Bəzən gənclər səhvləri böyüklərin köməyi ilə edirlər
26.01.2022

Bu il ömrünün 33 ilini “mühacirətdə” keçirmiş İrəvan Azərbaycan teatrının 140 illiyi tamam olur. Müsahibimiz bu teatra 16 il rəhbərlik etmiş və ona intibah dövrünü yaşatmış, yazıçı, Əməkdar İncəsənət xadimi Hidayət Orucovdur.

- Hidayət müəllim, İrəvan teatrının 140 illiyi tamam olur. Bu teatrın həyatında sizin, sizin həyatınızda da İrəvan teatrının böyük rolu olub. Hətta haqqınızda deyilən fikirlərdən biri beləydi: “İrəvan teatrı Hidayətin şah əsəriydi. Siz də belə hesab edirsinizmi?

- Fikirləriniz üçün minnətdaram. İlk növbədə, teatrın tarixi haqqında bir neçə kəlmə demək istəyərdim. Çünki mən bu teatra onun zəngin tarixinə arxalanıb getmişdim. Bu il teatrın 140 illiyi tamam olur. Bu tarix 1882-ci ildə göstərilmiş ikinci tamaşanın təqdimatından hesablanır. İlk tamaşa bundan 2 il əvvəl baş tutmuş, lakin arada fasilə yaranmışdı.

- Əslində, mənə də bu yubiley tarixi maraqlı gəlmişdi, çünki teatrın tarixi ilə maraqlanarkən, 2021-ci ildə 141 illiyinin qeyd edilməsi barədə məqaləyə rast gəlmişdim.

- Belə bir məlumat var ki, ilk tamaşa 1880-ci ildə olub. Amma onun proqramı tapılmır, haqqında hər hansı bir mətbu məlumat olmadığına görə, yaranma tarixi 1882-ci ildən hesablanır. Həmin ildən etibarən teatr müntəzəm fəaliyyət göstərib və Azərbaycanın ikinci teatrı idi. 1870-ci ildə böyük ziyalı Həsən Bəy Zərdabi Bakıda milli teatrın əsasını qoydu. Düzdür, Tiflisdə İrəvandan bir neçə il öncə Azərbaycan teatrı fəaliyyət göstərməyə başlamışdı. Amma Tiflis o vaxtlar Qafqazın inzibati mədəniyyət mərkəziydi. Professional teatrın təşəkkülündə xalq teatrları əhəmiyyətli rol oynamışdı. 1873-cü ildə Bakıda və Tiflisdə bir-birinin ardınca göstərilən tamaşalar haqqında qəzetlərdə verilən xəbərlər İrəvanda da teatr sənətinə böyük maraq və həvəs oyatmışdı.

- O vaxta qədər İrəvanda erməni teatrı var idi?

- Bu barədə heç bir məlumat, tarixi sənəd yoxdur. İrəvan Azərbaycan Teatrı Qafqazın ən qədim teatrlarından sayıla bilər. Elə il olmayıb ki, İrəvan teatrında yeni tamaşa hazırlanmasın. 1928-ci ildə bu teatra dövlət teatrı statusu verilib və çox səmərəli fəaliyyət göstərib. 30-cu illərin sonu, 40-cı illərin ilk yarısında tanınan teatra çevrilib. 1935-ci ildən teatra rəsmi olaraq Cəfər Cabbarlının adı verildi və o, sənədlərdə “C.Cabbarlı adına Ermənistan Dövlət Türk Teatrosu” adlanırdı. Kazım Ziya, Rza Əfqanlı, Ətayə Əliyeva, İsmayıl Dağıstanlı, Əli Zeynalov kimi görkəmli sənətkarlar bir müddət bu teatrda çalışıb, formalaşıb, sonra Azərbaycana qayıdıblar. Əli Zeynalova Ermənistanın Əməkdar artisti fəxri adı da verilmişdi. Talelərini ömürlük İrəvan teatrı ilə bağlayan görkəmli aktyorlarımız da olub. Məmmədbağır Qaraxanov, Abasqulu Tağıyev, Cəmil Əliyev və başqalarının adını qeyd edə bilərəm. 1948-ci ildəki “könüllü” repressiyadan sonra SSRİ hökumətinin qərarı ilə 150 mindən çox soydaşımız Ermənistan ərazisindəki öz tarixi etnik torpaqlarından köçürüldü və teatr da bağlandı. Amma 1951-ci ilə qədər Göyçədə, Basarkeçərdə fəaliyyət göstərib. Zəngibasarda isə Xalq Teatrı kimi ardıcıl fəaliyyət göstərib. 1967-ci ildə teatr yenidən dövlət teatrı statusu alana qədər müntəzəm şəkildə fəaliyyətdə olub. O zamanlar Sovet hökuməti tez-tez müxtəlif şəhərlərdə, rayon mərkəzlərində xalq teatrları açırdı, buna görə, İrəvan teatrı da yaşaya bildi.

