“Azad söz”lü, CİN-li mediyam...-jurnalist Jalə Mütəllimova
27.06.2020

Və ya biz “Köpək” olmaq istəmirik...

“Cin bir ailəni viran elədi, dağıtdı, taladı, evlərə girib oğurluq elədi”.

Məkan: Azərbaycan, paytaxt Bakı...

Yayım yeri: Televiziya...

Efir məkanı: ATV...

Aparıcı: Zaur Baxşəliyev...

Mövzu təxminən bu: O cini tapın...

***

İkinci efir məkanı: Sosial media, xarici radioların yerli müxbirlərinin qısa xülasələri, reportajları, canlı efirləri.

Çıxışların təxmini istiqaməti:

-Azərbaycan dağılır, söz azadlığı yoxdur, mitinqlərdə söydülər, döydülər, insanlar acdır, işsizdir, kasıbdır, siyasi mühacirlər hər gün artır, diktaturadır, məmur özbaşınalığıdır, rüşvətxorluq və korrupsiya baş alıb gedir, heç bir islahat aparılmır.

Müəllif: “Azad söz”, “Meydan TV”, “Kanal-13”...

***

Məsələ o deyil ki, onlar düz, yoxsa yalan danışır. Məsələ heç o da deyil ki, onlar konkret adamların əllərinə “oynayırlar”. Məsələ o ki, onlar bunu millətin, xalqın problemlərindən dolayı edirlər. Yəni alt məqsədlərini isbatlamaq mümkünsüzdür. Çünki ciddi faktaloji əsasları var.

Əslində kimdən, haradan maliyyə dəstəyi aldığı bəlli deyil bu KİV-lərin. Nə müxalifət kimi müxalifətə işləmirlər. Nə də dövlət kimi dövlətə. Heç hər iki düşərgəyə neytral, yəni obyektiv media gözü ilə də baxmırlar. Misionerdirlər, konkret missiyaları var.

İndi gələk bu durumun yaranma səbəblərinə. Azərbaycan efirində cin söhbət gedir. İnsanların mövqeyi vəziyyəti, problemləri haqda danışılmır. Qorxurlar, kimin haqqında danışmağa üzləri var axı? Hamısı sponsor, qohum-əqrəba, dost tanışdır. Sərhədlər qarışıb.

Bəs “Azad Söz”ün dost-tanışı yoxdurmu?

Var, amma onun bir dəyişməz prinsipi var. Azərbaycan vətəndaşının problemlərindən yapışıb, dövlətin təpəsinə dırmanmaq, onu yenmək istəyənlərin işini asanlaşdırmaq. Bunu bizdə nə qədər adam başa düşür? Aşağılarda yox, lap yuxarıların özündə. Cəmi bircə ovuc adam. Onların də səsini çıxarması mümkün deyil. Yəni “həsir basma, dolan, gəl” oynamağa məcburdurlar. O da olmur, lazım olan effekti vermir. Beləcə, dövlətin informasiya siyasəti, informasiya təhlükəsizliyi işi, ideoloji mövqeyi sıfırın altına enir hər gün bir az.

Azərbaycanın böyük efirlərində isə yetərincə sima sayılan, maliyyələşdirilən, bütün rıçaqları olan biri, çıxıb kiməsə girən cindən danışır. Düzü mənə görə “Azad söz” Azərbaycana neynirsə, ATV-də cindən danışan Zaur da onu edir.

Təsəvvür edirsinizmi? Hər gün efirə çıxıb, cindən, cindardan danış, danış, danış...

Biri çıxıb bu adamlara demir ki, sən ictimai simasan. Durduğun yer tribunadır. Sən dövlətin ideoloji təbliğatının tərkib hissəsisən. Sən həm də Azərbaycan vətəndaşını manqurtlaşdırmaq siyasətinə xidmət edən adamsan ay... nə isə...

Gələk nəticəyə...Nəticə bu olur ki, sənin yetişdirdiyin vətəndaş hamı və hər şeylə mırtlaşır. Bütün mövzuları lağ obyektinə çevirir. Ancaq qarnının tox olması üçün vuruşur. Dövləti, millət, talan olunmağı vecinə olmur. Kamil, adil olmaq istəmir. Yer kürəsinin ən möhtəşəm varlığından, INSANdan, tümtük adam düzəldirsiniz.

“Köpək” filminə baxmısınızmı? Bir insanı, insan olmaqdan necə uzaqlaşdırırlar. Onu necə köpəyə çevirirlər. Qıra-qıra, ələ sala-sala, alçalda-alçalda, hər şeydən məhrum edə-edə...

Bu günümüzlə ayaqlaşan yeganə Azərbaycan filmidir. Həm də o filmdir ki, ölkənin böyük sənətkarlarını məhrum Tofiq Tağızadə bu filmdə cəm edə bilib. Orda Yaşar Nurinin "köpək" olandan sonra, durumunu necə sadə, rahat anlatması çox dəhşətli epizoddur. 1994-cü ildə çəkilsə də cəmi bir dəfə efir üzü görən bu film, sonralar efirlərdən yığışdırılıb.

