Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı
01.09.2020

İstintaqdan yayınan vəzifəli şəxsin istintaqa cəlb edilməsi təmin edilib.

Baş Prokurorluqdan Visiontv.az-a verilən məlumata görə, ölkəmizdə iqtisadiyyatın hər bir sahəsində olduğu kimi, aqrar sektorun inkişafı da daim diqqət mərkəzində saxlanılmaqla, onun rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, mövcud münbit resurslardan səmərəli istifadə edilməsini stimullaşdıran dəstək xarakterli dövlət proqramları reallaşdırılmaqdadır.

Öz növbəsində Azərbaycan Respublikasının prokurorluq orqanları aidiyyəti dövlət qurumları ilə əlaqəli şəkildə bu mühüm sahənin inkişafına mane ola biləcək korrupsiya və digər bu kimi neqativ hallara qarşı qətiyyətli tədbirlər görməkdədir.

Belə tədbirlərdən biri kimi, Azərbaycan Respublikasının Kənd təsərrüfatı nazirliyi tabeliyində fəaliyyət göstərən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi Regional Nümayəndəliyinin direktoru vəzifəsində işləmiş Məmmədov Zaur Vaqif oğlunun qanunsuz hərəkətləri barədə həmin ASC-dən daxil olmuş müraciət üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış araşdırmalar nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır.

Aparılmış istintaqla Zaur Məmmədovun 8 noyabr 2018-ci il tarixdən 11 dekabr 2019-cu il tarixədək olan müddət ərzində direktoru olduğu nümayəndəliyin Ağcabədi rayon ərazisində yerləşən anbarına qeyd edilən Cəmiyyət tərəfindən satış üçün yığılmış mineral gübrə və pestisidləri həmin anbardan hər hansı sənədləşmə aparmadan 2019-cu il ərzində öz qulluq mövqeyindən istifadə edərək satmasına, bununla da ona etibar olunmuş cəmi 469 min 276 manat məbləğində əmlakı ASC-yə külli-miqdarda ziyan vuraraq vahid niyyətlə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

24 avqust 2020-ci il tarixdə Zaur Məmmədov Cinayət Məcəlləsinin 179.3.2-ci (külli-miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin istintaqın çağırışlarına üzrlü səbəb olmadan gəlməməklə istintaqdan yayındığından barəsində axtarış elan edilmişdir.

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zaur Məmmədov 31 avqust 2020-ci il tarixdə tutularaq istintaqa təqdim edilmiş, ona qeyd edilən maddə ilə ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda iş üzrə əhəmiyyət kəsb edən halların aşkar edilməsi məqsədilə intensiv əməliyyat-istintaq tədbirləri davam etdirilir.