"Azərbaycanda Nəqliyyat sahəsində dövlət siyasətini müəyyən edən qurumların aydın konsepsiyası yoxdu..." - Müsahibə
"Azərbaycanda Nəqliyyat sahəsində dövlət siyasətini müəyyən edən qurumların aydın konsepsiyası yoxdu..."  -  Müsahibə
05.12.2022 MEDİA Tərəfindən

Bu gün dünya ölkələrinin xüsusi diqqət ayırdığı sahələrdən biri də nəqliyyat sektorudur. Sürətlə inkişaf edən dünyada xüsusilə böyük şəhərlərdə nə qədər müasirlik və yeniliklər olsa da çox mürəkkəb sahə olan nəqliyyatda müxtəlif problemlər mütəmadi olaraq yaşanmaqdadır. Beləliklə bu sahədə ölkəmizdəki nəqliyyat sistemi barədə danışmışıq. Mövzu ilə bağlı müsahibimiz nəqliyyat sahəsinə yaxşı bələd olan tanınmış hüquqşünas Ərşad Hüseynovdur.

Ərşad müəllim xoş gördük sizi! Nəqliyyat sahəsi üzrə peşəkar ekspert kimi ölkəmizdəki hazırki nəqliyyat sisteminin ümumi mənzərəsini necə xarakterizə edərdiniz?

Salam xoş gördük! Nəqliyyat sahəsi kifayət qədər mürəkkəb bir sahədir. Bunun həm iqtisadi həm sosial həm də texniki tərəfi var. Ona görə də burda tez- tez və çevik dəyişikliklərə ehtiyac var. Həm insanların ehtiyaclarını ödəmək üçün həm də iqtisadiyyatın ehtiyaclarını ödəmək üçün həm də texniki yenilikləri yaratmaq üçün ciddi işlər görülməlidir. Amma müşahidələrimiz onu göstərir ki, xeyli məsələlərdə geri qalırıq. Zamanla ayaqlaşa bilmirik. Ona görə də həmişə burda cəmiyyəti qane etməyən ayrı – ayrı insanların xoşuna gəlməyən və bəzən hətta ciddi fəasdları olan problemləri görürük. Bu problemlərin həlli istiqamətində çox ciddi konseptual, əsaslandırılmış, planlı və dünyada mövcud olan müasir yanaşmaları əks etdirən işlər görülməlidir.

Əsasən sərnişinlərin əsas şikayətləri nə ilə bağlıdır?

Sərnişinlərin şikayətləri kifayət qədər çoxdur. Çünki onların nəqliyyatdan istifadə edərkən qarşılaşdığı problemlər də çeşidlidir. Üstəgəl maraqlar da fərqlidir. Hətta sizə deyərdim ki, bəzən insanlar sadəcə sərnişin ola bilməməkdən şikayət edirlər. Bu o deməkdir ki, Bakı şəhərində, Abşeron yarımadasında və ölkəmizin bir xeyli ərazilərində yüz minlərlə və bəlkə də milyonlarla insan var ki, ictimai nəqliyyata əlçatımlıq problemləri yaşayırlar. Məsələn onun yaşadığı yerdə münasib ictimai nəqliyyat yoxdur ki, işə getsin və ya başqa ehtiyaclarının arxasıyca getsin. Və sərnişin olaraq da problemlər də çoxdur şikayətlər də. Şikayətlərin də əsas məğzi ondan ibarətdir ki, sürücülər bəzən kobudluqlar edirlər. Avtobuslar gecikir, xüsusilə pik saatlarda sıxlıq olur. Dəqiq qrafiklərə riayət olunmur. Hətta bəzən xırda elementar nüanslar var ki, onları aradan qaldırmaq da elə çətin deyil. Məsələn sürücü siqaret çəkir və ya bayağı musiqiyə qulaq asır və s. Çeşidli problemlər var və çeşidli şikayətlər var.

