Azərbaycanın 4 regionunda internetin keyfiyyəti yaxşılaşacaq - RƏSMİ
09.07.2020

Azərbaycanın dövlət rabitə operatoru "Aztelekom" MMC magistral xətt şəbəkəsinin DWDM/MPLS texnologiyaları əsasında yenidən qurulması işlərinə başlayıb.

Bu barədə Visiontv.az-a Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat daxil olub.

Bildirilib ki, layihə çərçivəsində telekommunikasiya qovşaqlarında müasir avadanlıqlar quraşdırılır, əlavə magistral fiber-optik xətlər çəkilir. Eyni zamanda regionlara ötürülən trafikin həcmi dəfələrlə artırılıb.

Xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və çeşidlərin artırılması ilə bağlı hazırlanan layihələr əsasında hazırda 4 regionda şəbəkənin yenidənqurma işləri aparılır. Növbəti mərhələdə 6 regionda müvafiq işlərin görülməsi planlaşdırılır.

"Aztelekom"un xidməti ərazilərində kabelləşdirilməsi çətin olan, dağlıq relyefdə yerləşən yaşayış məskənləri mövcuddur. Bu ərazilərdə xidmətlərə əlçatanlığı təmin etmək üçün 4G texnologiyalarından istifadə etməklə şəbəkə qurulur.