Balacalar üçün “4 yemək” adlı kulinariya müsabiqəsi başlayır
01.06.2021

Mayın 31-dən başlayaraq feysbuk sosial şəbəkəsinin ən məşhur qruplarından olan “Азербайджанская Кухня и не только” da 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar balacalar üçün “4 yemək” adlı müsabiqə başlayır. Müsabiqə çərçivəsində uşaqlar hər həftə müvafiq olaraq səhər, günorta, şam yeməyi və desert hazırlayacaqlar. Həftənin sonunda isə bütün iştirakçıların reseptləri nəzərdən keçiriləcək və 4 qalib seçilib dəyərli hədiyyələrlə mükafatlandırılacaq.

Müsabiqədə 2 yaşdan 18 yaşa qədər bütün uşaqlar iştirak edə biləcəklər. Əlbəttə ki, ailə üzvlərinin kömək etməsinə də icazə veriləcək. Belə ki, müsabiqənin məqsədi uşaqları mətbəxlə maraqlandırmaq, onlara ən sadə yeməkləri hazırlamağı öyrətmək, ailələri ilə birgə vaxt keçirib əylənməkdir.

“6 ay idi ki, qrupumuzda böyüklərin sevə-sevə iştirak etdiyi “Dünyanın dadı” müsabiqəsi davam edirdi. İyun ayını isə tamamilə uşaqlara həsr etmək istədik. Ağlıma uşaqlara faydalı olacaq, onlara nələri isə öyrədə biləcək bir müsabiqə təşkil etmək gəldi. Ümid edirəm ki, 1 ay ərzində biz gözəl nəticələr əldə edə biləcəyik və övladlarımız özləri üçün bəzi yeməkləri artıq müstəqil şəkildə bişirməyi öyrənəcəklər. Mən özüm də böyük həvəslə 3 balamla birlikdə bu müsabiqə üçün yeməklər hazırlayacağam,” - deyə qrupun admini və müsabiqənin müəllifi Kübra Kərimli vurğulayıb.

Müsabiqəyə qoşulmaq üçün feysbukda “Азербайджанская Кухня и не только” qrupuna üzv olmaq lazımdır:  https://www.facebook.com/groups/158809490864818/

Müsabiqənin şərtləri haqqında ətraflı məlumat qrupda paylaşılacaq.

Müsabiqənin baş sponsoru “Soliton” Mağazalar Şəbəkəsi, sponsorları isə “TOUX restoranı”, “Granat Buket” və yazıçı Çinarə Köçərlidir.

Xatırladaq ki, “Азербайджанская Кухня и не только” qrupu 2011-ci ildən fəaliyyət göstərir və qrupun 22000-nə yaxın üzvü var.