə keçirildi. Beləliklə, Azərbaycan bölgənin cazibə mərkəzi olaraq, ikitərəfli, çoxtərəli görüş və müzakirə masalarında iştirak edir. Yalnız bir bölümünü yazdığımız müxtəlif səviyyəli görüşlər, səfərlər, konfranslar Azərbaycanın Qafqazlarda, Türk dünyasında, Avrasiyada özünəməxsus yer və rolunu ifadə etməkdədir. Bu, Azərbaycan dövlətinin ali zirvəsinin, şəxsən Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasətin təntənəsidir.

Dövlət başçımız qardaş ölkədə

Azərbaycan Prezidenti zəngin proqramla Özbəkistana dövlət səfərindədir və İlham Əliyev də, Şavkat Mirziyoyev də bu səfəri tarixi səfər kimi xarakterizə edir. Qardaş ölkədə bu səfərə verilən böyük önəm, dövlət başçılarının səmimi münasibəti – dostluq və qardaşlığı, səfər çərçivəsində imzalanmış sənədlərin əhatəsi səfərin ikitərəfli münasibətlərin inkişafında həqiqətən tarixi önəm daşıdığını parlaq şəkildə nümayiş etdirir.

Qardaş ölkə paytaxtında iki ölkə arasında 20-dək sənəd imzalandı. Səfər zamanı imzalanmış sənədlər çox önəmlidir və iki qardaş ölkə arasında strateji tərəfdaşlığı təsbit və təsdiq edir, keyfiyyətcə yeni mərhələyə yüksəldir. – “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə” bu hüquq yüksəkliyini, qardaşlıq zirvəsini ifadə edir.

Prezidentlərin birgə Bəyanatı strateji tərəfdaşlığın dərinləşdirilməsi və inkişafı yönündə atılan addımların ali ifadəsidir. – Dövlətlərarası işbirliyinin inkişafını dövlət başçılarının şəxsi diqqətdə saxlayacaqlarını bəyan etmələri bu ifadəliliyin təntənəsidir.

Təvafüqlüyə baxın ki, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri Ümummilli lider Heydər Əliyevin Özbəkistana səfərinin 25-ci ildönümündə baş tutur. Qardaş ölkənin paytaxtı Daşkənd şəhərində Heydər Əliyev Meydanının açılışı qardaş ölkədə Azərbaycan xalqına, ölkəmizin dövlətçilik irsinə böyük sayğının olduğunu nümayiş etdirir. Daşkənddə illər öncədən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi böyük uğurla fəaliyyət göstərir. Nüfuzlu Daşkənd Dövlət Pedaqoji Universiteti isə hələ Sovet illərindən Nizami Gəncəvinin adını daşıyır və universitetin qarşısında Gəncəli dahinin büstü qoyulub.

Özbəkistanın, demək olar, bütün böyük universitetlərində Azərbaycan dövlət, mədəniyyət, incəsənət xadimlərinin adına mərkəzlər açılıb. Əlbəttə, Azərbaycanda da Nəvainin adı, Özbəkistanın tarixi, mədəni və dövlətçilik irsi əziz tutulur. Nəvainin əzəmətli heykəli paytaxt Bakıya yaraşıq verən abidələrdəndir. Xatırladaq ki, AMEA Ədəbiyyat İnstitutunda “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr şöbəsi” və Nəvai Mərkəzi fəaliyyət göstərir.

Mən də bu yazımda Azərbaycanla Özbəkistan arasında imzalanan yeni anlaşmalardan, dövlət başçımızın səfərinin yüksək səviyyədə keçməsindən ilhamlanaraq, iki ölkə arasındakı ədəbi-mədəni əlaqələrin dünəninə, bugün və gələcəyinə dair yığcam fikirlərimi bölüşmək istərdim:

“Turana qılıncdan daha kəskin, ulu qüvvət”...

Azərbaycanla Özbəkistan qardaş, dost ölkələrdir. Qardaşlıq dostluq həm xalq, həm dövlət səviyyəsində olanda ayrı bir gözəllik təcalla edir: bizim dövlətlərimiz xalqlarımızın, xalqlarımız dövlətlərimizin arzularının ifadəçisi, tərənnümçüsüdür. Qardaşlığımız qədimdən başlanğıc götürüb – biz eyni soy-kökdən, eyni mədəniyyətdən gəlirik. Biz ortaq keçmişdən ortaq gələcəyə gedirik.

Özəlliklə, Nəvainin Gəncəli Nizami irsinə yüksək münasibəti bizimçün bu gün də minnətdarlıq mövzusudur. Nəvaidən sonra gələn qüdrətli Azərbaycan şairləri də, (necə deyərlər) öz növbələrində, inersik bir vəfa borcu nümayiş etdirərək Nəvainin irsinə biganə qalmayıb.

