Bu gün, lokallaşaraq deyil, qloballaşaraq qorunan milli dəyərlər, öz mövcudluqlarını davam etdirirlər...
Bu gün, lokallaşaraq deyil, qloballaşaraq qorunan milli dəyərlər, öz mövcudluqlarını davam etdirirlər...
28.12.2022 MEDİA Tərəfindən

Siyasi sosiologiyanın meydana gəlməsi ümumiyyətlə hakimiyyətin, güc münasibətlərinin sosial təhlilini aparanlardan biri olan və cəmiyyətdə hökmranlıq növlərinin, xarizmatik, ənənəvi və rasional-hüquqi təsnifatını tətbiq edənlərdən biri olan Maks Veberin fəaliyyəti ilə əlaqələndirilir. Bürokratiyanın dövləti idarə edən bir quruluş kimi işləmə müddətini təhlil edən Veber, əsasən sosioloji kateqoriyalara arxalanırdı. Beləliklə, məmurların şəxsi keyfiyyətlərinə və sosial qrup kimi xüsusiyyətlərinə görə bürokratiyanı növlərə ayırdı. Maks Veber, ideal bürokratiyanın bürokratiyanın üzvlərinin vahid bir ideologiyaya sahib olduqları, ortaq dəyərləri paylaşdıqları, cəmiyyətin mənafeləri naminə hərəkət etdikləri, tam bir vəzifə hissi ilə tam hüquqlu bir sosial qrup olduğu bir təşkilat olduğuna inanırdı.

Fəlsəfə və Sosiologiya İnstitutunun Sosiologiya şöbəsinin əməkdaşı, iqtisad elmləri doktoru, sosioloq Əhməd Qəşəmoğlu Visiontv.az saytına müsahibə verib. Müsahibəni sizə təqdim edirik:

Siyasi sosiologiyanın başlıca problemləri nələrdir?

Siyasi sosiologiya haqda danışdıqda, ilk növbədə sosiologiyanın özü barədə qısa bir arayış vermək lazımdır. Sosiologiya cəmiyyətdə insan qrupları arasındakı qarşılıqlı əlaqələrdəki qanunauyğunluğu öyrənən elm sahəsidir. Necə ki, tibb elmi insan orqanizmini öyrənir, yaranmış problemlərin ortadan götürülməsinə kömək edir, eləcə də sosiologiya elmi də da cəmiyyəti öyrənməyə, yaranmış problemləri ortadan kötürməyə çalışır. Mənim siyasətə verdiyim tərif var. Hesab edirəm ki, siyasət hər hansısa bir hədəfə çatmaq üçün göstərilən məharətdir. Müxtəlif sahələrdə siyasətdən danışmaq olar. Məsələn: iqtisadi siyasət, ekoloji siyasət, təhsil siyasəti,humanitar siyasət və s. İndiki zamanda siyasi sosiogiya əsasən hakimiyyətə gəlmək, dövlətçiliyi qorumaq sahəsində göstərilən fəaliyyəti təhlil etməyə, qanunauyğunluqları öyrənməyə kömək edən elm sahəsi kimi kimi başa düşülür. Konkret olaraq siyasətin sosiologiyası da politologiya və sosiologiya elmləri inkişaf edəndən sonra formalaşdı. Ötən əsrin ortalardında da Amerikalı politoloqlar, Vipset, Bendeks siyasi sosiologiyanın əsas problemləri kimi dörd istiqamət müəyyənləşdirdilər. 1- ci Dövlət idarəçiliyinin sosial məsələləri və siyasi eltianın oliqarxlaşması probelmi. 2- ci Sosial amillərin seçicilərin davranışına
təsiri. 3 - cü Siyasi qərarların qəbulu. 4 – cü Siyasi institutlar və elitalar arasında ideoloji münaqişələr. Bunlar siyasi sosiologiya haqqında akademik bir baxış ola bilər. Mənim bu barədə öz fikirlərim var. Martin Lipsetin belə bir fikri var: “Əgər
sosiologiya üçün əsas məsələ cəmiyyətin sabitliyidirsə, siyasi sosiologiya üçün bu - siyasi rejimin ... sabitliyidir.” Siyasətdə qəbul olunmuş müxtəlif modellər var. Bunlardan biri Makiavellinin adı ilə bağlıdır. O beş əsr bundan əvvəl İtaliyada yaşamış bir siyasi xadim olub. Gəncliyində, özünün “Hökmdar” adlı əsərində belə bir fikri əsaslandırmışdı ki, “hədəfə çatmaq üçün hər addım məqbuldur”. İndi bəziləri siyasətdə bu modeli əsas götürürlər. İkinci model Qandinin adıyla bağlıdır. Məlumdur ki, Hindistan 1948 – ci ildə Qandinin rəhbərliyi ilə İngilis müstəmləkəçiliyindən savaş olmadan azad oldu. Bu mənada Qandinin yolu mənəvi dəyərlərə üstünlük vermək və mənəvi – psixoloji metodlardan istifadə etməklə Siyasət yürütməkdir. Son onilliklər onu göstərdi ki, indiki mürəkkəb, hiyləgərləşmiş, ikili, üçlü siyasət yürüdən beynəlxalq aləmdə bu model tez-tez uğursuzluğa uğrayır. İndi tez-tez demokratiyadan, insan haqlarının qorunmasına şərait yaradan siyasətdan danışırlar. Amma araşdıranda məlum olur ki, bu adlar
altında müxtəlif maraqlar güdən mexanizmlər gizlənir. İnsan, heyvan haqlarından danışanlar tez-tez xalqların haqlarını tapdalayırlar. Nümunə olaraq Makron kimilərin yürütdüyü siyasəti göstərmək olar. Siyasi sosiologiyanın tədqiqat obyekti həm xarici siyasət ola bilər, həm də daxili siyasət. Hər iki halda siyasətin qurulmasında, həyata keçirilməsində, araşdırılmasında elmi metodlardan istifadə nəzərdə tutulur.

