Badamdarda sürüşmə olub, yol bağlanıb - YENİLƏNİB
09.01.2020

"Yanvarın 9-da səhər saatlarında Badamdar sürüşmə sahəsində yenidən aktivləşmə baş verib. Eni təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar-20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edib".

Bunu jurnalistlərə açıqlamasında  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov bildirib. O qeyd edib ki, hazırda sürüşmə sahəsində aktivlik müşahidə olunur.

Ə. Qaralovun sözlərinə görə, ərazidə yaşayış evləri yoxdur: "Sürüşmə ərazisindən aşağıda qalan evləri isə heç bir təhlükə gözləmir".

Yolun tamamilə bağlandığınıı deyən ekspedisiyası rəisi sürüşmə nəticəsində axan torpaq kütləsinın ərazidə yerləşən restoranın divarlarına dirəndiyini bildirib.

ETSN tərəfindən ərazidə monitorinqlər aparılır.

***

09:15

Badamdarda baş verən sürüşmə nəticəsində 20-ci sahəyə gedən yol bağlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya bildirib ki, sürüşmə nəticəsində köhnə sürüşmə sahəsinə aid torpaq qatının bir hissəsi uçaraq yola tökülüb. Sürüşmə sahəsinin eni 80 metrə yaxındır.

***

08:42

Badamdarda sürüşmə olub. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya bildirib ki, hazırda nazirlik əməkdaşları hadisə yerinə gedirlər: "Hadisə yerinə çatandan sonra bunun sürüşmə və ya uçqun olduğu aydınlaşacaq". 

Qeyd edək ki, sözügedən ərazidə sonuncu sürüşmə 2018-ci ildə olub.