Azərbaycan xalqı Böyük Qayıdışın astanasındadır - deputat Məlahət İbrahimqızı
22.10.2020

“Azərbaycan Ordusunun qarşısında diz çökən erməni ordusu artıq məğlubiyyətlə barışmalıdır. Azərbaycan Ordusu Ermənistana layiq olduğu yeri göstərir”.

Visiontv.az xəbər verir ki, bunu APA-ya açıqlamasında millət vəkili Məlahət İbrahimqızı bildirib.

Millət vəkili deyib ki, hər gün Azərbaycan bayrağı işğaldan azad olunmuş yeni yaşayış məntəqələrində ucaldılır, düşmənin çoxlu sayda texnikası məhv edilir, hərbi qənimət kimi götürülür: "Son iki gündə Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan rayonunun ümumilikdə 39 kəndi, o cümlədən Zəngilan şəhəri işğaldan azad edilib. Azərbaycan xalqı, Azərbaycan gəncləri, Azərbaycan əsgəri düşmən ordusuna dərs verir. Erməni mifləri dağılır və yalanları ifşa olunur. Döyüş meydanında Azərbaycanın üstünlüyü artıq heç kimə sirr deyil. Haqq yolunda vuruşan Azərbaycan ordusu tam üstünlüyə malikdir. Ermənistan hələ nə qədər gec deyil, bu həqiqəti qəbul etməli və bəyanat verməlidir ki, işğal edilmiş torpaqları azad edir”.

M. İbrahimqızı qeyd edib ki, uzun illər ərzində etnik terrora məruz qalmış Azərbaycan xalqı bu gün öz haqqını bərpa edir: “Azərbaycanlılara qarşı etnik təmizləmə aparmaq, azərbaycanlılara qarşı soyqırımı törətmək, vətəndaşlarımızı doğma torpaqdan didərgin salmaq insani əxlaqa, qanuna, beynəlxalq hüquqa ziddir. Dinc mülki əhaliyə qarşı atəşin açılması namərdlikdir və hərbi cinayətdir. Namərd zərbələr nəticəsində dinc əhali, o cümlədən uşaqlar, qadınlar və qocalar həlak olur. Gəncənin bombalanması insanlığa qarşı törədilmiş cinayətdir. Gecə vaxtı, qəsdən mülki əhaliyə qarşı törədilmiş cinayət erməni faşizmin təcəssümüdür. Cinayətkar və dünyaya yalan danışan Ermənistanın siyasi hakimiyyəti öz dövlətçiliyin sonunu yaxınlaşdırır. Düşmən savaş meydanında uduzduqca və sonu yaxınlaşdıqca daha çox vəhşiliyə əl atmağa çalışır.  Bu gün səhər saatlarında da Azərbaycanın Qəbələ, Kürdəmir və Siyəzən rayonlarına ballistik raketlər atılıb, Qəbələdə 1 nəfər xəsarət alıb, 5 evə ciddi ziyan dəyib. Bütün dünya düşmənlərimizin mənfur və vəhşi simasını artıq görür. Digər tərəfdən, işğaldan azad edilmiş torpaqlarda bir dənə də salamat ev, bina qalmadığı da göz önündədir. Bunun özü də bir daha düşmənin vəhşiliyinin növbəti sübutudur”.

Millət vəkili Ermənistanın özününküləşdirmə siyasətinə, tarixi saxtalaşdırmasına son qoyulduğunu söyləyib:  “İşğaldan azad olunmuş Xocavənd rayonun Vəng kəndinə yeni Azərbaycan adı verildi. Qarabağ torpaqlarına həyat qayıdacaq. Azərbaycan xalqı öz torpaqlarda yaşayacaq, sülh, əmin-amanlıq şəraitində yenə də qurub-yaradacaq. Dağıdılmış bütün məscidlərimiz, şəhərlərimiz və kəndlərimiz bərpa ediləcək. Azərbaycan xalqı Böyük Qayıdış astanasındadır. Azərbaycan dövləti əlindən gələni edir ki, Azərbaycan vətəndaşları işğal olunmuş və azad edilmiş torpaqlara qayıtsın, rahat və əmin-amanlıq şəraitində yaşasın. Xalq öz Ali Baş Komandanına inanır və ona etimad göstərir. Xalqın Ali Baş Komandana olan inamı dövlət siyasətinin gücünü artırır və daha səmərəli edir. Xalq tərəfindən göstərilən etimad böyük qələbəmizi yaxınlaşdırır”.

M. İbrahimqızı Prezident İlham Əliyevin hər zaman verdiyi vədlərə sadiq qaldığını vurğulayıb: “Xalqın dəstəyi və milli həmrəylik qarşıda duran məqsədlərə qısa müddət ərzində nail olmağa imkan yaradıb. Azərbaycan torpaqlarının qaytarılması və ərazi bütövlüyünün bərpa edilməsi kimi vəzifələr bu gün döyüş meydanında həll olunur.  Status-kvo artıq yoxdur. Status-kvonu Azərbaycan məhv edib. 30 ilə yaxın səbir nümayiş etdirən xalq öz məsələsini özü həll edir. Azərbaycan döyüş meydanında güc göstərərək status-kvonu dəyişdirib.  Azərbaycan yumruğu sadəcə düşmənin başını yaran yumruq deyil. Azərbaycan yumruğu xalqının birliyi, məqsədyönlü fəaliyyəti və mövqeyimizi əks etdirən beynəlxalq qərar və qətnamələrdir. Azərbaycan münaqişə boyunca bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq edib və münaqişənin həlli üçün hüquqi bazanı hazırlayıb. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar qətnamələr qəbul edib. Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilir. Bütün bunlar münaqişənin həlli üçün hüquqi əsaslardır”.