Barışmançonu anarkən.....
Barışmançonu anarkən.....
01.02.2022 Hikmət Babaoğlu Tərəfindən

Çizmə nədir ? ....bilmirəm, nədir ki ...? Barışmanço oxuyur, deyir ki sarı çizməli Mehmet ağa ... bax o çizməni deyirəm ....bilmirəm.....! Çizmənin nə olduğunu bilməsəm də hər halda onu sarı rəngli üzərində isə çizmələr yəni xətlər olan bir geyim kimi başa düşür və dəqiqləşdirmək üçün önümə çıxan böyüklərdən mənasını soruşurdum, cavab isə eyni idi ...bilmirəm.

Ancaq çizmənin nə olduğunu bilməməm mənim "Yaz dostum" mahnısını sevməyimə əsla mane olmurdu əksinə mahnının sözlərini bir qədər daha sehirli edirdi. Çox sonralar çizmənin çəkmə olduğunu öyrənsəm də Barışmançonu və onun mahnılarını niyə bu qədər sevdiyimin səbəbini öyrənə bilmədim. Bu gün də bilmirəm! İndi, illər sonra, bu gün böyük sənətkarımızın ölümünün 23-cü ildönümündə Barışın mahnıları məni kəndimizə, uşaqlığıma, gəncliyimə qaytararaq kövrəltdi.

...Gəncliyim qədər uzaq, gəncliyim qədər əlçatmaz olan olan, ruhumun vətəni, həsrət dolu xatirələrimin vətəni, ən şirin yuxularımın, ən kövrək anlarımın vətəni kəndimizə! Kəndimizin dar və əyri küçələrində, ot basmış cığırlarında, məktəbdən gələn yolun yoxuşunda, kəndimizin dağalrının qayasında, daşında yenə Barışı dinlədim ....! Yaz dostum, yaz dostum gözəl sevməyənə adam denirmi?! Yaz dostum, yaz dostum altı-üstü beş metrəlik bez üçün boşa keçmiş ömrə yaşam denirmi?! Yenə bilmirəm ...denirmi ..?!  Doğurdanmı boşa keçdi ömrümüz..?!

Kəndimiz düz Türkiyə sərhəddində yerləşirdi. Kəndimizdə çox az sayda olan televizorlar Bakını tutmasa da TRT–ni göstərirdi. Fizika müəllimimiz rəhmətlik Yolçu müəllim ibtidai üsulla gücləndirici düzəldərək televizora montaj edirdi və beləliklə də yayına daha keyfiyyətli formada baxırdıq! Allah sənə rəhmət eyləsin Barışmanço, Allah sənə rəhmət eyləsin Yolçu müəllim! Bəzən həyat çox uzun bəzənsə çox qısa gəlir insana. Ancaq hər şey mühasibatı sevdiyi kimi həyat da mühasibatı sevir... Yaz taxtaya bir daha, tut dəftəri kitabı, sarı çizməli Mehmet ağa bir gün ödər hesabı..! Allah sənə də rəhmət eyləsin sarı çizməli Mehmet ağa! Sarı çizməli Mehmet ağa hamıya hesab ödəyərək axırda müflis oldu! Yenə də bilmirəm görəsən onun kasıb vaxtlarında heç hesabını ödəyən oldumu ..?!

P.S... Bu gün biz erməniyə illərin hesabını ödətmişik. Qalıb Zəngəzurdakı, İrəvandakı, Zəngibasardakı, Göyçədəki, Ağbabadakı hesabımız! Şəxsən mənim erməni vandallarının  ucbatından yaşanmayan uşqalığımın, gənclik xatirələrimin, onlara fiziki təmas etmək imkanlarımın əlimdən alınmasının hesabı… Ödəyəcəklər… ödətdirəcəyik! Mən bir gün yenə də məktəbin qabağından tərpənib evimizə sarı gedən yoldakı yoxuşda Barışmançonu dinləyəcəm! Və deyəcəm… yaz dostum, yaz bu tarixi… biz gəlmişik! Yaşasın Ali Baş Komandanımız! Yaşasın Müzəffər Ordumuz!

Millət vəkili Hikmət Babaoğlu

Visiontv.az