Məlumdur ki, paytaxtın bəzi marşrut xətlərində köhnə avtobuslar hələ də qalmaqdadır. Bu məsələnin həllini necə görürsünüz?

Hal – hazırda paytaxt Bakıda , Abşeron yarımadasında və ölkəmizin digər iri yaşayış məntəqələrində avtobus parkı ilə bağlı iki problem görürük. Birinci problem odur ki, ümumiyyətlə avtobus çatışmazlığı var. Yəni avtobus parkında texnikanın sayı azdı. Bəzi yerlərdə insanlar dediyimiz kimi ictimai nəqliyyat tapmırlar. İkinci problem isə avtobusların köhnəliyidir. Bəzi avtobuslar istismar müddətini başa vurub. Amma məhz ikinci problem birinci problemin davamıdır hətta ikinci problem birincidən doğur. Yəni əgər avtobus azdırsa biz daşıyıcılar onlardan yapışsınlar. Ona görə də onları çıxdaş etmək mümkün olmur çünki onları əvəzləyəcək texnika yoxdur.

Və müasir dövrdə də ictimai nəqliyyatın müxtəlif ölkələrdə inkişafına diqqət yetirsək görərik ki, bu sahəyə vaxtaşırı ciddi investisiyalar qoyulur. Gəlin etiraf edək ki, özəl daşıyıcılar investisiya qoymağa malik deyillər. Çünki bu sahə o qədər də gəlir gətirən sahə deyil. Digər üsullar isə dövlət hesabına dotasiyalar və ya subsidiyalar və yaxud da ən sərfəli şərtlərlə güzəştli kreditlər ola bilər. Lakin bunlarında xüsusi mexanizmi yoxdur. Ona görə də bu sahədə həm avtobus sayını artırmaq həm də avtobus parkını yeniləmək üçün nəqliyyat sahəsində dövlət siyasətini müəyyən edən qurumlar aydın bir maliyyə mexanizmi işləyib hazırlamalıdırlar. Ola bilsin ki bunu fərdi sahibkarlar da həyata keçirə bilər. Əsas odur ki, işlək maliyyə mexanizmi olsun.

Bu sahəyə bələd olan şəxs kimi necə hesab edirsiniz, nəqliyyatla bağlı dünya praktikasından yetərincə yararlana bilirikmi ?

Dünya təcrübəsindən yararlanmağa cəhd edirik əlbəttə. Dünyada çox maraqlı yanaşmalar var. Özü də dünya təcrübəsi deyəndə burda çoxlu variyantlar var. Biz sadəcə olaraq gözümüzü yumub yaxşı işləyən mexanizmi götürsək o da doğru solmaz. Və əslində biz özümüzə uyğununu, iqtisadi vəziyyətimizə insanlarımızın münasibətinə, məskunlaşma tipinə sosial davranışlarımıza və s. və bütün bu məsələlərə uyğun bir model seçməliyik. Yaxşı olar ki, bu model elə sintez edilmiş müxtəlif elementlərdən toplanmış model olsun. Burda hələki aydın konsepsiya yoxdur. Azərbaycanda Nəqliyyat sahəsində dövlət siyasətini müəyyən edən qurumların aydın konsepsiyası yoxdu. Məsələn konsepsiya məskunlaşma, sürücü olma məsələsi, təshil məsələləri ilə əlaqələndirilməlidir. Burda incə məqamlar çoxdur.

Sürücülərin təlimlərə cəlb edilməsi ilə bağlı vəziyyət nə yerdədir?

