AzTU-da “Gələcəyin mühəndisi-2” olimpiadasının qalibləri mükafatlandırılıb
24.06.2021

Azərbaycan Texniki Universitetində (AzTU) “Gələcəyin mühəndisi-2” onlayn olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə şagirdlər, onların valideynləri və müəllimləri, həmçinin müxtəlif şirkətlərin nümayəndələri iştirak edib.

Rektor Vilayət Vəliyev olimpiadada qalib gələn şagirdləri təbrik edib, onlara uğurlar arzulayıb. Bildirib ki, ötən ildən başlayaraq hər il keçirilən olimpiadanın təşkil olunmasında məqsəd şagirdlər arasında mühəndis ixtisasına marağın artırılmasıdır. Rektor qeyd edib ki, olimpiadaya hər il abituriyentlərin marağı daha da artır. Belə ki, bu il “Gələcəyin mühəndisi -2” olimpiadasında Bakıdan və Azərbaycanın digər bölgələrindən I və II ixtisas qrupu üzrə hazırlaşan 275 nəfər XI sinif şagirdi iştirak edib. İştirakçılara fizika və riyaziyyat, kimya və informatika fənlərinin hər biri üzrə 2  sual təqdim olunub. Olimpiadanın nəticələri universitetin müəllimlərindən ibarət işçi qrupu tərəfindən yoxlanılıb. Rektor həmçinin AzTU-da tələbələr üçün yaradılan imkanlardan da söhbət açıb.

Tədbirdə iştirak edən məktəb direktorları, validenlər və şirkət nümayəndələri də olimpiadanın əhəmiyyətindən danışıb. Daha sonra qaliblər mükafatlandırılıb. Qaliblərə müxtəlif hədiyyələr və sertifikat təqdim olunub.

Qeyd edək ki, müsabiqədə 1-ci yerə layiq görülən abituriyent AzTU-ya qəbul olunsa, rektorun xüsusi təqaüdü ilə mükafatlandırılacaq.

Xatırladaq ki, ötən il AzTU-da keçirilən “Gələcəyin mühəndisi -1” onlayn olimpiadasında 185 nəfər XI sinif şagirdi iştirak etmişdi.