21.010.2020
Axtar
Ölkə
alt

AzTV-nin prezident müxbirindən qeyri-rəsmi reportajlar-Şöhrət El-Dəniz

Prezident müxbirləri...

Əvvəllər prezident çəkilişlərinə gedən jurnalistləri belə adlandırırdıq. Mən özüm də rəhmətlik Prezident Heydər Əliyevlə bir neçə xarici ölkədə çəkilişlərdə olmuşam. Heydər Əliyevin dövründə rahat idi. Onun təyyarəsində gedirdik, qalmaq, yemək problemimiz olmurdu. Ən əsası isə Heydər Əliyev jurnalistlərlə işləmək üçün rahat və münbit mühit yaradırdı. Hər tədbirdən sonra jurnalistlərin Heydər Əliyevi əhatəyə alaraq istədikləri sualı verib cavab almaq imkanı varıydı. İndi isə bilmirəm. Gördüyüm yalnız 2-3 televiziya jurnalistinin fərəqət vəziyyətində dayanıb prezidentin çıxışına qulaq asmasıdır. Sual vermək, fikir öyrənmək kimi təşəbbüs hiss olunmur. Verilən sualların məğzindən isə anlaşılır ki, Prezidentin mətbuat xidməti tərəfindən hazırlanıb.

Soruşa bilərsiniz ki, niyə bu barədə yazmaq qərarına gəldim?

Birincisi: Son dövrlər prezident İlham Əliyevin mətbuata münasibəti və əlçatımlılığı müsbət mənada dəyişib. Bayaq dediyim bəzi məmur senzurası və qadağaları olmasa mətbuat-prezident münasibətləri daha səmim ola bilər. Yəqin gələcəkdə bu məsələ yoluna qoyulacaq. Çünki Prezident İlham Əliyev ətrafında yaradılmış bütün baryerləri tədricən söküb atır. Əminəm ki, süni yaradılan mətbuatla ünsiyyət baryerini də aşacaq.

İkincisi: Son günlər prezidentin görüşləri, tədbirləri, orada verdiyi müsahibələr barədə AzTV-də hazırlanan süjetlərə baxıram. Sözün düzü Rüfət Həmzəyevin timsalında hazırlanan bu süjetlər xoşuma gəldi. Düzdür bəzi nöqsanlar söyləyə bilərəm. Amma ümumilikdə yeni üslubda təqdim etdiyi süjetlər mənə həm peşəkarlıq baxımından müsbət fikir yaratdı, həm də səmimilik hiss etdim. Əslində Rüfət Həmzəyevin təqdim etdiyi xəbər formatı yeni deyil. Bu formatda xəbərləri RTR kanalının prezident müxbiri Pavel Zarubin də hazırlayır. AzTV əməkdaşı Rüfət Həmzəyev Zarubini tam kopyaladığını söyləmək insafsızlıq olardı. Rüfət çalışır ki, təqdim etdiyi süjetlərin özünəməxsusluğunu hiss etdirsin. Və buna qismən də olsa nail ola bilir. Düzdür Rüfət Həmzəyevin prezidentlə olan səmimilik əmsalı və fəailiyyət imkanları Pavel Zarubin qədər deyil. Yəqin bunun üçün Rüfətə vaxt lazımdır, bir də Peskov kimi mətbuat katibi. Amma bütün hallarda AzTV-nin hal-hazırda təqdim etdiyi prezident süjetləri əvvəlki kimi bezdirici və şablon xarakterli deyil. Rüfətin süjetləri Prezidentlə tamaşaçı arasında səmimi münasibət qurmağa imkan yaradır. Və o bu işi daha da effektli etməyə çalışmalıdır. Sonda bir-iki təklifim var: Rüfət Həmzəyev prezident çəkilişlərində hələlik ona nə imkan yaradırlarsa, o çərçivədə işləyir. Getdikcə bu çərçivəni yırtıb daha geniş imkanlar əldə edəcəyinə inanıram. Daha doğrusu prezident İlham Əliyev süni yaradılan bəzi məmur çərçivələrinin gərəksiz olduğunu dəfələrlə deyib və bu maneləri dağıtmağa meyillidir. Ümidvaram ki, mətbuatla olan baryeri də ləğv edəcəyi gün uzaqda deyil. O ki qaldı təklifimə…

Təklif edirəm ki, prezidentlə bağlı hazırladığı reportajlarda təqdim etdiyi qeyri-rəsmi məqamlara daha çox üsütünlük versin. Fikrimi daha dəqiq ifadə edim; Prezidentin görüşlərdə, açılışlarda, mətbuat konfaranslarında lentə alınan qeyri-rəsmi görüntülərindən də reportajlar hazırlasın. Rəsmi süjetlə yanaşı qeyri-rəsmi reportajlar da efirə verilsin. Necə ki bunu RTR-dən Pavel Zarubin edir. Digər bir məqam. Hər bazar RTR-də Solovyovla Zarubinin bir yerdə 30 dəqiqəlik “Moskva, Kreml, Putin” verilişi hazırlanır. Çox baxımlı və maraqlı bir verilişdir. O tip verilişi Rövşən Məmmədovun “Həftə”sində 15-20 dəqiqəlik rubrika kimi vermək olar. Lap ayrı veriliş kimi də təqdim etmək mümkündür. Bütün hallarda baxımlı və Azərbaycan üçün yenilik olacaq.

Visiontv.az

Şərh