Azərbaycan sərhədini pozmaq istəyən 10 Şri-Lanka vətəndaşı saxlanılıb
16.08.2022

Avqust ayının 12-də saat 22:00 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin “Horadiz” sərhəd dəstəsinin, Füzuli rayonunun Böyük-Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının arxa istiqamətində şübhəli şəxs qismində 10 nəfər Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşı saxlanılıb.

Bu barədə Visiontv.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Aparılmış ilkin araşdırma zamanı qeyd olunan əcnəbilərin 25-i və 29-u iyul tarixlərdə ölkə ərazisinə turist qismində rəsmi qaydada gəlmələri, İran vətəndaşı Əlirza adlı şəxsin bələdçiliyi ilə dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından İran İslam Respublikasına, oradan isə Türkiyə Respublikasına keçməklə, Avropa olkələrindən birinə miqrasiya etmək niyyətində olmaları müəyyənləşdirilmişdir.

Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.