- Belə görünür ki, köçkün həyatı yaşayan teatrın heyəti fədakarlardan ibarət olub.

- Məncə, əsl fədakarlığı bu teatrı yoxdan yaradanlar, 1920-ci ilə qədər çalışmış aktyorlar etmişdilər. Teatr böyük mədəniyyətdir, savadlı, mədəni toplum olmayan yerdə teatr olmur, birdən-birə yaranmır. 1882-ci ildə İrəvanda azərbaycanlıların teatr yaratması o demək idi ki, bu ərazi tarixən bizim olub, biz orada çoxluq təşkil etmişik və belə bir mədəni-mənəvi ehtiyac yaranıb. 1880-ci ildə İrəvanda Tatar-rus məktəbi açılmışdı. 1882-ci ildə İrəvan müəllimlər seminariyası yaradılmışdı. Möhtərəm Prezidentimizin sərəncamı ilə bu il həmin təhsil müəssisəsinin 140 illiyi qeyd olunacaqdır. Bir daha vurğulayıram, məktəb, seminariya və teatr bu xalqın qədimdən İrəvanda formalaşmasının göstəricisiydi.

- Sözünüzə qüvvət olaraq deyim ki, fransız səyyahı Jan Şarden 1673-cü ildə İrəvanda, Xan sarayında olarkən göstərilən musiqili kompozisiyanı Avropadakı teatr sənətinə, musiqiçilərin və rəqqasələrın oyunlarını operaya bənzətmişdi. Yəni xalqın mədəniyyəti özünü hələ orta əsrlərdən göstərməyə başlamışdır.

- Elədir. Həqiqətdir.

- Siz bu teatra necə rəhbər təyin edildiniz?

- 1967-ci ildə dövlət teatrı yenidən bərpa edildi. Çox böyük uğurla ilk tamaşa qoyuldu. Həmin ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun sonuncu kurs tələbələrinin hamısı (11 nəfər) İrəvana göndərilmişdilər. İstedadlı rejissor Nəsir Sadıqzadənin rəhbərliyi altında C.Cabbarlının “Sevil” tamaşasını təntənəli açılış mərasimi üçün hazırlamışdılar. Böyük uğurla keçən tamaşanın premyerasına Mərkəzi Komitənin Büro üzvləri, Azərbaycandan gəlmiş böyük nümayəndə heyəti də tamaşa etdilər və mən o premyerada gənc jurnalist kimi iştirak edirdim. Lakin bu xoş günlər az çəkdi. Teatrın 50 neçə yaşlı direktoru bütün teatrı 17 yaşlı yeniyetmə bir qıza fəda etdi. Hətta öz səlahiyyətlərini də ona bağışladı. Aralarında sevgi münasibətləri yaşandı, evləndilər və bu hal teatrda dözülməz vəziyyət yaratdı, qalmaqallar başladı. Bu, teatrın fəaliyyətinə böyük ziyan vurdu. Gənc truppanın əsas özəyi teatrı tərk etmək məcburiyyətində qaldı. O gənc qız da, direktor da işdən uzaqlaşdırıldılar. İllər sonra mən rəhbərlik edərkən həmin qız qayıdıb teatrda normal fəaliyyət göstərdi. O zamanlar əsərlərimdən birində yazmışdım ki, gənclər bəzən səhvləri böyüklərin köməyi ilə edirlər. Belə bir ağır vaxtda məni o teatra göndərdilər. O zaman 24 yaşın içindəydim. Məni sevməyənlər, bədxahlarım deyirdilər ki, onun pioner baş dəstə rəhbəri olan vaxtdır, görəsən orada neçə gün dözəcək? Amma gecə-gündüz işləməyimiz, əməyimiz nəticəsində uğur qazana bildik. Mən kollektivimə aşıladım ki, biz başqa bir xalqın içərisindəyik, Azərbaycandan kənarda fəaliyyət göstərən yeganə dövlət teatrıyıq. Hər addımımız, bütün fəaliyyətimiz üzərimizə böyük məsuliyyət qoyur. Yeni aktyorlar cəlb olundu, dözülməz vəziyyətdən bezib getmiş bəzi aktyorlar geri qayıtdılar.