Ötən il 880-ci illiyi dövlət səviyyəsində qeyd olunan Nizami Gəncəvinin, ötən il 580 illiyi dövlət səviyyəsində qeyd olunan Əlişir Nəvaiyə təsiri, başqa sözlə, Nəvainin Nizamini öz ustadı bilməsi, onun yolunu davam və inkişaf etdirərək (türkcə) “Xəmsə” yaratması söz və öz qardaşlığımızın altun səhifəsidir.

Nə xoşdur ki, 2021-ci il – “Nizami İli”ndə Nəvainin ölkəsində Gəncəli dahinin əsərlərinin orijinaldan özbəkcəyə çevrilməsi işi başa çatdırıldı və ustad Camal Kamalın çevirdiyi “Xəmsə” özbəkcə kamal şəkildə nəşr olundu. “Xəmsə”nin Azərbaycanın və Özbəkistanın nizamişünas alimlərinin, tərcüməçilərinin iştirakı ilə Daşkənddə və (25.11.2021-ci ildə Nizami Gəncəvi Beynəlxalq Forumu çərçivəsində) Bakıda təqdimatı keçirildi. Bu vacib layihəni Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi icra edib. Yeri gəlmişkən, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi “Nizami Gəncəvi İli”nə yekun vuraraq, Ə.Nəvai adına Özbəkistan Milli Kitabxanası başda olmaqla, qardaş ölkənin önəmli kitabxanalarına Nizami Gəncəvi və Əlişir Nəvai irsi ilə bağlı, eləcə də Azərbaycan tarixi və ədəbiyyatına dair zəngin kitab kolleksiyası hədiyyə edib. Bundan başqa, özbək dilinə çevrilmiş Azərbaycan poeziyası antologiyası, Azərbaycan şair və yazıçılarının əsərləri, habelə Azərbaycanca -Özbəkcə, Özbəkcə-Azərbaycanca sözlük və danışıq kitabçası, Qarabağ həqiqətləri, Xocalı Soyqırımı mövzusunda nəşrlər elm-təhsil, mədəniyyət ocaqlarına təqdim olunub. Nizami Gəncəvinin özbək dilində nəşr olunmuş “Xəmsə”si, habelə dahi Azərbaycan şairi haqqında özbək alimlərinin monoqrafiyaları Səmərqənd, Buxara, Cizzax, Nəvai, Nukus, Urgənc, Fərqanə, Termiz universitetlərinin kitabxanalarına da göndərilib.

Müstəqillik qazandıqdan sonrakı Özbəkistan ədəbiyyatının göyüzündə istedadlar ulduzlar kimi parlayıb. Tanınmış yeni nəsil özbək şairlərindən Xasiyyət Rüstəmsə artıq Azərbaycan KİV-lərində ulduz deyil, “Ən yeni özbək qadın poeziyasının Günəşi” olaraq tərif görməkdədir. Doğrusu, bu yalnız onun istedadı və bir çox ölkədə kitablarının çıxması ilə bağlı deyil, eynigüclə, Azərbaycana sonsuz məhəbbəti, Azərbaycan həqiqətlərini bədii ədəbiyyatda uğurlu inkas etdirməsi ilə də sıx bağlıdır. Qarabağ həqiqətlərindən bəhs edən “Adı Lalə idi o qızın” poemasında Xasiyyət xanım yazır:

“Ona çətin idi bu ağrı, bu dərd,

Acısı ruhundan ruhuma keçdi.

O qız öpdü məni...

Və ayrılan vaxt

Mənə dəftərini etibar etdi:

“İltimas edirəm, oxu, can bacım”.

Köksümə ox kimi toxundu o səs!

Daşkəndə qayıtdım ertəsi günü,

Çiynimdə bir uçaq dərd gətirmişdim.

Cərəyan sarmışdı canımı sanki.

Titrədirdi məni...

Unudub aləmi, cümlə cahanı,

Bütün dərdi ilə, yanğısı ilə

Mən qucub ağladım Azərbaycanı!

Adı Lalə idi o qızın”...

Günümüz Özbək ədəbiyyatı bir qala bürcü kimi Orta Asiyada yüksəlir və dörd tərəfdən, eləcə də, Azərbaycandan görünür, sevilir…

Müstəqillikdən bu yana bir çox istedadlı şair, yazıçı, ədəbiyyatşünas, o cümlədən gənclər Özbək ədəbiyyatına, Özbəkistan-Azərbaycan ədəbi-mədəni əlaqələrinə yeni nəfəslə xidmət etməkdə, onların ciddi əsərləri gün üzü görməkdədir.

