Avropa İttifaqı “turist diplomatiyası” ilə məşğul olan Minsk qrupundan fərqlənə bilər
25.11.2021

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaza marağının artmasının, bölgədə cərəyan edən proseslərdə fəal iştirak istəyinin səbəblərindən biri postmüharibə dövrünün reallıqları ilə bağlıdır.

Bu, bölgədə yeni təhlükəsizlik və əməkdaşlıq arxitekturasının formalaşmasında yer almaq niyyəti ilə əlaqədardır. Hətta Avropa İttifaqı bu prosesdə ATƏT-in Minsk qrupunu “siyasi ofsayda - oyundankənar vəziyyət"ə salmaq niyyətindədir. Əlbəttə, Aİ yeni reallıqları nəzərə alaraq sülh razılaşması, delimitasiya, kommunikasiyaların açılması ilə bağlı proseslərə töhfəsini verə bilər. 

Prezident İlham Əliyev bir müddət əvvəl Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Petr Mixalkonun etimadnaməsinin qəbulu zamanı çox vacib bir məqama toxunmuşdu. Dövlət başçısı Azərbaycanın qonşu Ermənistanla əlaqələr qurmaq istədiyini vurğulayaraq “Biz sülh razılaşması, delimitasiya, kommunikasiyaların açılması ilə bağlı danışıqlara başlamağa hazırıq. Bu proses qismən başlayıb. Lakin düşünürəm ki, əgər Avropa İttifaqı fəal iştirak etsə, - mən belə bir istəyin olduğunu görürəm, - bu, bir çox sahələrdə bizə kömək edə bilər. Ümumilikdə, Cənubi Qafqazda vəziyyət 30 il ərzində olmayan tamamilə yeni bir miqyas ala bilər. Bu da sabitlik, proqnozlaşdırılma və sülhün çox mühüm amili ola bilər”,- deyə bildirmişdi. Təbii ki, burada əsas məsələ Aİ-nin obyektiv, ikili standartlardan və selektiv yanaşmadan uzaq mövqe ortaya qoymasıdır. Çünki artıq yeni mərhələyə köhnə baxış əsasında - özünü doğrultmayan siyasi məntiqlə yanaşmaq olmaz.

İndi regionda sülh, təhlükəsizlik və əməkdaşlığın yolu dürüst siyasətdən, yaxud siyasi səmimiyyətdən keçir. Gələcəyə strateji baxışın əsas prinsipi budur. Aİ isə rasional baxış ortaya qoyaraq “turist diplomatiyası” ilə məşğul olan, “siyasi reanimasiya”dan ayıla bilməyən Minsk qrupundan öz səmərəli fəaliyyəti - faydalı təşəbbüsləri ilə fərqlənə bilər. Hər halda, mövcud reallıqlar fonunda və yeni geostrateji şəraitdə belə bir seçim Avropa İttifaqının özü üçün də siyasi prestij və əlavə iqtisadi imkanlar gətirə bilər. Xüsusilə də nəzərə almaq gərəkdir ki, Aİ yeni mərhələdə yaranmış situasiyadan geoiqtisadi imkanlarını genişləndirmək, bununla da alternativ geosiyasi güc mərkəzinə çevrilmək üçün istifadə etmək niyyətindədir...

Siyasi şərhçi Nurlan Qələndərli

Visiontv.az