Blinkenlə strateji mexanizm çərçivəsində çox müsbət görüş keçirdik - Çavuşoğlu
Blinkenlə strateji mexanizm çərçivəsində çox müsbət görüş keçirdik - Çavuşoğlu
19.05.2022 MEDİA Tərəfindən

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ dövlət katibi Antoni Blinkenlə strateji mexanizm çərçivəsində çox müsbət görüş keçirdiklərini bildirib.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Çavuşoğlu BMT qərargahında Blinkenlə görüşdükdən sonra türkiyəli jurnalistlərin suallarını cavablandırıb.

Türkiyə ilə ABŞ arasındakı strateji mexanizmin mövcud problemlərin həllinə yönəldiyini bildirən Çavuşoğlu deyib:
"Xüsusilə (bu mexanizm) Romada Baydenlə cənab prezidentimiz Ərdoğanın ikitərəfli görüşündə qərarlaşdırıldı. Məqsəd nədir? Aramızda fikir ayrılıqları var, problemlər var, gəlin bu problemləri həll edək. Mən bir müddət əvvəl bunlardan bəzilərini, ikisini isə xüsusilə qeyd etdim. Digər tərəfdən, biz ikitərəfli əlaqələri, iqtisadi əlaqələri necə irəli apara bilərik? Bu gün NATO daxilində və ondan kənarda müxtəlif sahələrdə əməkdaşlığı necə inkişaf etdirə bilərik? Yəni biz bu mexanizm çərçivəsində təkcə əməkdaşlığın təkmilləşdirilməsinə deyil, həm də problemlərin həllinə diqqət yetirəcəyik. Bu mənada sizə deyə bilərəm ki, çox müsbət görüş oldu. Təbii ki, bu ilk görüş nazirlər səviyyəsindədir."

Gələcəkdə liderlər səviyyəsində görüşlərin olacağını bildirən Çavuşoğlu, bu mexanizmin nəticəyönlü olmasını istədiklərini qeyd edib.

İlahə Əliyeva