Artıq Rusiyanın Hərbi-Sənaye Kompleksi dünyaya terrorçu kimi təqdim olunur-Ərəstun Oruclu
29.08.2020

Navalnıy, "Noviçok" və Rusyada daxili siyasi mübarizə.

Keçən həftənin dünya mediası tərəfində ən geniş işıqlandırılan əsas olaylarından biri də Rusiyada fəaliyyət göstərən "Korrupsiyaya Qarşı Mübarizə Fondu"nun (ФБК) rəhbəri, blogger və siyasətçi Aleksey Navalnının zəhərlənməsi oldu. Boris Nemtsovun qətlindən sonra Navalnıy Rusiyada əsas müxalif liderlərdən birinə çevrilmişdi.

Qısaca, verilən rəsmi məlumatlara görə hadisə belə olmuşdu: Tomskdan Moskvaya uçan Navalnının halı kəskin pisləşir və təyyarə Omskda təcili eniş edir. Xəstəxanaya çatdırılan Navalnıy reanimasiyaya yerləşdirilir və süni koma şəraitində süni tənəffüs rejiminə keçirilir. Ardınca həkimlər tərəfindən onun səhhət durumu haqda müntəzəm olaraq ziddiyyətli məlimatlar verilir.

Bundan sonra isə beynəlxalq ictimai reaksiya güclənir, Almaniya Navalnının müalicəsini öz üzərinə götürür və həmən bu ölkədən həkim briqadası ilə birlikdə xüsusi təyyarə gəlir. Omska təyyarənin gəlişindən sonra da mübahisələr davam edir və nəhayət, həkimlər (əslində isə RF hökuməti) pasientin aparılmasına razılıq verirlər.

Navalnının Almaniya gətirilməsindən bir qədər sonra alman həkimlər açıqlama verirlər ki, o, artıq dünyaya bəlli olan "Noviçok"la zəhərlənib və bunu 12 müstəqil ekspertiza təsdiqləyib. Açıqlamanın ardınca ABŞ Ticarət Departamenti Rusiyanın 5 elmi-tədqiqat institutuna qarşı sanksiyalar tətbiq edir.

Sanksiyaların səbəbi kimi Rusiyanın Hərbi-Sənaye Kompleksilə bağlı olan həmin institutların kimyəvi silah hazırlanmasında və istehsalında iştirakı göstərilir. Bu yerdə xatırlatmaq yerinə düşərdi ki, "Noviçok" zəhəri 2018-ci il martın 4-də Böyük Britaniyanın Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin (ГРУ) keçmiş əməkdaşı Sergey Skripalın və onun qızı Yuliya Skripalın zəhərlənməsindən sonra gündəmə gəlmiş və uzun müddət geniş müzakirə predmeti olmuşdu.

Britaniya təhqiqatçıları əməliyyatın keçirilməsində elə həmin QRU-nun (ГРУ) iki əməkdaşının iştirakının olmasını iddia edirlər. Beləliklə, bu gün "Noviçok" beynəlxalq gündəmə yenidən gəlir və təbii ki, ardınca da Rusiyanın hərbi kəşfiyyatı olan QRU-nu hədəfə gətirir. Bir o fərqlə ki, bu dəfə artıq konkret sanksiyalar mexanizmi də işə düşür.

Maraqlıdır ki, Rusiyanın daxilində siyasi mübarizənin kəskinləşdiyi və onun əlamətlərinin (Rusiyadakı Konstitusiya islahatları, davamlı Xabarovsk etirazları və s) artıq açıq görünməyə başladığı bir vaxtda belə bir əməliyyat və onun nəticələri kimə daha çox dividendlər gətirə bilərdi?

Məlumdur ki, real müxalifətin zəif olduğu Rusiyada (həm də bu tip ölkələrdə və məsələn, elə bugünkü Azərbaycanda da) əsas siyasi mübarizə hakimiyyətdaxili qruplar arasında gedir və Moskvada mübarizə FSB, SVR kimi xüsusi xidmət orqanları və oliqarxiya ilə təmsil olunan Kremllə ölkənin nəhəng Hərbi-Sənaye Kompleksi (HSK) arasında gedir.

Görünən həm də budur ki, tərəflər arasında (hələlik) pərdəarxası gedən mübarizə kəskinləşdikcə onun əlamətləri və fəsadları da daha çox üzə çıxmağa başlayır. Görünür, bu mənada "Noviçok"un yenidən və bu dəfə də ölkənin xaricində gündəmə gəlməsi həmin mübarizəyə təsirsiz ötüşməyəcək.

Artıq Rusiyanın HSK dünyaya terrorçu kimi təqdim olunur (əslində o, belə də var) və şübhəsiz ki, bu da onun hakimiyyətdaxili mübarizədə mövqelərini ciddi şəkildə sarsıdır. Çünki sanksiyaların davamının gəlməyəcəyinə heç kim təminat verə bilməz. Yeri gəlmişkən, elə təkcə Ukraynaya təcavüzə görə HSK-nə bağlı onlarla şirkət, bank və digər qurum da beynəlxalq sanksiyalar altındadır.

Təbii ki, bütün bu prosesdə çoxsaylı suallar da üzə çıxır ki, onların cavabını hələlik ancaq ehtimal etmək olar. Məsələn, Rusiya hökuməti Aleksey Navalnının Almaniyaya aparılmasına razı deyildisə, o zaman alman sanitar təyyarəsinin Omska gəlməsinə icazəni kim və niyə vermişdi?

Rusiyanın dövlət rəhbərləri hadisənin məqsədli zəhərlənmə olduğunu bilərək (təbii ki, bunu da bilirdilər), Navalnının Almaniyaya aparılmasına ümumiyyətlə niyə razılıq verirdilər? Nemtsovdan dəfələrlə kiçik siyasi fiqur olan Navalnıy öl(dürül)səydi guya, nə baş verəcəkdi ki?

Bütün bu suallardan belə bir nəticə çıxmırmı ki, Kreml daxili hərbçi opponentlərinə qarşı xarici "dəstəkdən" də istifadə edir? Mümkündürmü ki, elə bir çox xarici dövlətlər də Rusiyadakı mövcud hakimiyyət ierarxiyasının qalmasında maraqlıdır? Əvvəl də yazdığım kimi, fasadın (Putinin) dəyişməsi şərtilə əlbəttə.

Təbii ki, bu, hələlik ancaq ehtimaldır, amma hər bir ehtimalın da doğru çıxmaq ehtimalı var.

Amma burada bir məqam da var. Bu, Belarus etirazlarının Rusiya hakimiyyətində yaratdığı xofdur. Belə görünür ki, lidersiz qalmış Belarus etirazlarının hələ də uğur qazana bilməməsi Rusiyada da hadisələrin bu yöndə inkaşf edəcəyi halda Kreml üçün cəlbedici görünür.

Çünki bu halda Navalnıy həmin meydanda görünən liderlərdən ola bilərdi.

visiontv.az