Möcvud qanunvericiliyə görə ictimai nəqliyyatda çalışan bütün sürücülər işə qəbul olunarkən və müəyyən dövrlərdə xüsusi təlimlərə cəlb olunmalıdırlar. Yəni onların sadəcə sürücülük vəsiqələri var deyə misal üçün avtobusu sürə bilər deyə bir anlayış yoxdu. Hal – hazırda bu istiqamətdə görüləsi çox işlər var. Hazırda ölkəmizdə nəqliyyatla bağlı iki əsas qurum var. Biri Bakı şəhəri inzibati ərazisi üçün Bakı Nəqliyyat Agentliyidir. Biri də ölkəmizin digər şəhər və rayonları üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi. Lakin hələki tam fəaliyyət göstərmir. Ondan əvvəl isə mövcud olmuş Dövlət Avtomobil Nəqliyyat sistemi var idi. İndi Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyinin tabeliyindədir. Hər ikisinin təlim mərkəzi var. BNA iki il əvvəl sürücüləri təlimlərə cəlb edirdi. Lakin bildiyimə görə bu intensivlik aşağı düşüb. Heç də bütün daşıyıcıları bura cəlb edə bilmirlər. Digər regionlar üçün formal xarakter daşıyır. Təlimlər keçirilmir. Real təlimlər keçirilsə sürücülərin dünyagörüşü və yanaşmaları ciddi surətdə dəyişə bilər.

Yollarla bağlı hələ də böyük şəhərlərimizdə də problemlər var. Bir sıra ətraf qəsəbələrdən başqa, bu gün Yeni Yasamalın yolu və orada qurulan nəqliyyat infrastrukturu çox bərbad vəziyyətdədir. Bu barədə fikirləriniz lütfən!

Ümumiyyətlə geoinfrastruktur məskunlaşmayla bağlı olan çox ciddi məsələdir. Şəhərsalama, tikinti qaydalarına riayət edilmədiyi bir şəraitdə normal geoinfrastrukturdan söhbət gedə bilməz. Bugünkü gün biz görürük ki, Abşeron yarımadasında çox pərakəndə, xaotik hətta cəngəlliksayağı bir məskunlaşma var. Bu həm fərdi evlərin tikildiyi sahələrə aiddi həm də şəhərin bəzi hissələrində hündürmərtəbəli göydələnlərin tikilidiyi yerlərə də aiddir.

Şəhərsalma normaları kobud şəkildə pozulur. Həmin orda ya yol yox dərəcəsindədi yaxud da çox plansızdı ya səkisi yoxdu. Velosiped zolaqlarından ümumiyyətlə söhbət gedə bilməz. Yəni bax belə problemlər yaşanır. Hətta bəzən elə küçələr elə yollar görürük ki, investisiya qoysan da belə oranı qaydasına salmaq mümkün olmur. Məcbursan ki, hansısa binaları və ya qeyri – yaşayış binalarını sökəsən. Əsas problem şəhərsalma, tikinti norma və qaydalarına məhəl qoyulmamasıdır. Ondan sonra təbii ki, mövcud qurumlarımız imkan daxilində bütün resurslardan istifadə olunmaqla təmin olunmalıdır. Bu zaman təkcə avtomobillər nəzərə alınmamalıdır. Həm də piyadalar nəzərə alınmalıdır. Daha sonra mikromobilli vasitələr, velosipedlərdən istifadəni çoxaltmaq və bunu reallaşdırmaq lazımdı. Əgər biz sadəcə küçələrimizi, yollarımızı avtomobillər üçün yaratmağa cəhd eləsək çox uzağa gedə bilmərik.

Uzun illərdir ki, paytaxtda qanunsuz parklanma ilə bağlı problemlər qalmaqdadı. Bu məsələnin birdəfəlik həllini nədə görürsünüz?

