Azərbaycan Nefroloqlarının beynəlxalq uğuru
04.04.2019

Azərbaycan Nefroloqlarının beynəlxalq uğuru

28-29 mart tarixlərində Türkiyədə Dünya Transplanologiya Cəmiyyətinin ( TTS) birinci regional görüşü keçirilib.

 

Görüşdə dünyanın 20 ölkəsindən, o cümlədən Azərbaycan da daxil olmaqla ABŞ, İngiltərə, Kanada, Yaponiya, Avstraliya, İspaniya, Braziliyadan dəvət olunan aparıcı mütəxəssislər iştirak edib.

 

TTS-nin prezidenti, 1 Regional görüşün təşkilatçısı professor Mehmet Haberal dünyada böyrək çatışmazlıqlarının problemlərin həlli yollarından və orqan transplantasiyasının vəziyyətinə dair məsələlərdən danışdı.

 

Tədbirdə ölkəmizi Azərbaycanı Respublikanın baş nefroloqu Fariz Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. F.Babayev Azərbaycanda nefrologiya, xroniki böyrək çatışmazlığı və transplantologiya sahəsində görülən işlər, qazanılan nailiyyətlər haqqında məlumat verib. Bildirilib ki, son 15 ildə ölkəmizdə “Xroniki Böyrək Çatışmazlığı” haqqında Dövlət proqramı qəbul edildikdən sonra Bakı və regionları əhatə etməklə 50-yə yaxın hemodializ mərkəzləri yaradılıb. 3700-ə qədər xəstə dövlət hesabına dializ müalicəsi ilə təmin olunub. 2008-ci ildən başlayaraq orqan transplantasiyası sahəsində də bir sıra uğurlar əldə olunub. Hazırda ölkəmizdə 762 böyrək, 101 qaraciyər nəql edilmiş xəstə qeydiyyatdadır. Yalnız 2018-ci il ərzində Azərbaycanda 89 uğurlu böyrək köçürmə əməliyyatı həyata keçirildiyi də tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

 

F.Babayev öz çıxışında ölkədə böyrək çatışmazlığı və orqan nəqli problemlərinə dövlətin nəzarətinin daha da artırıldığı bildirib. Qeyd edib ki, xəstələrin dərman təminatı ilə yanaşı hər il yeni dializ mərkəzləri yaradılır. Ölkəmizdə orqanların köçürülməsi haqda yeni qanun lahiyyəsi hazırlanıb və demək olar ki, artıq başa çatdırılmaq uzrədir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatına istinadən