Azərbaycan Prezidenti İlham Əliyev səs verib - VİDEO
09.02.2020

Fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçirilir.

Visiontv.az AZƏRTAC-a istinadən xəbər verir ki, səsvermə prosesinin başladığı ilk dəqiqələrdən Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində canlanma müşahidə olunurdu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri səs vermək üçün bu seçki məntəqəsinə gəldilər.

Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçdi və sonra bülleteni qutuya saldı.

Bu anı respublikamızın və xarici ölkələrin mətbuat orqanlarının, televiziya kanallarının nümayəndələri izlədilər.

Sonra birinci xanım Mehriban Əliyeva və ailə üzvləri səs verdilər.

Qeyd edək ki, Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 saylı seçki məntəqəsində 574 seçici qeydiyyata alınıb. Bu seçki dairəsi üzrə 20 namizəd mübarizə aparır.