- O zaman xalqlar dostluğundan çox bəhs edilirdi, bu “başqa xalq” söhbəti ortaya atılmışdı?
- Ermənilər tərəfindən, bəli. Hələ 65-ci ildə uydurma soyqırımın 50 illiyində İrəvanda küçələrə çıxıb Qarsı, Vanı, Sarıqamışı, Qarabağı, Naxçıvanı istəyirdilər. Türkiyəyə və Azərbaycana qarşı ərazi iddialarını dilə gətirmişdilər. Xalqlar dostluğu məsələsi artıq suallar doğururdu. Sözümün əvvəlinə qayıdım, belə şəraitdə gərgin əməyimiz nəticəsində yenidən köhnə şöhrəti geri qaytara bildik. Elə bir romantik kollektivimiz var idi ki, onlar yalnız tamaşa xatirinə gecə-gündüz çalışmağa razıydılar, elə aktyorlar vardı ki, gözəl tamaşa oynayıb səhnədə həlak olmağa hazır idilər. Yaxşı xatırlayıram, o zaman Ermənistanın bəzi rəsmi şəxsləri, görkəmli mədəniyyət xadimləri yana-yana deyirdilər ki, bu teatr gözlərimizin önündəcə inkişaf etdi. Çox özünəməxsus bir teatr idi. Bizim tamaşaçılarımız da fərqli idilər sanki.

- Hidayət müəllim, necə düşünürsünüz, 24 yaşlı teatr təcrübəsi olmayan bir gənci direktor təyin edərkən bəlkə ermənilərin məqsədləri o olub ki, İrəvan teatrı inkişaf etməsin?

- Mümkündür ki, belə düşüncələr olub. Amma başqa fikirlər eşitmişəm. Bu barədə hətta mətbuatda da yazılıb. Məni çətin vəziyyətə salmaq, sıradan çıxarmaq üçün belə addım atılıb. MK katibliyi məni bu vəzifəyə təyin olunandan 3 ay sonra təsdiq elədi. MK-nın birinci katibi mənə çox narazılıqla baxmışdı. Sonralar bildim ki, məni görüncə çox narahat olub. Gənc olduğuma görə.

- Bəs özünüz heç narahat deyildiniz? Gənc idiniz, “birdən bacarmaram qorxusu” yox idi?

- Özümə inanırdım. Elə ona görə həmin Katibliyin iclasında mənə bildirildi ki, bu, sizin karyeranızın başlanğıc nöqtəsi də ola bilər, bitiş nöqtəsi də. Bütün erməni mətbuatı bizdən yazmağa başladı, Naxçıvana, Gəncəyə, Tiflisə böyük qastrollarımız oldu. 1977-ci ildə yeni teatrın 10 illiyinin keçirilməsi təklif olunanda, mən qətiyyətlə bildirdim ki, 78-ci ildə dövlət teatrının yaradılmasının 50 illiyi qeyd edilməlidir. Bu, əlbəttə erməniləri narazı saldı. Ermənistanda Azərbaycan Dövlət Teatrının yaranmasının 50 illiyi sözü onlara xoş görünmürdü. Mən bu tədbirin keçirilməsinə nail oldum. MK Bürosu üzvlərinin, Azərbaycan nümayəndə heyətinin iştirakı ilə Respublika səviyyəsində teatrın 50 illiyi təntənə ilə qeyd edildi.

