Azərbaycan-İran münasibətləri məhz indi özünün həlledici mərhələsinə daxil olur...
Azərbaycan-İran münasibətləri məhz indi özünün həlledici mərhələsinə daxil olur...
21.09.2021 Bəybala Mirzəyev Tərəfindən

Son 30 il ərzində Azərbaycan İranın molla rejiminin siyasətindəki bütün köntöylüklərə, qabalıqlara, cığallıqlara dözüb.

Başqa sözlə desək, Azərbaycan bu illər ərzində İranı sadəcə yola verib. İranın zorbalıqlarına göz yumub. İrana qarşı maksimum dərəcədə yumşaq, mülayim siyasət yürüdüb.

Hətta İrana görə, bəli, məhz İrana görə ən yaxın müttəfiqlərimizdən biri olan İsraildə öz səfirliyimizi açmağı da uzun illərdir ki, bilərəkdən yubadırıq. Deyirik ki, qoy hələ biraz da gözləyək, qonşu İranın xətrinə dəyməyək və s.

Loru dillə desək, rəsmi Bakı bu 30 ildə əlinə bir ütü götürüb İranın bizə qarşı bütün kobudluqlarını, çılğın hərəkətlərini, əsmə-coşmalarını ütüləməklə, üstündən ötüb keçməklə məşğul olub.

Lakin İran isə bütün bu fədakarlıqlarımızı hər zaman görməzdən gəlib. Bizə qarşı minnətli davranıb. Sanki İrana qarşı yumşaq davranmağa, özümüzü sakit aparmağa borcluymuşuq kimi münasibət sərgiləyib.

Bu son hadisələr də göstərdi ki, İran həddindən artıq nankor dövlətdir.
İran qədirbilən qonşu deyil.

Son 20 ildə az qala bütün iri dövlətlər İranı futbol topuna döndərib onun üzərinə gəldiyi halda, İrana qarşı səmimi, dürüst davranan yeganə ölkə məhz Azərbaycan olub. Biz bu illər ərzində İranın tərəfini əsla vermədik.

Biz İrana görə hətta dünyanın 1 nömrəli supergücü sayılan ABŞ-la da necə deyərlər, dəfələrlə kəllə-kəlləyə gəldik, üz-göz olduq. İrana qarşı müharibə planlarını ortaya qoyan Bill Klinton kimi, Corc Buş kimi dövrün "monstr"ları sayılan aqressiv amerikan liderlərinə belə açıq və birmənalı şəkildə "biz Azərbaycan ərazisindən İrana qarşı hər hansı bir üçüncü dövlətin və ya dövlətlərin istifadəsinə heç vaxt izn verməyəcəyik!" deyib söhbəti bağladıq.

Bir sözlə, biz İran mövzusunda hər zaman Birləşmiş Ştatlara "yox!" dedik.

Həmin illərdə Azərbaycan kimi gənc bir müstəqil dövlətin ABŞ kimi bir dünya nəhənginə İrana görə dirsək göstərməsi, "yox!" deyə tam özgürlük və sərbəst mövqe nümayiş etdirməsi heç bilirsiniz nə demək idi?

Təsəvvür edə bilirsinizmi biz İrana görə nə boyda risklərə getmişik?

Bu etibarsız qonşumuza görə hətta öz təhlükəsizliyimizi belə təhlükə altına qoymuşuq.

Bütün bunlar İranın burnundan gəlsin.

Bu boyda fədakarlıqlarımıza əsla dəyməzmiş.

Ərdəbildə oturan bir ayətullanın öz ruhaniliyini bir kənara qoyub bizimlə "meşə qanunları" ilə danışması, İranı "şirin quyruğu"na bənzətməsi, bizə isə bu "quyruqla oynamayın!" deməsi bir daha onu göstərir ki, bəli, belə bir qədirbilməz qonşuya görə bu qədər fədakarlıqlar etməyimizə dəyməzmiş.

Qarabağın 30 il davam edən işğalı dövründə İranın ermənipərəst siyasət yürütməsinə dözməyimiz də ən böyük fədakarlıqlarımızdan biri idi.

Mollalar əfsuslar olsun ki, bunu da qiymətləndirə bilmədilər.

Əksinə, Xudafərinin o tayında, sərhədlərimiz boyunca genişmiqyaslı hərbi təlimlərə başlamaqla bizə hərbə-zorba gəlmək istəyirlər.

Qoy gəlsinlər.

Lap yaxşı.

Biz də bundan sonra birtərəfli qaydada fədakarlıqlarımıza "Stop!" qoyarıq.

İran bizi məcbur edir ki, bundan sonra "real-politik" prinsipindən çıxış edək, qonşuluq maraqlarını əsla nəzərə almayaq, yalnız öz maraqlarımıza uyğun hərəkət edək.

Əslində bu bizim özümüzə də sərf edir. Çünki indi bizim daha konkret, daha açıq siyasət yürütmək imkanımız olacaq. Necə deyərlər, bundan belə İranla onun öz "dil"ində danışacayıq.

Yazının başlığında da qeyd etdiyim kimi Azərbaycan-İran münasibətləri məhz indi özünün əsas, həlledici mərhələsinə qədəm qoyur. Yaxın 2-3 il ərzində İranla münasibətlərimizdə açıq qalmış bütün məsələlərə aydınlıq gələcək, gətiriləcək. Necə deyərlər, yağı yağ, ayranı da ayran olacaq.

Bu mərhələ bizim üçün imtahan dövrü, İran üçün isə "olum ya ölüm" dövrü də sayıla bilər.

İran bu mərhələdə ya bizə qarşı ənənəvi mənfi siyasətindən əl çəkəcək, "ikili standart"lara son qoyacaq, öz siyasətini yeniləyəcək və bizimlə səmimi, normal münasibətlər quracaq, ya da köhnə stereotiplərdən əl çəkə bilmədiyinə görə bizə qarşı hazırkı anlamsız siyasətini davam etdirərək sonda öz məhvinə gətirib çıxaracaq. Çünki İranın hazırki qeyri-praqmatik siyasəti çöküşə, məğlubiyyətə aparan siyasətdir. Bu cür qaba oyun qaydaları ilə və korafəhim siyasətlə 21-ci əsrin böyük siyasət səhnəsində uzun müddət duruş gətirmək və tərəqqi etmək mümkün deyil.

Biz isə bundan sonra öz xarici siyasət doktrinamıza bir sıra korrektələr etməliyik. Yeni qonşuluq siyasəti prinsiplərinə keçməliyik.

6.3.10. gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqə çərçivəsində hazırlanıb.

Bəybala Mirzəyev

Visiontv.az