Buzovna yolu, ölüm yoluna çevrilib
Videonu Aç
13.09.2021

Şənbə günü axşam saatlarında Xəzər rayonu, Buzovna yolunun Şağan -1 Təzə Sahə Massivi hissəsində daha bir piyada vurulub.

Visiontv.az-ın Bizimxeber.az-a istinadən verdiyi xəbərə görə, "Toyota" markalı avtomobil piyada keçidi olmayan yüksək sürətli yolu keçən massiv sakinini vurub.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım avtomobili geç gəldiyi üçün vurulan piyada sakinlərin və qonşuların köməyi ilə elə onu vuran avtomobilə qoyularaq xəstəxanaya aparılıb. Piyada yolda dünyasını dəyişib.

Massiv sakinləri bildirib ki, uzun illərdir oxşar hadisələr baş verir və aidiyyatı qurumlara bu ərazdə keçid tikilməsi barədə edilən müraciətlərə heç bir müsbət çavab verilmir: "İki gündə iki ölüm hadisəsi baş verir. Hər ay bir neçə piyada vurulur, ölür. Uşaqları məktəbə, bağçaya qorxa -qorxa aparıb gətiririk. Ötən gün başqa bir piyada bu ərazidə vuruldu və dünyasını dəyişib. Bu gün də biri. Bu ərazidə piyada keçidi qurulmalıdır. Bizim və övladlarımızın həyatı təhlükədədir" deyə etiraz edən sakinlər bildiriblər.

Hadisə yerinə toplanan Şağan 1 Massiv sakinləri keçid tələbiylə yolu bağlamaq qərarına gəliblər. Buzovndan şəhər istiqamətində hərəkət edən avtomobillər saatlarla yolda gözləməli olub. Hətta sakinlərlə sürücülər arasında xırda konfliktlər müşahidə olunub. Bütün bunlara baxmayaraq, sakinlər yolu açmayıb və aidiyyatı qurumların nümayəndələrinin gəlməsini tələb ediblər.

"Bu ərazidə keçid olmadığı üçün son bir ildə onlarla piyada vurulub, dünyasını dəyişib" deyən sakin aidiyyatı qurumların nümayəndələri gəlmədikcə yolu açmayacaqlarını deyib: "Dəfələrlə rayon icra başçısına, bələdiyyə sədrinə müraciət etmişik. Ümumiyyətlə, qulaq asan, dinləyən yoxdur. İndi yolu bağlamışıq, 1 saatdan çoxdur yol bağlıdır, rayon rəhbərliyindən yenə kimsə gəlib bir söz demir, dinləmir, problemi nəzarətə götürmür".

Bir saat sonra əraziyə cəlb edilən polislər sakinlərlə profilaktik danışıqlar aparıblar, problemi aidiyyatı qurumların diqqətinə çatdırdıqlarını bildiriblər. Sakinlər Xəzər rayon İcra Hakimiyyəti başçısını, Bələdiyyə sədrini əraziyə gəlməsini tələb etsələr də, gələn olmayıb. 

Sonda sakinlər arasında bir neçə gündən sonra yenidən yolu bağlamaq barədə razılıq əldə olunub və yol açılıb. Massiv sakinləri bildiriblər ki, qısa vaxt ərazidə keçid problemi həll edilməsə yolu yenə bağlayacaqlar.