Bu limonadları almayın: Sağlamlıq üçün təhlükəlidir - FOTO
27.07.2019

Balakən və Şəmkir rayonlarında fəaliyyət göstərən alkoqolsuz içkilərin istehsalı sexlərinə baxış keçirilib.

Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, Balakən rayonu, Qabaqçöl qəsəbəsi, Qaysa kəndində yerləşən, Xoçberov Şaban İbrahim oğluna məxsus sexdə “Alazan” əmtəə nişanlı alkoqolsuz içkilərin, Şəmkir rayonu, Səməd Vurğun küçəsi, ev 5 ünvanında yerləşən, Məmmədov Yusif Sədi oğluna məxsus sexdə isə “Mimino”, “Okey”, “Qrand”, “Vitoland”, “Gold Natura” əmtəə nişanlı alkoqolsuz içkilərin antisanitar şəraitdə istehsal edildiyi məlum olub.

Baxış zamanı sexlərdə texniki reqlamentlərin və qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.

Məlum olub ki, istehsalda istifadə edilən suyun mikrobioloji təmizlənməsi üçün tədbirlər görülmür və dövri müayinəsi aparılmır. Eyni zamanda, qablaşdırmada istifadə olunan şüşə qabların antisanitar şəraitdə, kustar üsullarla, sanitar norma və qaydalara uyğun olmayan şəkildə yuyulduğu müəyyən edilib.

Aşkar olunmuş nöqsanlar əsasında qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb və sexlərin fəaliyyəti məhdudlaşdırılıb.