Azərbaycanda bu ilin 9 ayında 397 nəfər İİV-ə yoluxub
05.11.2020

Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən, bu ilin 9 ayı ərzində İİV-ə 397 nəfər yoluxub.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan Visiontv.az-a verilən məlumata görə, onlardan 390-ı Azərbaycan Respublikası vətəndaşıdır.

Qeyd olunub ki, ümumilikdə 1988-ci ildən İİV-infeksiyası aşkar olunmuş 8526 nəfərdən (6112 kişi, 2434 qadın) 3344 nəfəri inyeksion narkotik istifadəçisi olub. Onların da 2620 nəfəri (78,8%) dispanser qeydiyyatına götürülüb. Qeydiyyatda olanların 8237 nəfəri Azərbaycan Respublikası (5904 nəfər kişi, 2333 qadın ), 289-u (208 kişi, 81 qadın) əcnəbi vətəndaşlardır.

Xüsusi olaraq qeyd olunmalıdır ki, ölkədə İİV-ə narkomanların yeni yoluxma sayında azalma müşahidə olunur. 2020-ci ilin 9 ayında aşkarlanmış 390 nəfər İİV-ə yoluxmuş Azərbaycan vətəndaşının 54 (13,9%) nəfəri inyeksion narkotik istifadəçisi olub.