Bank kartlarından oğurluq hansı məsuliyyətə səbəb olur? "Hüquq saatı"rubrikası...
Bank kartlarından oğurluq hansı məsuliyyətə səbəb olur? "Hüquq saatı"rubrikası...
30.03.2023 MEDİA Tərəfindən

Yaşadığımız dövrdə bir sıra yeniliklərin olması ilə bərabər bu yeniliklərlə bağlı problemlərlə də üzləşirik. Bəzən müşahidə edə bilərik ki, müasir cinayət forması olan kibercinayətlərin sayında artım mövcuddur. Bu artım, xüsusən də, bank kartlarından edilən oğurluqlarda daha çox müşahidə edilir. Çünki bu ödəniş kartları nağdsız ödənişlər üçün ən geniş istifadə edilən vasitədir.

Artıq neçə ildir ki, dünyanın aparıcı ölkələrində kibercinayətkarlığın bu növü ilə ciddi mübarizə aparılır. Onlayn fırıldaqçılıq olan bank kartlarından pulların oğurlanması son illərdə ölkəmizdə də müşahidə edilməyə başlayıb. Belə ki, pandemiya dövründən əvvəl də mövcud olan bank kartları vasitəsilə onlayn ödənişlər bu dövrdən daha da genişlənib. Bu da öz növbəsində kartlardan pulların oğurlanması hallarının artmasına gətirib çıxarıb. Hüquqşünas Əlisuvar Rüstəmov hesab edir ki, bank kartlarından pulların oğurlanmasının bir neçə geniş yayılmış üsulları var. Bunlara misal kimi fişinq və vişinqi qeyd edə bilərik:

Fişinq müəyyən üsullarla istifadəçinin istifadəçi adı, şifrəsi, kart məlumatları və digər həssas məlumatlarının dələduzlar tərəfindən ələ keçirilməsi və oğurlanmasıdır. Fişinq hücumlar zamanı dələduz bank saytı kimi görünən saxta veb-sayt yaradır. Sonra isə onlar istifadəçiləri müxtəlif şirnikləndirmə üsullarından istifadə edərək bu sayta aldadıb aparmağa cəhd edirlər ki, burada onlar gizli istifadəçi məlumatlarını, yəni istifadəçi adı, şifrə, şəxsi hesab məlumatlarını əldə etsinlər. Sonda isə bu məlumatlar fırıldaqçılıq fəaliyyətinin həyata keçirilməsində istifadə edilir.

Dələduzlar telefon zəngi ilə bank və ya hüquq-mühafizə orqanları yaxud da digər qurumun əməkdaşı olduğunu bildirir və şəxsə onun haqqında bəzi məlumatları söyləyir. Məsələn, ad, soyad və s. Belə olduqda da həmin şəxsdə zəng edən dələduza qarşı inam yaranır və onun soruşduğu məxfi məlumatları söyləyir. Dələduz həmin məxfi məlumatları soruşma səbəbini müxtəlif bəhanələrlə izah edir. Məsələn, şəxsə zəng edilərək bildirilir ki, o, müəyyən məbləğdə pul udub və bu pulun ödənilməsi üçün kart məlumatlarını verməlidir və s.

Şəxslərin bank kartlarında olan pulları onların mülkiyyəti hesab olunur. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunub.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bank kartlarından pulların oğurlanması mülkiyyətə qəsd hesab olunur. Kartlardan pulların oğurlanması ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində məsuliyət nəzərdə tutulmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab olunur. Buna görə də bu cinayəti törədən şəxs adı çəkilən maddə ilə məsuliyyətə cəlb olunur. Bir məsələni də nəzərə almalıyıq ki, bu maddədə nəzərdə tutulan məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə 100 manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır.

Bu təhlükədən qoruna bilmək üçün aşağıdakılara riayət etmək lazımdır:

1. Kartın üzərindəki 16 rəqəm, CVV/CVC kodu, kartın PIN kodu və s. kimi məxfi məlumatları heç kimə verməmək
2. İnternetdə qarşınıza çıxan lotereya və ya prizlər yaxud da başqa elanlarla bağlı şübhəli keçidlərə keçməmək və s.

Əgər artıq məxfi məlumatları şübhəli şəxsə vermisinizsə, aşağıdakıları etməyiniz məsləhət görülür:

1. Müəyyən şifrələri dəyişmək
2. Əgər mobil tətbiq mövcuddursa, kartı blok etmək
3. Bankla əlaqə saxlayaraq vəziyyəti bildirmək və s.

Bünyamin Bünyadzadə

Visiontv.az