Bakıda qadına bıçaqla xəsarət yetirilib
25.07.2020

Bakıda quldurluq hadisəsi baş verib.

Visiontv.az-ın xəbərinə görə, hadisə iyulun 22-i saat 21:10 radələrində Nəsimi rayonu, 20 Yanvar küçəsində qeydə alınıb.

Belə ki, naməlum şəxs 1989-cu il təvəllüdlü G.Əlikişiyevanın əlindən mobil telefonunu quldurluq yolu ilə ələ keçirib. Bu zaman qadın telefonunu həmin şəxsdən geri almağa çalışıb. Naməlum şəxs isə qadına bıçaq xəsarətləri yetirib.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Biləsuvar rayon sakini, 1993-cü il təvəllüdlü Rauf Əsədov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.