Qanunsuz parklanma ciddi məsələdir. Özü də böyük şəhərlərin əksəriyyətində var. Qanunsuz parklanmanı sadəcə parklanmanın özünü təşkil etməklə həll etmək mümkün deyil. Onun qaynaqlandığı iki əsas mənbə var. Birincisi ictimai nəqliyyatın yetərincə olmamasıdır. Və yaxud velosiped və bu kimi nəqliyyat vasitələrindən istifadə olunmayanda insanlar fərdi avtomobilə üstünlük verir. Küçələrdə də təbii ki, bəlli bir hədd var o həddən o tərəfə parklanma mümkün deyil. Ona görə də biz parklanma problemini həll etmək istəyiriksə birinci növbədə nəqliyyatla bağlı problemləri həll etməliyik. Velosipedi populyar nəqliyyata çevirməliyik. İkinci parklanmanın qaynaqlandığı məsələ məskunlaşma, şəhərsalma, tikinti norma və qaydalarının tapdanmasıdır. Məsələn baxırsan ki, nəhəng bina tikilib. Az qala yüzlərlə, minlərlə əhali köçürüləcək amma ərazidə heç bir normal parklanma yeri yoxdu. Orda tutaq ki, yüz ailə köçəcəksə ora, yeri yaşayış binasıdırsa və üstəgəl onun iki mərtəbəsi qeyri- yaşayış obyekti olacaqsa o yüz ailənin ən azından 20 – nin ya 30 – nun avtomobili olacaq yəqin ki. Həmin avtomibilləri insanların istirahət elədiyi vaxt parklamağa yer yoxdur. Nəticədə vətəndaş avtomobili küçədə park edir. Bax bu problemlər həll olunmalıdır.

Sərnişindaşımanın sahibkarlıqdan asılılığının azaldılmasına ehtiyac varmı? Çünki sərnişindaşımada vəziyyətin yaxşılaşdırılmasında bəzi sahibkarlar maraqlı deyil.

Sual əslində bir az daha ciddi yol hərəkəti təhlükəsizliyi baxımından vacibdi. Birincisi sahibkarlar bəli, bu işin rentabelliyini görmürlər. Ona görə dəpesrpektivini görmürlər. Yatırım etmək istəmirlər. Axı nə olmalıdı? Axı biz dedik ki, yeni avtobuslar olmalıdır. Sahibkarın ya vəsaiti yoxdur ya da vəsait qoymaq istəmir. Burda aydın bir siyasət olmalıdır. Siyasət də bundan ibarət olmalıdır ki, birinci müəyyən etməliyik ki, bu iş dövlətin əlində olsun ya sahibkarın əlində olsun. Yoxsa qarışıq sistem olsun. Bunu seçəndən sonra artıq aydın konsepsiya olmalıdır. Dövlət yatırım edəcəksə bu başqa. Həm də dövət büdcəsini ağır yükləməməlidir. Sahibkarlar isə bəlli bir perspektiv göstərilməldir ki, sən qorxma sənin marşurutunu heç kim əlindən almayacaq. Məsələn bu gün sahibkar var ki, gedib marşurut təşkil edir onu da verirlər BAKUBUSA. Daha sonra sahibkar əmin olsa ki, uzun müddət işləyəcək. O özü də mənbə tapacaq. Mənbə tapmayanda isə dövlət güzəştli şərtlərlə çıxışını təmin edə bilər.

Taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində də pərakəndəlik var. Bununla bağlı hansısa işlər görməyi planlaşdırırsınızmı?

Dünyada maraqlı konsepsiyalar var. Dünyanın müxtəlif ölkələrində belə bir sistem var ki, tutaq ki, ictimai nəqliyyat dövlət mülkiyyətindədi amm onu vaxtaşırı dəyişməklə tender yolu ilə özəl sahibkarların idarəçiliyinə verirlər. Ümumiyyətlə ictimai nəqliyyat dövlətin özünün əlində olacaqsa dövlət büdcəsinin istifadəsi səmərəli olmalıdır. Məsələn BAKUBUS-da mətbuatda yazılmışdı ki, sürücünün bir dəst geyiminə 500 – 600 manat pul ödənilir. Təbii ki, dövlət büdəsinə belə yanaşılsa ictimai nəqliyyatda problemlər olacaqdır. İctimai nəqliyyatın dövlətin əlində olması ayrıca bir başağrısı ola bilər.

İctimai nəqliyyatda vahid sürücü bazasının yaradılması məsələsi barədə nə deyə bilərsiniz?