Çağdaş Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələrindən danışmaq üçün uzun vaxt lazımdır. Günümüzdə Azərbaycan və Özbəkistan ədəbi ilişkiləri daha çox irəliləyir. Orta Asiyadakı qardaşlarımızla ən sıx ədəbi əlaqələr məhz Özbəkistanladır. Azərbaycanın bir çox şair və yazıçısının əsərləri özbək dilinə uyğunlaşdırılaraq, qəzetlərdə, dərgilərdə yayınlanıb, ayrıca kitablaşdırılıb. Bununla birlikdə, özbək şairlərinin də şeirləri Azərbaycan şairləri tərəfindən uyğunlaşdırılıb, dövri mətbuatda, antologiyalarda yayınlanıb, kitablaşdırılıb.

Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) ilə Özbəkistan Gənc İcadkarlar Birliyi arasında işbirliyi Anlaşması imzalanıb.

DGTYB yeni “Müstəqillik dövrü Özbək şeiri” antologiyasını Bakıda nəşrə hazırlayır. Şeirləri Şahməmməd Dağlaroğlu uyğunlaşdırıb. Ötən illərdə DGTYB ilə Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzinin ortaq layihəsi olaraq “Özbək şeir çələngi” gün üzü görmüşdü. Habelə bu günlərdə Qoşçkar Norkabilin “Beş dul qadın və rəis” pyesi Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı tərəfindən uğurla səhnələşdirildi və Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında nümayiş olundu (Rejissor: Əməkdar artist Sərvər Əliyev).

Ortaq dəyərə çevrilmiş adlar

Qarşılıqlı ədəbi-mədəni əlaqələrimizin son 100-103 ilinə nəzərə salsaq, elə klassiklərin adını çəkə bilərik ki, onlar həm bizimdir, həm özbəklərin. Örnək verək:

Özbəkistanın milliyyətcə azərbaycanlı olan görkəmli şairi, yeni özbək ədəbiyyatının əsasını qoyanlardan biri Maqsud Şeyxzadə,

çağdaş Azərbaycan dilçiliyinin banilərindən biri, özbək əsilli ədəbiyyatşünas Xalid Səid Xocayev,

görkəmli jurnalist, pedaqoq, ədəbiyyatşünas, ictimai xadim, tərcüməçi və aktyor Seyid Rza Əlizadə (1887, Səmərqənd –1945, Bakı),

Özbəkistanda tanınmış azərbaycanlı şair, özündən sonra böyük bir irs qoyub getmiş İxtiyar Rza (25.07.1935-ci il, Cəlilabad – 13.11.2012-ci il, Daşkənd) və b...

Hələ ötən yüzilliyin 70-ci illində Azərbaycan Yazıçılar İttifaqının Maqsud Şeyxzadənin 70 illiyi ilə bağlı, onun əsərlərini iki cilddə nəşr etməsi, 1955-ci ildə məşhur “Görüş” filminin çəkilməsi, dillərə düşmüş Qafur Qulam-Səməd Vurğun dostluğu və b. hadisələr, qarşılıqlı mədəni əlaqələrin sovet dövrünün hakim ideologiyası fonunda belə öz səmimiliyi, xəlqiliyi, canayaxınlığı ilə seşildiyini göstərməkdədir.

“Görüş” filmi görkəmli sənətkarların əsəridir. Film İLKlərə də səhnə olub:

-quruluşçu rejissor Tofiq Tağızadənin kinoda ilk müstəqil işiydi;

-sənətkarlar Əliağa Ağayev, Barat Şəkinskaya və Ceyhun Mirzəyevin kinoda ilk işiydi...

Ssenari müəllifləri Ədhəm Qulubəyov, Nina Mustafayeva, baş rolların ifaçıları Azərbaycan aktyoru və həkimi Arif Teyyub oğlu Mirzəquliyev (Kamil), Özbəkistanın Əməkdar artisti Nelli Xayrulla qızı Ataullayeva (Lala) olan “Görüş” filmi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 may 2019-cu il tarixli, 211 saylı Qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilib.

