Başqa xəstəlikdən ölənlərə koronavirus diaqnozu qoyulması iddiasına RƏSMİ AÇIQLAMA
18.04.2020

Bakıda və Azərbaycanın digər bölgələrində xəstəxanalarda ölən insanlara yalandan koronavirus diaqnozu qoyulur.

Visiontv.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə çoxlu iddialar öz əksini tapır. Bildirilir ki, guya bunun üçün ölənin yaxınlarına müəyyən məbləğdə pul da təklif edilir.

İddiaya görə, bu pulun müqabilində ölən şəxsin rəsmi olaraq koronavirusdan vəfat etdiyi qeyd olunur. 

Məsələyə aydınlıq gətirmək üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirdilər ki, yayılan məlumatların heç bir əsası yoxdur.

"Azərbaycanda başqa xəstəliklərdən vəfat hallarının koronavirus ölümü kimi qeydiyyata alınması ilə bağlı səsləndirilən fikirlər tamamilə yanlışdır.

Koronavirus infeksiyasına yoluxma testlər vasitəsilə müəyyən edilir. Test arealımız da böyüyüb. Bu gün Azərbaycanda 70 mindən çox test aparılıb. Bunun nəticəsində də xəstəlik müəyyən olunur və ictimaiyyətə rəsmi məlumatlar verilir", - deyə TƏBİB iddialara belə cavab verib. 

BAKU.WS