Azərbaycanın xüsusi xidmət orqanları kifayət qədər peşəkar və geniş informasiya bazasına malikdirlər
Azərbaycanın xüsusi xidmət orqanları kifayət qədər peşəkar və geniş informasiya bazasına malikdirlər
21.10.2021 Nəsib Məhəməliyev Tərəfindən

Son günlər Dovlət Təhlukəsizlik Xidmətinin əməkdaşları tərəfindən İran Xüsusi Xidmət orqanları ilə əlaqədə şübhəli bilinən bəzi "dindar"ların saxlanılması və dindirilməsi, bir aydan çoxdur rəsmi Tehranla Bakı arasında baş verən gərginliyin yeni müstəviyə çıxdığına dəlalət edir. Bəzi mütəxəssislər bu gərginliyin tədricən səngiyəcəyini, bəziləri isə daha da gərginləşəcəyini deyir.

Bu barədə Milli Məclisin deputatı Nəsib Məhəməliyev Visiontv.az saytına açıqlama verib.

- Son günlər DTX tərəfindən İrana bağlılıqda şübhəli bilinən şəxslərin saxlanılması və dindirilməsi hadisələrin ciddiliyinə dəlalət edir yoxsa sadəcə profilaktik tədbir kimi dəyərləndirmək olar?

- DTX tərəfindən İrana  bağlı şübhəli şəxslərlə aparılan profilaktik işləri tam doğru hesab edirəm. Heç kimə sirr deyil ki, Azərbaycanda yaradılmış demokratik, tolerantlıq mühitindən sui-istifadə edən molla rejimi minlərlə gənclərimizi dini təhsil almaq adı ilə  Qum şəhərinə aparmış və beyinlərini farsyönümlü ideyalarla doldurmaqla tam təsir altına salmışlar. Minlərlə gənc vətənə qayıtdıqdan sonra demək olar ki, ölkənin əksər bölgələrində məscidlərdə, xütbələrdə savadsız insanlara İransayağı "moizələr" "nağıllar" danışmaqla təşkilatlanmış şəbəkə yaratmağa nail oldular. 44  günlük müharibədə cənub qonşumuzun bütün maskaları cırıldı. İran açıq şəkildə Ermənistanın yanında olduğunu, Azərbaycana qarşı düşmənçilik münasibətini göstərdi. Paradoksal olsa da, sosial şəbəkələr bir daha göstərdi ki, İranyönlü qüvvələr ölkəmizin milli maraqlarını yox, cənub qonşumuzun "din"i maraqlarını müdafiə edirlər. Belə yanaşma isə, müharibə şəraitində olan dövlət üçün son dərəcə təhlükəlidir. 

Azərbaycanın xüsusi xidmət orqanları kifayət qədər peşəkardırlar və geniş informasiya bazasına malikdirlər. Dövlətimizin təhlükəsizliyinin təminatı üçün lazım olanı edəcəklərinə şübhə yoxdur.

-Sizcə bu cür həbslər, dindirilmələr davam edəcəkmi?

-Hesab edirəm ki, dövlətin konstitusion əsaslarının  dəyişilməsinə yönəlik istənilən qüvvə neytrallaşdırılmalıdır. Nəzərə almaq lazımdır ki, müxtəlif illərdə İran molla rejiminin ayrı-ayrı nümayəndələri tərəfindən Azərbaycanda sivil dövlət quruculuğunun əleyhinə bəyanatlar səsləndirilmiş, klerikal dövlət qurulmasının vacibliyini bildirmişlər. Mövcud şərait tələb edir ki, cəmiyyətimiz radikal dini qruplardan təmizlənməlidir. Hesab edirəm ki, kütləvi şəkildə maarifləndirmə işləri aparılmalıdır.  Sistemli şəkildə maarifləndirmə işləri aparılmadığından, yerlərdə şarlatanlar insanları cəhalətə sürükləyirlər. 

- Bu cür addımların atılmasına səbəb kimi İrana bağlı qüvvələrin ölkədə təxribatlar törətmək cəhdlərinin qarşısını almaq kimi dəyərləndirmək olarmı?

- Bu yaxınlarda ölkəmizə qarşı hədə-qorxu gələn  İran generallarından biri bəyan etdi ki, altı ölkədə ordu yaratmışıq. İranın kobud şəkildə müdaxilə etdiyi həmin ölkələr hər birimizə məlumdur. İranın dəstəklədiyi silahlı terror qrupları İraqda, Yəməndə, Suriyada, Livanda, Fələstində milyonlarla insanın faciəsinə səbəb olmuşlar. Yaxın illərdə həmin ölkələrin ictimai-siyasi sabitliyindən söhbət belə gedə bilməz. 

Mən, 2000-ci illərin əvvəllərində  icra strukturlarında çalışdığım zaman qonşu Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrində gedən prosesləri yaxında izləyir, prinsipial məsələlər barədə rəhbərliyi məlumatlandırırdım. Tam səmimi deyirəm. İranın Borçalıda apardığı təbliğat nəticəsində yaxın qohumlar bir-birinə düşmən kəsilmişlər. Nə qədər acı olsa da, bəzi hallarda ölkəmizin, qardaş Türkiyənin əleyhinə təbliğat aparılır. 

Əlbəttə. bu addımların əsas məqsədi, profilaktik xarakter daşıyır. Həmin zümrə tərəfindən geniş miqyaslı təxribatların törədilməsinə inanmıram. Çünki, bir daha qeyd edirəm ki, Azərbaycan kifayət qədər güclü dövlətdir və Prezidentimiz dünya səviyyəsində yüksək peşəkarlığı ilə, beynəlxalq təhlükəsizlik sisteminə yaxından bələd olan Liderdir. Bəzi xırda-para insidentlərin baş verməsi mümkündür, onların da cavabı dərhal veriləcəkdir. Narahat olmağa dəyməz.

İlahə Əliyevə
Visiontv.az