Birilərinin yuxularını qarışdıran Türkiyə və Pakistan...
Birilərinin yuxularını qarışdıran Türkiyə və Pakistan...
13.10.2021 Bəybala Mirzəyev Tərəfindən

Bu iki ölkə son vaxtlar bir çox ölkələrin yuxularını alt-üst etməkdədir. Ən çox narahat olanlar isə Hindistan, Fransa, İran və Rusiyadır. Biz indi onların ikisindən bəhs edək.

Türkiyə dronlarının 44 günlük Vətən müharibəsindəki uğuru Rusiyanı əməlli-başlı qısqandırmış və həm də qəzəbləndirmişdi. Çünki Rusiyanın Ermənistana satdığı və ya bağışladığı ağır silahların hamısı İkinci Qarabağ müharibəsində türk və İsrail PUA-larının qarşısında iflic vəziyyətinə düşmüşdü.

Odur ki, Rusiya HSK-sı (Hərbi-Sənaye Kompleksi) müharibədən sonra hərəkətə keçib və pilotsuz uçuş aparatlarının istehsalına başlayıb. Belə ki, bu günlərdə Xəzər dənizindəki Rusiya Hərbi Dəniz Qüvvələrinə aid bir gəmidən idarə olunan “Calibres” dronunun sınaq uçuşu keçirilib.

Ancaq Rusiyanın dron istehsalı sahəsində Türkiyəyə çatmasına hələ çox var. Türkiyə artıq 5-ci nəsil dronların sınaqlarına başlayır. Bu həddindən artıq qabaqcıl səviyyədir.

Hindistan da Pakistanın Əfqanıstanda və Cənubi Qafqazda mövqelərinin güclənməsini heç cürə həzm edə bilmir. Pakistanın bir tərəfdən Çin və Əfqanıstanla, digər tərəfdən isə Türkiyə və Azərbaycanla sıx ilişgilər və işbirliyi qurması rəsmi Dehlinin bütün planlarını alt-üst edib.

Odur ki, Dehli də vəziyyətdən çıxış yolunu Ermənistan kimi cırtdanla və İran kimi avantürist ölkə ilə işbirliyi qurmaqda görür.
Hindistan hökuməti İran və Ermənistanın Gürcüstandan keçməklə Qara dənizə və ordan da Avropaya uzanan yeni dəhlizin yaradılması ideyasını dəstəkləyir. İranı idarə edən mollaların "Qafqaz dəhlizi" adlandırdıqları bu dəhliz hazırda Hindistan və İranın son ümid yeridir. Ancaq Zəngəzur dəhlizinə alternativ kimi nəzərdə tutulan bu yeni dəhlizin yaxın tezlikdə açılması qeyri-realdır.

P.S.

Yeri gəlmişkən, Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar dünən Ermənistana səfər edib və özünün Tvitter səhifəsində yazıb ki, “Ermənistana səfər edən Hindistanın ilk xarici işlə naziri olmağıma görə şadam”.

Siyasi şərhçi Bəybala Mirzəyev

Visiontv.az