Busya Qoldşteynin anası
21.07.2024

Busya Qoldşteyn adlı məşhur bir violin (skripka) ustası vardı. Odessa məktəbinin yetirməsiydi.

Busya 12 yaşında hansısa beynəlxalq musiqi müsabiqəsində qalib gəlir, ordenlə təltif olunur.

1934-cü ildə Moskvada İttifaqlar Evinin Sütunlu Zalında Ümumittifaq starostası Kalinin özü şəxsən təltif edir gənc skripkaçını.

Tarixi Sütunlu Zal, anası mərasim başlamazdan oğluna dönə-dönə tapşırır: «Kalinin baba sənə ordeni verəndə sən bərkdən belə deyərsən - Kalinin baba, sizi evimizə qonaq dəvət edirəm».

Busya etiraz edir: «Ana, ayıbdır, axı biz kommunal mənzildə yaşayırıq».

Anası israr edərək «Busya, sənə nə deyirəm onu et!» deyir.

Mərasim başlayır, Kalinin ordeni Busyanın köynəyinə sancanda uşaq yüksək səslə bağırır: «Kalinin baba, evimizə qonaq gəlin!». Birdən zaldan Busyanın anasının qışqırığı eşidilir: “Oğlum, sən nə edirsən? Axı biz kommunal mənzildə yaşayırıq!"…

Ertəsi gün Qoldşteyn ailəsinə yeni mənzil verirlər...

İbrahim Nəbioğlu

visiontv.az