Böyük Qayıdış üçün gələn il 3 milyard manat nəzərdə tutulub
Böyük Qayıdış üçün gələn il 3 milyard manat nəzərdə tutulub
17.09.2022 Vüqar Bayramov Tərəfindən

Gələn il işğaldan azad olunan torpaqlarımızın bərpası və eləcə də məskunlaşma üçün daha çox vəsaitin ayrılması nəzərdə tutulur. Bu məcburi köçkünlərin ata-baba yurdlarına gözləniləndən daha tez qayıtmasına imkan verəcək. 2023-cü il üçün dövlət büdcə layihəsinə əsasən, gələn il Böyük Qayıdış layihəsi çərçivəsində işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası ilə bağlı xərclər 3 milyard manat nəzərdə tutulub.

Qeyd edək ki, büdcədən 2021-ci ildə bərpa prosesinə 2.2 milyard, 2022-ci ildə 2 milyard 670 milyon manat nəzərdə tutulmuşdu. Bu isə o deməkdir ki, 3 il ərzində (2021-2023-cü illər) Qarabağ və Şərqi Zəngəzurunun bərpa bə yenidənqurmasına yalnız dövlət büdcəsindən 7 milyard 870 milyon manat vəsait ayrılır. Bu məhz Qarabağın daha qısa müddətdə bərpasına olan xüsusi diqqətdir.

Azərbaycan işğaldan azad olunan ərazilərimizi heç bir xarici borclanma olmadan, yalnız daxili maliyyə resursları hesabına bərpa edir. Şərqi Zəngəzur və Qarabağda aparılan intensiv yenidənqurma işləri məskunlaşmanın gözləniləndən daha tez baş verəcəyindən xəbər verir. Qayıdışı əhalimizin təhlükəsizliyi qorunmaqla ağıllı şəkildə reallaşır.

Zəngilan ilə yanaşı 2023-ci ilin ikinci yarısında artıq işğaldan azad olunan bir sıra digər rayonlarımızda da məskunlaşmaya start verilməsi gözlənilir. Dünən, 29 ildən sonra ilk dəfə Zəngilan məktəbində zəng çalındı.  Növbəti tədris ilindən Şuşa və Ağdam məktəblərində də ilk zənglər çalınacaq. Füzuli və Cəbrayıl rayonlarında da bərpa işləri sürətlə həyata keçirilir.

Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur və bərpa edilir. Tezliklə Böyük Qayıdışın yeni mərhələləri başlayacaq. Gülüş və həyat Qarabağa qayıdır. Bu dəfə daimi.

6.3.7. işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”;

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqə çərçivəsində təqdim edilir.

Millət vəkili Vüqar Bayramov

Visiontv.az