“Bir alim kimi mənim missiyam elmə yeniliklər gətirməkdir…”
 “Bir alim kimi mənim missiyam elmə yeniliklər gətirməkdir…”
28.09.2022 MEDİA Tərəfindən

Elm bəşəriyyətin xilasıdır. Buna heç kimin şübhəsi ola bilməz. Bu gün elm adamlarından birinin fikirlərini sizinlə bölüşmək istədik. Beləliklə Qazaxıstanın Almatı şəhərində Əl-Farabi Qazax Milli Universitetinin baş elmi işçisi Aimgül Kerimayla olan müsahibəni sizə təqdim edirik:

Bir elm adamı olaraq sizin missiyanız nədir?

Hesab edirəm ki, mənim missiyam ilk olaraq, ictimai məlumatlılığı artırmaq, araşdırma aparmaq və təqdim etməkdir.

Tədqiqatlarımızı hər dəfə ictimaiyyətə çatdırdığımız zaman biz mövcud problemləri anlamaq və təhlil etmək üçün təkcə fikir və məlumatlar təqdim etmirik, həm də bu problemlərin həlli üçün çıxış yollarını göstəririk. Mən həmçinin ekspertlər, vətəndaş cəmiyyətiləri ilə də əməkdaşlıq edirəm.

Yəqin ki, müasir texnologiyaların imkanlarından lazımı qədər yararlanırsınız!

Bəli əlbəttə. Çünki insan öz valideynlərindən çox yaşadığı zamana və dövrə daha çox bənzəyir. Və hər kəs öz zamanın adamı olmalıdır. İnsan həmişə yaşadığı dövrün tələblərinə uyğunlaşmağa məhkumdur. Biz həmkarım, doktor Nəsibə Baimatova ilə internet üzərindən “Havanın Keyfiyyəti Elmi” Telegram kanalı yaratmışıq.

Elmi cəhətdən sübut edilmiş biliklərin yayılmasına töhfə vermək istədiyimiz üçün əsasən rəy verilmiş tədqiqatlardan istifadə edirik. Biz ekologiya elmini dünyada daha da populyarlaşdırmaq istəyirik.

Ekologiyanın qorunması ilə bağlı ölkənizdə vəziyyət necədir?

Hər şey ailədən başlayır. Əvvəlcə hər bir ailədə ana, qadın ətraf mühit və sağlamlıq haqqında övladlarına doğru məlumatlar verməlidir. Bunun üçün isə öncə özü yetərincə məlumatlı olmalıdır.
Çünki qadınlar adətən evdə daha çox vaxt keçirirlər, onlar sobalarda kömürün istifadəsi səbəbindən qapalı havanın çirklənməsindən daha çox əziyyət çəkirlər. Düşünürəm ki, onlar daha təmiz yanacaq variantları haqqında daha yaxşı məlumatlandırılmalı və çirkli yanacağın onların və uşaqlarının sağlamlığına mənfi təsirindən xəbərdar olmalıdırlar. 

İşinizdə sizi nə ruhlandırır?

Mən tez-tez dünyanın müxtəlif ölkələrindən tələbələr və tədqiqatçılardan tədqiqat məqalələrimlə bağlı elektron məktublar alıram. Mən başa düşürəm ki, bir çox insanlar mənim tədqiqatlarımı oxuyur və bizim nəticələrimizdən dərslərində istifadə edirlər. Məni ən çox ruhlandıran isə bax elə budur.

Hazırladı : Bünyamin Bünyadzadə

Visiontv.az