Azərbaycanla ÜGT arasında sənəd imzalandı
20.04.2021

Aprelin 20-də Ümumdünya Gömrük Təşkilatının Yük Hədəfləmə Sisteminin (YHS) Azərbaycan gömrük xidmətində tətbiqi ilə bağlı görülmüş işlərin yekunlaşmasını nəzərdə tutan sənədin onlayn imzalanması mərasimi keçirilib. Visiontv.az xəbər verir ki, mərasimdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev, Komitənin müvafiq qurumlarının rəhbərləri, ÜGT-nin Baş katibi Kunio Mikuriya, bu qurumun Nəzarət və Asanlaşdırma üzrə direktoru Pranab Kumar Das, Administrasiya və Heyət üzrə rəhbər Hans Pieters və digər şəxslər iştirak ediblər.

ÜGT-nin risklərin idarə edilməsinə əsaslanan sisteminin Azərbaycan gömrüyündə tətbiqinin DGK üçün böyük əhəmiyyət daşıdığını vurğulayan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev qeyd edib ki, gömrük işində risklərin qiymətləndirilməsinə dəstək məqsədilə hazırlanan və yüklərə dair məlumatların toplanmasına, saxlanmasına və mübadilə edilməsinə imkan verən YHS yüksək riskli yüklərin müəyyənləşdirilməsinə və aşağı riskli yüklərin gömrük-sərhəd buraxılış məntəqələrindən keçidinin sürətləndirilməsinə, bununla da ticarətin asanlaşdırılmasına və təhlükəsizliyinin təmin edilməsinə imkan yaradacaq.

Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya YHS-nin tətbiqi ilə bağlı imzalananan sənədin təmsil etdiyi qurum üçün də əhəmiyyət daşıdığını bildirib.

Sonra çıxış edənlər YHS-nin əhəmiyyətindən, beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsindəki rolundan bəhs ediblər.

Sonda Ümumdünya Gömrük Təşkilatının Yük Hədəfləmə Sisteminin Azərbaycan gömrük xidmətində tətbiqi ilə bağlı görülmüş işlərin yekunlaşmasını nəzərdə tutan sənəd onlayn şəkildə imzalanıb.

Sənədi Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və ÜGT-nin Administrasiya və Heyət üzrə rəhbəri Hans Pieters imzalayıblar.