Vahid sürücü bazasının yaradılması gərəklidi. Hətta buna Bakı şəhərinin inzibati ərazisi üçün bir cəhd edildi. Məsələn Bakı Nəqliyyat Agentliyində bununla bağlı müəyyən ideyalar oldu. Həmin ideyalara mən də dəstək olmuşam. Və sürücü bazası o deməkdir ki, insanlar müxtəlif şirkətlərdə sürücü olaraq çalışsalar da onların hamısı barədə bir məlumat bazası var və o məlumat bazası da təbii ki, bu sahəyə nəzarət edən dövlət qurumuna aiddir. Burda hər bir sürücü haqqında məlumatlar var. Onun təhlükəsizliyi və əmək icrası ilə bağlı məlumatlar olur. Nə vaxt sürücülük əldə edib təlimlərdən necə keçib hansı göstəriciləri var, il ərzində hansı qayda pozuntuları edib və s. Və hansı təltifləri var yəni həvəsləndirmə tədbirləri tətbiq olunub. Bunlar hamısı sürücü kontingentinin formalaşdırılması üçün çox vacibdi. Çünki ictimai nəqliyyatda təhlükəsizlik çox önəmlidir. Sürücü peşəkar olarsa, deyək ki,yol hərəkəti qaydaları ilə bağlı bilgiləri yerində olarsa təbii ki, onun gördüyü iş də kefiyyətli olacaqdır. Bu baxımdan vahid sürücü bazasının yaradılması çox vacibdir.

Sizin fikrinizcə nəqliyyatla bağlı yaxın gələcəkdə əsas prioritetlər nələrdi və ya nələr olmalıdır?

Bu priooriterləri bir neçə istiqamətlər üzrə bölə bilərik. Birincisi bayaq dedim. İdarəetmə təkmilləşdirilməlidir. Məsələn BNA yaradıldı. Sonra müəyyən işlər görüldü. Bu yaxınlarda BNA Bakı Şəhər İcra hakimiyyətinin tabeliyinə verildi. Amma bu da hələ yarımçıqdı. Ən azından Abşeron yarımadasını götürsək görərik ki, Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində ictimai nəqliyyat və taksi fəaliyyətinə nəzarət edən BNA var. Və ya Abşeron ərazisində başqa bir dövlət qurumu var. Bəzən görürük ki, bəzən o iki dövlət qurumları arasında ciddi fikir ayrılıqları yaranır. Birinci prioritet idarəetmənin təkmilləşdiriliməsi olmalıdır. İkinci istiqamət isə nəqliyyat sahəsində aydın siyasət olmalıdır. Dünyada olan təcrübədə özündə əks etdirən sosial inkişafı təmin edə biləcək, insanların rifahını təmin edə biləcək aydın nəqliyyat sistemi olmalıdır. İctimai nəqliyyat üstünlük verilməlidir. Özü də ictimai nəqliyyatın yaşıl növlərinə üstünlük verilməlidir. Metro nəqliyyatı və tramvay xətləri və metrobuslardan istifadə olunmalıdır. Daha sonra nəqliyyat siyasətində mütləq velosiped və mikromobilli vasitələrdən istifadəyə üstünlük verilməlidir. Yaxın gələcəkdə əhalinin mobilliyinin artırılması vacibdi. Dünyanın böyük şəhərlərində orda artıq insanların mobilliyi tam təmin olunur. Yol hərəkəti təhlükəsizliyini və yol hərəkəti mədəniyyətinin yüksəldilməsi önəmlidir. İnsanyönümlülük artırılması vacibdir. Fərdi avtomobillərin ön sıraya qoyumalısının qarşısı alınmalıdır. Cəmiyyətdə inam yaradılmalıdır. Taksi xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması, parklanma və s. bütün bunlar hamısı ayrıca aydın siyasət əsasında təşkil olunmalı və həyata keçirilməlidir. Prioritetlər çoxdu və bu istiqamətdə xeyli işlər görülməlidir.

Bünyamin Bünyadzadə

Visiontv.az