Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30 illik iqtisadi göstəriciləri
Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30 illik  iqtisadi göstəriciləri
14.01.2022 Vüqar Bayramov Tərəfindən

Azərbaycan ilə Türkiyə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam oldu. Bununla bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyev qardaş dövlətin rəhbəri cənab Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib.

Hər zaman haqq işimizə dəstək olan Türkiyə ən vacib günlərdə Azərbaycanın yanında olan qardaş dövlətdir. Diplomatik münasibətlərimizin 30 illi tamam olsa da, iki ölkə qardaşlığının tarixi əsrlərə söykənir.  Azərbaycan Türkiyə arasında siyasi və strateji münasibətlər ilə yanaşı, son illər iqtisadi əməkdaşlığın daha da dərinləşməsi müşahidə olunur.Pandemiyanın təsirlərinə rəğmən ötən il də iki ölkə arasındakı ticarət dövriyyəsi əhəmiyyətli səviyyədə olub. 4.160 milyard dollarlıq ticarət dövriyyəsi ilə Türkiyə İtaliyadan sonra Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 4 milyard 405 milyon dollar idi. Pandemiya səbəbindən bu göstərici 245 milyon dollar azalsa da yenə də 4 milyard dolların üstündədir. Pandemiyadan əvvəlki illər illər Azərbaycanla Türkiyə arasındakı ticari əlaqələrdə artan tendensiya müşahidə olunub.

Belə ki, 2019-cu ildə ticarət dövriyyəsi əvvəlki il ilə müqayisədə 33 faiz 2017-ci il ilə müqayisədə isə 73 faiz artıb. Belə ki, ümumi ticarət dövriyyəsi 2018-ci ildə 3 milyard 403 milyon dollar, 2017-ci ildə isə 2 milyar 667 milyon olub. 2017-ci ildən etibarən Azərbaycan Türkiyə ilə xarici ticarət dövriyyəsində hər zaman müsbət saldoya malik olub. 2019-cu ildə bu saldo rekord şəkildə artaraq 1 milyard 200 milyon dollara çatıb. Ölkələr növbəti 3 il ərzində ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması ilə bağlı hədəf müəyyənləşdiriblər.Diplomatik münasibətlərimizin əbədiliyinə inamla qardaşlığımızın hər zaman möhkəm olmasını arzulayarıq.

millət vəkili Vüqar Bayramov

Visiontv.az