"ASAN Könüllüləri" Təşkilatının "AVO MUN 2021" layihəsi başa çatıb 
03.12.2021

29 noyabr - 1 dekabr tarixində "ASAN Könüllüləri" Təşkilatının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, "UFAZ MUN" və "Global Shapers Baku Hup"un tərəfdaşlığı ilə ölkəmizdə 2 ilə yaxın müddətdən sonra həyata keçirilən ilk oflayn "AVO MUN" 2021 layihəsi baş tutub. 

Layihənin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Fransa-Azərbaycan Universitetinin direktoru, dosent Vazeh Əskərov, "ASAN Könüllüləri" Təşkilatının sədri Emiliya Bayramova və "UFAZ MUN"un sədri Səid İsgəndərov iştirak ediblər. 

Layihənin əsas məqsədi dayanıqlı insan inkişafında nailiyyətlərin əldə olunması üçün ölkə gənclərinin bacarıqlarını gücləndirmək, gənclərin siyasi, sosial, ekoloji və hüquqi biliklərini hərtərəfli inkişaf etdirmək, gənclərin qlobal siyasi müzakirələrdə fəallıqlarını dəstəkləmək üçün platformaların müntəzəm  təşkilidir. Bu səbəbdən Azərbaycanda BMT modeli (MUN) hərəkatının daha da aktivləşdirilməsi olduqca mühüm əhəmiyyət daşıyır.  

Layihə çərçivəsində "BMT-nin Baş Assambleyası Zəngəzur dəhlizinin bərpa olunması: Şərq və Qərbin cənubi Qafqaz yolu ilə birləşdirilməsi, yeni iqtisadi imkanlar" mövzusu Azərbaycan dilində və "Təhlükəsizlik Şurası – Cənubi Asiya ölkələri üçün Əfqanıstanda yeni müvəqqəti hökumət təhlükəsi" mövzusu ingilis dilində keçirilib. 

İştirakçılara əvvəlcədən təqdim edilən mövzular əsasında hər komitə üzrə iki sessiya keçirilib.
 
Birinci sessiyada təqdim edilən mövqe vərəqləri haqqında hər bir dövlət ikinci sessiyada öz fikirlərini səsləndirib. 

Region dövlətləri öz mövqelərini səsləndirdikdən sonra qətnamə hazırlanıb. 

Hazırlanan iki qətnamə arasında nəzarətsiz və nəzarətli görüşlər keçirilib. 

Sonda hər iki komitədə hazır edilmiş 2 qətnamədən biri səs çoxluğu ilə qəbul edilib. 

Sonda iştirakçılar müxtəlif nominasiyalar üzrə təltif ediliblər.

Visiontv.az