Əslində tam bir ideologiya filmidir.

Bütün bu deyilənlərin sonunda. Sözüm sizədir, cənablar! Sayğıdəyər media siyasəti, islahatı yürüdənlər. Bu yazıda, bu məhdud imkan və xırda bir pəncərədə bacarsanız dinləyin məni.

Məmləkəti “Köpək”lər ölkəsinə çevirməyin. Heç kim "köpək" olmaq istəmir. Əslində hamının “köpək” olması sizə də sərfəli deyil.

Odur ki, efirlərdən cin çıxaran adamları yığışdırın. Yazılanı oxumaqdan qeyri, söz deməyi bacarmayan aparıcılara söz demək səlahiyyəti verin. Onların şəxsiyyət kimi yetişməsinə imkan yaradın. Ölkədə media islahatının başına bu işlərdən başı çıxan, bütün camiəni tanıyan, içini bilən, hər kəsin dəyərini verəcək birini gətirin. Boşuna gələn, sonra da əl dəyişdirən, media işindən xəbərsiz adamlara, bu işi həvalə eləmək olmaz. Hərə gəlir, bir neçə milyonu göyə sovurub gedir, rahatca söyləyir ki, bağışlayın, alınmadı. Etməyin, yazıqdır, günahdır, ayıbdır.

Düzü indi bu durum ona bənzəyir ki, Vüqar Səfərli getməyib, yerindədir. Heç nə dəyişməyib yəni.

Bu o deməkdir ki, biz belə istəyirik.

Bu o deməkdir ki, illərdir bu medianın təəssübünü çəkən onlarla imza boşuna güvənib, etibar edib, qoruyub bu dövləti.

Bu, milli media adamları ilə aradakı körpüləri yandırmaq deməkdir.

Bu onlarla radikal, dini qruplaşma marağına xidmət edən KİV-lərə meydan verməkdir.

Bu boşluqlara kimləri otuzdurduğunuzun, nəyə yol verdiyinizin fərqində olun, lütfən!

Kimə meydan verdiyinizin mahiyyətinə varın!

Media siyasəti vəzifə, kreslo oyunu deyil. Bu bir məmləkətin var olmasını təmin edən ana xətt, onurğa sütunudur. Lap az qalıb, bircə “damar”. O da qırılarsa, çıxacaq dəhşətli səsdən hamı vahiməyə düşəcək. Onda siz bir-bir çağırış edəcəksiniz. Hətta adbaad, necə ki, indi yazılardan dolayı adamlarınızı yollayırsınız. Bax onda səsinizə səs verən olmayacaq. Onda “Azad söz” deyənlərə möhtac qalmaqdan başqa yolunuz da olmayacaq. Çünki onda gəlib sizi İŞĞAL edəcəklər...

***

...Allah sənə rəhmət eləsin, ya eləməsin, bilmirəm, Mirzə Cəlil. Bir onu bilirəm ki, sən bizdən mütləq bir şey gizlətmisən, yazmamısan. Yəqin biz də sənin kimi, ümid edə-edə vərəmləyib öləcəyik məmləkətdə. Günlərin birində məzarımız olan qəbristanlığın üstündən yol salacaqlar. Sümüklərimizi də balalarımızı dəhdəsinə şəlləyəcəklər, bizə iki metirlik gor yeri də verməyəcəklər. Balalarımız da sümüklərimizi bir dilafa gizləyəcək kasıb evində, ya da Zərdabinin qızı kimi çarpasıyının altına qoyacaq. Sonra o sümüklərlə danışa-danışa havalanacaqlar.

...Bizə nə boyda dərd qoyduğunun fərqindəsinmi böyük KİŞİ? Bizə mütləq bir şeyi deməliydin. Deməliydin...de-mə-liy-dinn ki...

Əslində hamımızın bilib, dilə gətirmədiyi bir şeydi bu... Əminəm, illər sonra bir gün yenə beş-on yazar sənə bu sözü deyəcək usta. Deyəcək ki, Allah sizə rəhmət eləsin, ya eləməsin bilmirik, bizə bir sözü deməmisən...

...Amma o da var ki, sən o sözü desəydin, onlarla adam özünü bu vətənə fəda eləməzdi, yetişməzdi. Fərqli peşələrdə bu qədər vətən fədaisi olmazdı. Onda da VƏTƏN dediyimiz olmazdı!.. Bilmirəm, bəlkə də yaxşı ki, deməmisən, yazmamısan onu...Hamımızın bildiyini!..Bəlkədə buna görə çərləyib ölmüsən usta. Deyə bilmədiyin üçün yox, demədiyin, deməyə dilin gəlmədiyi üçün...