«Beyin köçü»: gedib qalanlar və qayıtmaq üçün gedənlər - professor Səlahəddin Xəlil
«Beyin köçü»: gedib qalanlar və qayıtmaq üçün gedənlər - professor Səlahəddin Xəlil
10.03.2021 Səlahəddin Xəlilov Tərəfindən

Biz «qayıtmaq üçün gedən» deyərkən Qərbə öz şəxsi məqsədləri ilə deyil, öz millətinə xidmət etmək, görüb-götürmək, həm müəyyən bir ixtisas sahəsində biliklər əldə edərək, «qazandıqları sərvəti» vətəninə daşıyanları nəzərdə tuturuq.

Hələ keçən əsrlərdən başlayaraq, Qərbin alim və ziyalıları Şərq ölkələrinə bir qayda olaraq, məqsədyönlü surətdə – öyrənmək, tədqiq etmək və əgər Şərqdə hələ də diqqətəlayiq nə isə varsa, onları mənimsəmək və istifadə etmək, Qərb mədəniyyətinə qatmaq məqsədilə səfər edirlər.

Missionerliklə məşğul olanlar da var idi ki, onların məqsədləri bir qədər fərqlidir: yəni öz dünyagörüşünü, əqidəsini, düşüncə tərzini, mədəniyyətini yaymaq, özünə davamçılar yetişdirmək və beləliklə hərbi istiladan fərqli olaraq, intellektual istilaya, əqidənin ekspansiyasına nail olmaq.

Ziyalıların Şərqdən Qərbə getməsini şərtləndirən amillər isə tamamilə başqa xarakterlidir. Bu sırada ilk növbədə azad düşüncə və yaradıcılıq fəaliyyəti üçün əlverişli mühit axtarışını qeyd etmək olar.

Gedib hər hansı bir Qərb ölkəsində özünə yer etmək, yabançı mühitin üzvünə çevrilmək, yadlaşmaq, bunun müqabilində şəxsi həyatını təmin etmək və hətta müəyyən populyarlıq qazanmaq da mümkündür. Lakin beləliklə öz vətəni və xalqı üçün tamamilə itib getmək olar. Bu, bir cür aqibətdir, öz simasını və amalını dəyişmədən, itirmədən yaradıcılıq mühiti əldə etmək isə tamamilə başqa cür aqibətdir.

Şərq ölkələrindən Qərbə mühacirətdə iki fərqli motiv və hadisə fərqləndirilməlidir:

Əvvəla, iş tapmaq, pul qazanmaq niyyəti ilə kasıb ailələrdən gedənlər... Və təbii ki, belə adamlar nə yeni mədəniyyət mənimsəməyə, nə də öz mədəniyyətlərini, öz mədəni-mənəvi varlıqlarını ifadə etməyə vaxt tapa bilirdilər. Daha doğrusu, bu, onların nə məqsədlərinə, nə də hazırlıq səviyyələrinə uyğun idi.

Lakin tədricən fərqli missiyaya malik bir köç də formalaşmağa başladı. Pul qazanmaq naminə səfər edən ataların övladları artıq müəyyən maddi təminata, ilkin savad və bilik səviyyəsinə malik olduqlarından, indi başqa missiya ilə fəaliyyət göstərə bilirlər. Bu ikincilər, bir tərəfdən Qərb elmini və mədəniyyətini mənim¬səmək, digər tərəfdən də öz mühitlərində inkişaf etdirə bilmədikləri yaradıcı qabiliyyətlərini reallaşdırmaq, elmi və mədəni-mənəvi mühit əldə etmək məqsədinə xidmət edə bilərlər.

Atalar və oğullar. Mədəni intibaha xidmət edən maddi dirçəliş. Maddi təminat üçün səfər edənlərin içindəki işığın öz simalarında olmasa da, övladlarının simasında aydınlanması, zahirə çıxması...

İkinci nəfəs... İkinci nəsil...

Ömür vəfa etməyəndə ideyaların övladlar vasitəsilə və onların simasında işıq üzü görməsi, davam etdirilməsi. Əlbəttə, bu İkinci nəslə heç olmasa bir qığılcım - milli işıq ötürülübsə...

Visiontv.az