Bunları nəyə görə deyirəm? – Təsəvvür edin: Sovet dönəmində Azərbaycanda keçirilən Özbəkistan Mədəniyyəti Ongünlüyündə üst-üstə 530, Özbəkistanda keçirilən Azərbaycan Mədəniyyəti Ongünlüyündə 600 mindən çox insan iştirak edib, filmlərə tamaşa edib. Müstəqilliyimizin 30-cu ilində, hər iki ölkə əhalisinin 70-ci illərlə müqayisədə təqribən iki dəfə artdığı bir vaxtda, o göstəriciləri təkrar edə bilməmişik. Bunun sosial-iqtisadi, infrastruktur məsələləri ilə bağlılığını, eləcə də, sənətin virtuallaşmasını, tamaşaçının öz estetik tələbatını bir çox hallarda informasiya kommunikasiya texnologiyaları üzərindən təmin etməsini gözardı etmirəm; bununla belə, qarşılıqlı mədəniyyət, ədəbiyyat günlərinin ənənəviləşməsinə, canlı görüşlərə ehtiyac olduğunu da vurğulamalıyam. Heç şübhəsiz, Azərbaycan Prezidentinin qardaş ölkəyə dövlət səfəri, səfər çərçivəsində imzalanan sənədlər münasibətlərimizi daha da inkişaf etdirəcəkdir. İnanırıq ki, bu səfərin nəticələrinə uyğun olaraq, ikitərəfli əlaqələrimiz, o cümlədən mədəni işbirliyimiz yeni məzmunla, yeni uğurlarla süslənəcəkdir.

Özbəkistan başda olmaqla, Orta Asiyadakı qardaş ölkələrlə iqtisadi-siyasi və mədəni işbirliyinin inkişafı milli ənənələrimiz, ortaq dəyərlərimiz, çağdaş dönəmdə milli çıxarlar və vəzifələrimiz baxımından çox vacibdir.

Özbəkistan Prezidentinin Sərəncamı ilə “100 cildlik Türk xalqları ədəbiyyatı” nəşrlər seriyasının üzərində iş başlandığını da burada minnətdarlıqla qeyd edirəm– bu, nəticəsini Azərbaycanın, bütün Türk ölkə və topluluqlarının məhəbətlə, həsrətlə gözlədiyi böyük bir layihədir.

Axarıncı söz

Özbəkistanı sevirik, öyrənirik və öyrədirik! Çox şadıq ki, işbirliyimiz artıq Türk Dövlətləri Təşkilatı ilə yeni məzmun, yeni dərinlik və üfüq qazanmışdır. Çox şadıq ki, 44 günlük Azərbaycan Vətən Müharibəsində özbək qardaşlarımız bizə mənəvi dəstək verdi.

Yazımı Azərbaycan və Özbəkistan prezidentlərinin mətbuata 21 iyun 2022-ci il tarixli bəyanatlarından sitatlarla bitirirəm:

Prezident İlham Əliyev: “Özbəkistan Prezidentinin sözləri, bizim Qələbəmiz münasibətilə təbrikləri – bütün bunlar, təbii ki, Azərbaycanda dost sözü, qardaş sözü kimi qəbul edilir. Biz bunu yüksək qiymətləndiririk və öz tərəfimizdən biz də bütün məsələlərdə Özbəkistanın, özbək xalqının yanındayıq. Bugünkü səfər buna daha bir sübutdur. Əslində, biz bu gün iqtisadi qarşılıqlı fəaliyyət, biznes strukturlarının əlaqələri, təhlükəsizlik, müdafiə qabiliyyəti ilə bağlı məsələlər, xarici siyasətlə bağlı təşəbbüslər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi, humanitar sahə ilə, mədəniyyətlə bağlı məsələlər barədə danışırıq, yəni, sözün geniş mənasında bu gün bizim gələcək aktiv qarşılıqlı fəaliyyətimizin əsası qoyulur və əminəm ki, nəzərdə tutduqlarımızın hamısı yerinə yetiriləcək”.

Prezident Şavkat Mirziyoyev: “Biz hər şeyi edirik ki, güclü Özbəkistan və güclü Azərbaycan olsun. Onlar güclü olanda məcbur edəcəyik ki, bizə hörmət etsinlər və bundan ötrü bizim hər cür əsasımız var. Belə ki, bu səfər tarixi səfərdir, onun çox yaxşı əsası var və gələcəkdə biz bu əsası həyata keçirməliyik. Sizə bir daha demək istəyirəm, biz razılığa gəldik ki, noyabr ayında İlham Heydər oğlu Səmərqəndə səfər edəcək. Səmərqənddə biz nazirlərimizi bugünkü razılaşmalar barədə dinləyəcəyik. Bunu nəyə görə deyirəm? Ona görə ki, bilirsiniz, bizim çox böyük imkanlarımız var, lakin nəticə çox kiçikdir. Biz bu gün gələcək əməkdaşlığımızın ciddi perspektiv layihələri barədə razılığa gəldik. Fikrimcə, bu səfər tarixi səfərdir və danışıqlarımızdan tamamilə məmnunam”.

Yaşasın Azərbaycan-Özbəkistan qardaşlığı, dostluğu! 

Əkbər QOŞALI

visiontv.az