Bu gün Azərbaycanın Xalq şairi Nigar xanım Rəfibəylinin doğum günüdür
Bu gün Azərbaycanın Xalq şairi Nigar xanım Rəfibəylinin doğum günüdür
23.06.2022 MEDİA Tərəfindən

Bugün Azərbaycanın Xalq şairi, dillər əzbəri şeirlərin müəllifi, tərcüməçi, görkəmli ictimai xadim, Nigar xanım Rəfibəylinin doğum günüdür

Nigar Xudadat bəy qızı Rəfibəyli

1913-cü il iyunun 23-də Gəncə şəhərində doğulub. Bakı Pedaqoji Texnikumunu bitirib (1930); Moskvada Pedaqoji İnstitutda təhsilini davam etdirib (1932-1936). Bakı Kinostudiyasında ssenari şöbəsində, eyni vaxtda fəhlə-gənclər məktəbində (1930-1932), “AzərNəşr”in Bədii ədəbiyyat şöbəsində tərcüməçi və redaktor,

“UşaqGəncNəşr”in Bədii ədəbiyyat şöbəsində redaktor (1937-1939) vəzifələrində çalışıb.

Məşhur Rəfibəyli soyadına mənsub olan Xalq şairinin atası Xudadat bəy Ələkbər bəy oğlu Rəfibəyli Gəncənin ünlü əsilzadə ailəsindəndir və Xalq Cümhuriyyətinin ilk Səhiyyə naziri və Gəncənin general-qubernatoru olub. Xudadat bəy Cümhuriyyət devrildikdən az sonra – 01 iyun 1920-ci ildə, 43 yaşında qətlə yetrilib... Şairin babası Ələkbər bəy Rəfibəyli maarifçi, Azərbaycanda ilk siyası partiya olan “Difai”nin yaradıcılarından olub. Özü görkəmli nəslin qızı olan Nigar xanım, Azərbaycan ədəbiyyatında (mədəniyyətində) xüsusi rol oynamış Xalq şairi Rəsul Rzanın həyat yoldaşı, Xalq yazıçısı ANARın anasıdır. ANARın məşhur “Sizsiz” əsəri Nigar xanımın və Rəsul Rzanın həyatından, onların məhəbbətindən bəhs edir. 2001-ci ildə “Azərbaycan Nəşriyyatı”nda Nazim İbrahimovun tərtibçiliyi ilə “Azərbaycanın tanınmış şəxsiyyətləri” seriyasından “Rəsul Rza, Nigar Rəfibəyli” foto-kitabı nəşr edilib.

Haqqında Səməd Vurğun, Nazim Hikmət, Mehdi Hüseyn, Əli Nazim, Mirzə İbrahimov, Mikayıl Rzaquluzadə, Mirvarid Dilbazi, İlyas Əfəndiyev və b. görkəmli ədəbiyyatçılar, tanınmış ziyalılar yaradıcılığı haqqında təqdiredici sözlər deyib, məqalələr yazıb.

Rəssamlar Vəfa Allahyarova, Adil Rüstəmov, Elmira Şahtaxtinskaya və b. şairin surətini yaradıb.

Şairin “Çadra” adlı ilk şeri 1928-ci ildə “Dan ulduzu” jurnalında dərc edilib.

1934-cü ildə nəşr olunmuş ilk “Şerlər” kitabı Azərbaycan qadınlarının yeni həyat quruculuğunda iştirakından bəhs edir.

Təbiət mənzərələri, mənəvi zənginlik, vətənpərvərlik, sülh, demokratiya, azadlıq ideyaları tərənnüm olunan kitabları Sovet dönəmində də, müstəqillik dönəmində də kütləvi tirajlarla nəşr olunub.

Şairin şeirlərinə yazılmış mahnılar, özəlliklə görkəmli sənətkar Emin Sabitoğlunun bəstələdiyi mahnılar – “Ala gözlüm” (Akif İslamzadə), “Aman ayrılıq” (Xədicə Abbasova), “Dağları duman alanda” (Zeynəb Xanlarova), “Güllər” (Şövkət Ələkbərova) və b.dillər əzbəridir.

Əsərləri bir çox xarici dilə tərcümə olunan Nigar Rəfibəyli,

Evripidin “İfigeniya”, Fridrix Şillerin “Məkr və məhəb¬bət”, A.Çexovun “Vanya dayı”, “Albalı bağı” dramalarını, E.L.Voyniçin “Ovod”, O.Qonçarın “Bay¬raqdarlar” romanlarını, Ə.Nəvai, A.Puşkin, M.Lermontov, T.Şevçenko, Ş.Petofi, A.Mitske¬viç, A.Sereteli və başqalarının əsərlərini, eləcə də, Məhsəti Gəncəvinin rübailərini tərcümə edib.

Görkəmli şair 1981-ci ildə layiq görüldüyü Xalq şairi fəxri adından öncə də,

bir sıra fəxri ad, orden, medal və başqa təltiflər alıb:

- “Qafqazın müdafiəsi uğrunda” medalı (1945),

- “Şərəf Nişanı” ordeni (09.06.1959),

-“Əməkdar mədəniyyət işçisi” fəxri adı (1967),

-“Azərbaycan Ali Sovetinin Fəxri fərmanı” (28.06.1973) və s.

1981-ci ildə Bakı şəhərində vəfat edib.

Paytaxt Bakıda, dogma Gəncədə Xalq şairinin adını daşıyan küçələr var; Gəncədəki 43 saylı orta məktəb də Nigar Rəfibəylinin adını daşıyır. Gəncədəki Sərdar bağında Xalq şairinin heykəli ucaldılıb (heyəltaraş: Münəvvər Rzayeva). Bakıda yaşadığı evdə - R.Rza və N.Rəfibəyli küçələrinin tinində R.Rza ilə birgə Xatirə lövhəsi vurulub (heykəltaraş: Qorxmaz Sücəddionov).

Məzarı II Fəxri Xiyabandadır (Heykəltaraş: Seyid Zakiridir).

RUHU ŞAD OLSUN!

Milli Məclisin Mədəniyyət komitəsinin sədri

Qənirə Paşayeva

visiontv.az