BTC üzrə xərclər azalıb
13.08.2020

2020-ci ilin birinci yarısında BTC Co. şirkəti Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəmərinə 62 mln ABŞ dolları xərcləyib.

Visiontv.az “BP-Azerbaijan” şirkətinin hesabatına əsasən xəbər verir ki, BTC üzrə əməliyyat xərclərinə təqribən 48 mln dollar, əsaslı xərclərə isə təqribən 14 mln dollar xərclənib.

Bu ilin I yarısında BTC üzrə xərclər ötən ilin müvafiq dövründən 7%, əməliyyat xərcləri 12,7% az, əsaslı xərclərin həcmi isə 16,7% çox olub.

1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən  2020-ci ilin ikinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 462 mln tondan artıq (3,47 mlrd barel) xam neft nəql edilib və Ceyhanda 4526 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

İki rüb ərzində isə BTC vasitəsilə təqribən 15 mln ton (113 mln bareldən artıq) xam neft və kondensat ixrac olunub və Ceyhanda 145 tankerə yüklənib. BTC ilə nəqlin həcmi ötən ilin müvafiq dövründən 6% azdır.

Qeyd edək ki, BTC Ko.-nun səhmdarları BP (30,10%); AzBTC (25,00%); MOL (8,90%, 16 aprel tarixindən “Chevron” şirkətini əvəz edib); “Equinor” (8,71%); TPAO (6,53%); “Eni” (5,00%); “Total” (5,00%), “İtochu” (3,40%); “İnpex” (2,50%), “ExxonMobil” (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən tranzit nefti nəql olunur.