Son dövrlərdə qloballaşmanın meydana gətirdiyi nəticə onu göstərir ki, lokallaşaraq qorunan deyil, əksinə qloballaşaraq qorunan milli dəyərlər öz mövcudluqlarını davam etdirə bilirlər. Bu barədə fikirlərinizi bilmək maraqlıdır!

Bir çox dəyərlərimiz lokallaşdıqca sıradan çıxır. Çünki, yer üzündə gedən proseslər bir-birinə get-gedə daha artıq dərəcədə təsir edir. Fizikadakı “Birləşmiş qablar qanununda” olduğu kimi bir ortaqlaşma baş verir. Biz istəsək də istəməsək də sərhədlər açılır, informasiya əlaqələri güclənir. Biz mədəniyyətimizin elə mühüm tərəflərini qlobal səviyyəyə qaldırıb tanıda bilərik ki, başqalarında rəğbət yaratsın. Belə olanda onun dayanıqlığı artır. Məsələn, bizim ailə institumuzun çox müsbət tərəfləri vardı. Hayıf ki, biz onları lazımınca qoruya bilmədik. Şükür ki, bir çox mədəni dəyərlərimizi beynəlxalq aləmdə, UNESKO səviyyəsində tanıda bilmişik. Ölkəmizdə multikulturalizmlə bağlı görülən işlərdə biz birgəyaşayış mədəniyyəti sahəsindəki üstün dəyərlərimizi dünyaya nümayiş etdiririk. Bu məsələlərdə xalq olaraq biz yalnız dövlətin nə edəcəyini müşahidə etməməliyik. Misal üçün, Gürcü xalqı dövlətdən əlavə öz təşəbbüsləri ilə milli adətləri və mədəniyyətləri ilə bağlı layihələr reallaşdırırlar. Bu mənada, biz film sənayesindən istifadə edə bilərik. Türkiyənin təcrübəsindən faydalanmaq olar. Hətta Orta Asiya bu istiqamətdə bizdən nisbətən irəlidədir. Ümumiyyətlə qloballaşmanın belə sürətlə getdiyi zamanda lokallaşmaqla müdafiə olunmaq çətindir. Bunun üçün də bizim aidiyyatı sahələr üzrə savadlı kadrlarımız və təcrübəmiz olmalıdır.

Bünyamin Bünyadzadə
Visiontv.az