Avropada artıq 20 şirkət Rusiya qazının pulunu ödəmək üçün rubl hesabı açıb - Bloomberg
13.05.2022

“Bloomberg”  məlumatlı mənbəyə istinadən xəbər verir ki, Avropada 20 şirkət Rusiyadan nəql olunan qazın haqqını rublla ödəmək üçün hesab açıb. Mənbənin sözlərinə görə, Rusiyanın “Qazprom” şirkətinin daha 14 müştərisi Rusiya Federasiyası valyutasında hesab açmaq üçün lazımi sənədləri tələb edib.

Rusiyaya qarşı sanksiyalar başlayandan bəri Aİ səlahiyyətliləri Rusiyanın enerji resurslarının rublla alınmasının qoyulan məhdudiyyətlərə zidd olub-olmaması ilə bağlı qərar verməyib. İtaliyanın baş naziri Mario Draqi mayın 11-də keçirdiyi mətbuat konfransında bildirib ki, şirkətlər sanksiyaları pozmadan qazın pulunu rublla ödəyə biləcəklər: "Qaz idxalçılarının əksəriyyəti artıq "Qazprombank"da rubl hesabı açıb". Draqinin sözlərinə görə, Almaniyanın ən böyük qaz idxalçısı da Rusiya valyutası ilə hesablaşıb.

Agentliyin həmsöhbəti əlavə edib ki, rublla ödəniş edən müştərilərin sayı əvvəlki ayda olduğu kimi dörd nəfər səviyyəsində qalıb. Onun sözlərinə görə, may ayında digər alıcılardan ödənişlər gözlənilir.

Əli Əliyev

visiontv.az