- Azərbaycan tərəfi sizə diqqət göstərirdi?

- Biz o illərdə Azərbaycana arxalanırdıq. 69-cu ildən Heydər Əliyev Azərbaycana rəhbərlik edirdi və Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın həyatı ilə dərindən maraqlanırdı. Hətta Moskvada Ermənistan rəhbəri ilə görüşərkən İrəvan teatrı ilə maraqlanmışdı. Onun dəstəyini hiss edirdik. 1978-ci ilin payızında teatrımızın Bakı qastrolu təşkil edildi. Bu tarixdə teatrımızın Bakıya ilk və son qastrolu oldu. 14 gün davam etdi. Musiqili Teatrın binasında tamaşalar verdik. 5 tamaşa ilə gəlmişdik. O zamana qədər və ondan sonra heç bir teatr Bakıda 14 gün qastrolda olmayıb. Gündüz və axşam tamaşaları verirdik. Əli Zeynalov tamaşadan öncə mənimlə görüşüb dedi ki, bu 40-cı illərin teatrını xatırlatdı. Biz çox yüksək səviyyədə qarşılandıq. Teatrın kollektivinə Fəxri Fərmanlar verildi. İndi teatr barədə danışan hər kəs qeyd edir ki, İrəvan teatrının intibah dövrü məhz o illərdə olub. Teatr bütün Qafqazda, Moskvada tanındı, İrəvanın rəsmi dairələrində möhtəşəm Bakı qastrolu barədə danışıldı, bu, son illərin ən yaxşı qastrol səfəri hesab edildi

- Bu şöhrətdən sonra özünüzə qarşı qısqanclıq hiss etdiniz?

- Bu qısqanclıq hər zaman olmuşdu. Heç bir erməni öz dövləti ərazisində güclü Azərbaycan teatrının varlığından sevinc duymurdu. Bunu da qeyd edim ki, Ermənistanda olduğumuz müddətdə, bizim heç bir zaman öz binamız olmadı, vermədilər, mədəniyyət sarayında fəaliyyət göstərirdik, bu bizim bazamız idi, tamaşa hazırlığı, teatrın istehsalat bazası, hətta bağlı tamaşaların göstərilməsi üçün hər cür şərait vardı. Mədəniyyət Sarayı bütünlüklə bizə məxsus idi. Fəqət teatrı yaratmaq çox çətindirsə, dağıtmaq çox asandır. Məndən dərhal sonra təmir adıyla teatrı oradan çıxarıb, əlil uşaqlar üçün reabilitasiya mərkəzinin mansardında “yerləşdirdilər”. Mən dəfələrlə teatra bina verilməsi təklifi ilə çıxış etmişdim. Hətta bir dəfə kollegiyada sərt çıxış elədim. Mənə yaxşı münasibətdə olan görkəmli bir teatrşünas iclasdan dərhal sonra mənə dedi ki, sən böyük işlər görürsən, mən də sənin dostunam, amma bu bina söhbətini yığışdır. Bina versələr, sənin teatrın İrəvanın ən yaxşı teatrı olacaq, onu da bir erməni olaraq mən istəmərəm. Sənin teatrın Azərbaycan, erməni, rus, gürcü teatrlarının ən yaxşı ənənələrini mənimsəyib. Buna görə biz sizin yüksəlişinizi istəmərik. Düzdür, o bunu guya yarızarafat demişdi. Lakin içində böyük həqiqət payı var idi. Mədəniyyət naziri Ermənistan teatrlarının rəhbərlərinə bizim teatrdan nümunə götürməyi tövsiyə edirdi. O illərin tanınmış rejissoru SSRİ xalq artisti, Ermənistan Teatr Cəmiyyətinin sədri, Hrasaya Qalpanyan (Ulu öndərimiz Heydər Əliyevin dəvəti ilə Bizim Akademik Dram teatrın səhnəsində Hakop Poronyanın “Şərqli diş həkimi” komediyasını mənim tərcüməmdə səhnəyə qoymuşdu) hər yerdə (Mərkəzi Komitədə də) heyrətlə deyirdi. “İrəvan Azərbaycan teatrının kollektivi dekabristlərdir!”. Erməni rejissorluğunun patriarxı Vartan Əcəmyanın sözləri də yadımdadır: “Bu gənclərlə dağı dağ üstə qoymaq olar”.

