“ASAN Login”də istifadəçi sayı 2 milyonu ötüb 
21.06.2021

Elektron xidmətlərin açarı hesab edilən “ASAN Login” Vahid Giriş Sistemində istifadəçi sayı 2 milyonu ötüb. 2020-ci ilin aprel ayı ilə müqayisədə https://asanlogin.my.gov.az portalında qeydiyyatdan keçənlərin sayı sürətlə artaraq istifadəçi sayı 2 dəfə çoxalıb. Buna səbəb vətəndaşların elektron xidmətlərdən daha çox istifadə etməsi, vaxt və resurslarına qənaət etmək istəyidir. 

Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən yaradılan və idarə edilən “ASAN Login”də qeydiyyatdan keçməklə vətəndaşlar bura inteqrasiya olunan bütün portalların xidmətlərindən rahat istifadə edirlər. Hazırda “ASAN Login”ə “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi” (e-Agro), dövlət satınalmalarının vahid internet portalı (e-Satınalma), “ASAN ödəniş”, e-sosial, “myGov” şəxsi kabinet əsaslı elektron hökumət platforması, Dövlət Gömrük Komitəsi  və digərləri olmaqla 28 qurum və 60-a yaxın sistem inteqrasiya edilib. 

Qeydiyyatdan keçmək üçün vətəndaşlar asanlogin.my.gov.az veb-səhifəsinə müraciət edə bilərlər. Burada vətəndaşlar üçün 4 müxtəlif qeydiyyat imkanı yaradılıb:

•    İdentifikasiya nömrəsi ilə;
•    “Asan İmza” ilə;
•    Elektron imza ilə;
•    Bank Sertifikat Xidmətləri Mərkəzinin (BSXM) imzası ilə.

Cari ilin mart ayında EHİM elektron imzası olmayan, eləcə də mobil nömrəsi öz adına olmayan vətəndaşlar üçün də elektron xidmətlərə çıxış imkanı yaradıb. Belə ki, “ASAN Login”də videoqeydiyyatdan istifadə etməklə vətəndaşlar qeydiyyatdan keçə bilirlər. Videoqeydiyyat haqqında təlimat videosuna burada baxa bilərsiniz: https://youtu.be/UCBVu2hyzv8 

Bununla yanaşı, “ASAN Login”də qeydiyyatdan keçən, amma şifrəsini unudan və mobil nömrəsini dəyişən vətəndaşlar videoyazı vasitəsilə şəxsi kabinetinə yeni mobil nömrə əlavə etməklə, şifrəni bərpa edə bilərlər. Şifrəni bərpa etməklə bağlı təlimat videosuna burada baxa bilərsiniz: https://youtu.be/25RQRegUeFQ 

EHİM tərəfindən “ASAN Login”də tətbiq edilən yenilik və innovasiyaların yekun hədəfi vətəndaşların elektron xidmətlərə çıxışını daha da asanlaşdırmaq, müxtəlif portallarda fərqli şifrə və istifadəçi adlarının unudulması ilə bağlı yaranan vətəndaş problemlərinin həlli və ümumilikdə elektron hökumətə keçidi daha da sürətləndirməkdir.  

“ASAN Login” sistemi ilə bağlı yaranan suallara https://asanlogin.my.gov.az saytında “Tez-tez verilən suallar” bölməsində baxmaq və ya 108 “Çağrı” Mərkəzindən məlumat almaqla cavab tapmaq olar. Həmçinin, ilkin pilot layihə çərçivəsində 5 saylı Bakı “ASAN xidmət” Mərkəzində fəaliyyət göstərən “Rəqəmsal xidmət pəncərəsi”nə yaranmış suallarla bağlı müraciət etmək mümkündür.

Siz də “ASAN Login”də hesab açın, bir çox xidmətlərə vahid məkandan giriş imkanı əldə edin.   

“ASAN Login” - sadə, rahat, güvənli!