Bütün bunlar əlbəttə, onlara xoş gəlmirdi. Biz orada hər zaman səhnəyə milli əsərlər qoyurduq və mənə qarşı hücumlar olurdu

- Teatr dramaturq Hidayəti yaratdı, yoxsa dramaturq Hidayət teatrı yenidən yaratdı? Belə deyə bilərikmi?

- Mən teatra gələndən xeyli sonra pyeslərim meydana gəldi. İlk əsərim “Məhəbbət yaşayır hələ” 1975-ci ildə tamaşaya qoyuldu. Öz əsərlərimin tamaşaya qoyulmasını istəmirdim. O zaman Nəsir Sadıqzadə deyirdi ki, Hidayətin nəsri də, publisistikası da dramaturgiyadır. Mən teatrda olanda pyes yazmağa daxili ehtiyac duydum, amma bunun direktor olmağımla əlaqələndirilməsini istəmirdim. Sonralar yazdım. 10-dan çox pyesim müxtəlif teatrlarda səhnələşdirildi. Mən hər şeyi etdim ki, teatr çiçəklənsin və buna nail oldum. Bu, bir geridönməz uçuş idi. Gəncliyimin enerjisi, romantikası ilə verilən bir uçuş. 1984-cü ildə ailə vəziyyətimlə bağlı Bakıya köçəndən sonra Mərkəzi Komitədən Bakıda yenə teatrda direktor vəzifəsi təklif olundu, özümü təkrarlamaq istəmədim. Təşəkkürümü və etirazımı bildirdim. Bir qədər sonra artıq “Gənclik” nəşriyyatının baş redaktoru işləyəndə mənə əvvəlcə Gənc Tamaşaçılar Teatrının direktoru, sonra Akademik Dram Teatrın rəhbəri vəzifələri təklif olundu. Özümü başqa sahələrdə görmək istədim. Sonralar vaxtilə İrəvan teatrında çalışmış aktyorlarla Bakıda görüşdüm və söhbət zamanı həmin aktyorlar onlarda əvvəlki vurğunluğun qalmadığını dedilər. O, bir dövr idi, gəldi, getdi. O fantaziya, o vurğunluq qaldı doğma Zəngəzurda, İrəvanda. Yenə deyirəm, o, bir geridönməz, qeyri-adi uçuş idi. Mənim bütün gəncliyim (24 yaşın içində gəldim, 40 yaşın içində getdim) o teatrın formalaşmasına, tərəqqisinə həsr olundu. Məmnunam ki, məqsədimə nail oldum.

- Doğma teatrınızın bugünkü fəaliyyətini izləyirsiniz?

- Bəli, izləyirəm. Ona görə yox ki, mənim əsərlərim tez-tez səhnələşdirilir. Teatr indi Binəqədidə Mədəniyyət Sarayında yerləşir, 2006-cı ildə möhtərəm Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə 125 illiyi təntənəli qeyd edilib. Prezidentimizin göstərişi ilə Mədəniyyət Sarayı əsaslı təmir olunur və teatr binası olaraq hazırlanır. Tanınmış aktyor və dramaturq İftixar Piriyev teatra rəhbərlik edir və səmərəli fəaliyyət göstərir. Teatrı müşahidə edirəm.

- Ancaq ümumiyyətlə çağdaş teatrın problemləri də çoxdur.

- Teatr incəsənətin şah budağıdır. Teatr səhnəsi, tamaşaçı ilə üz-üzə olmaq əvəzsiz bir dünyadır. Müasir dövr teatrın fəaliyyətinə mane olmamalıdır, olursa, bu, tamaşaçının yox, teatrın özünün problemidir. Mən o illərə minnətdaram, hər gün erməni təqibləri ilə üzləşmiş, amma həmişə qələbə çalmış o kollektivə minnətdaram.

İlhamə Rəsulova

yeniazerbaycan.com